YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pərvin Kərimzadə: Regionların inkişafı dövlət siyasətinin əsas istiqamətlərindəndir

“Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dinamik inkişaf edir, bütün sahələr üzrə nailiyyətlər əldə olunur. Bu baxımdan, respublikamızın regionlarının sosial-iqtisadi inkişafı da xüsusi qeyd edilməlidir. Respublikamızın regionlarında sosial-iqtisadi durumun daha da yaxşılaşdırlması, şəhər və rayonlarımızın inkişafının təmin edilməsi müxtəlif vaxtlarda qəbul edilən Azərbaycan Respublikası regionlarının müvafiq dövrlər üzrə sosial-iqtisadi inkişafını müəyyən edən Dövlət proqramlarına əsasən həyata keçirilir. Məhz Dövlət proqramları əsasında həyata keçirilmiş genişmiqyaslı tədbirlərin nəticəsi olaraq respublikanın bütün şəhər və rayonları müasirləşir, abadlıq-quruculuq işləri həyata keçirilir, böyük infrastruktur layihələri icra edilir, yeni iş yerləri yaradılır, nəticə etibarı ilə vətəndaşların sosial rifahının yüksəldilməsində müsbət nəticələrə nail olunur”.

Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyev regionların inkişafı məsələsinə hər zaman xüsusi diqqət göstərir, bu istiqamətdə həyata keçirilən tədbirlərin gedişatı ilə birbaşa maraqlanır, tapşırıq və tövsiyyələrini verir. İyulun 25-də Prezident İlham Əliyev Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən regionların inkişafı məsələsini  xüsusi vurğulayıb. Dövlətimizin  başçısı regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində bütün rayonlarda aparılan geniş abadlıq-quruculuq işlərindən, icra edilən böyük infrastruktur layihələrindən söz açıb, görülən işlər nəticəsində uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsinin aradan qalxdığını  diqqətə çatdırıb.

Pərvin Kərimzadənin sözlərinə görə, cənab Prezident yeni təyin edilmiş icra başçılarına daim insanlarla təmasda olmağı tövsiyə edib, vətəndaşları narahat edən problemləri həll etməyi tapşırıb. Xüsusilə, qazi və şəhid ailələrinə qayğı ilə yanaşılmalıdır. Çünki məhz bu qəhrəmanlarımız sayəsində torpaqlarımız işğaldan azad olunub. Hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu kateqoriyadan insanlara xüsusi qayğı ilə yanaşır və bu, bütün məmurlar üçün nümunə olmalıdır. Bütövlükdə, cəmiyyətimiz bu məsələdə hər zaman fəal olmalıdır. Vəzifəsinin öhdəsindən gəlməyən, qanunsuzluğa yol verən məmurlar isə bundan sonra qanun çərçivəsində cəzalandırılacaqlar. Dövlət başçısının dediyi kimi, heç kim qanundan üstün deyil. Eyni zamanda, sosial ədalət prinsipinə əməl edilməlidir. Çünki sosial ədalət, bütövlükdə ədalət prinsipləri cəmiyyətin əsas prinsiplərindən biridir və sağlam cəmiyyətdə ədalət hökm sürür. Biz isə sağlam cəmiyyət qururuq və demək olar ki, bu işdə müvəffəqiyyətlər qazanmışıq. Bu gün Azərbaycan cəmiyyəti həmrəylik nümayiş etdirir, Azərbaycan cəmiyyəti ölkədə gedən prosesləri dəstəkləyir. Çünki dövlətimizin siyasəti Azərbaycan xalqının rifah halının yüksəlməsinə, dünya miqyasında ön sıralarda dayanmağımıza xidmət edir.

Millət vəkili deyib ki, Azərbaycanın regionlarının iqtisadi potensialı çox böyükdür və bölgələrin daha da inkişafı üçün davamlı olaraq addımlar atılır. Bu da nəticə etibarilə dövlətimizin iqtisadi gücünün artmasına, əhalinin rifah halının yüksəlməsinə xidmət edir. Prezident İlham Əliyevin yeni icra başçılarını qəbul edərkən verdiyi tövsiyə və tapşırıqlar isə bölgələrimizin daha sürətli inkişafına təkan verəcək.