YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin yeni başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən Prezident İlham Əliyev ölkədə bu vaxta qədər görülmüş işlər, həmçinin bundan sonra qarşıda dayanan vəzifələr haqqında geniş məlumat verdi. Son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görülüb, böyük infrastruktur layihələri icra edilib və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qaldırılıb. Elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olunub, hər rayonda müasir xəstəxana, tibb ocaqları, bir çox məktəblər inşa edilib. Bütün bunlar  qəbul olunmuş Dövlət Proqramlarının müsbət nəticələri olaraq qeyd edilməlidir. İnfrastruktur layihələri davamlı olaraq icra edilir.

İnfrastruktur layihələrinin icra edilməsi, eyni zamanda, yeni iş yerlərinin yaradılmasına xidmət göstərir. Bölgələrdə həyata keçirilən bütün quruculuq işlərində sahibkarlar da fəal iştirak edirlər. Bu əsasda yeni iş yerlərinin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Belə ki, ölkə əhalisinin sayında davamlı artım dinamikası qeydə alınır. Əgər Azərbaycan müstəqilliyə qovuşanda əhalinin sayı 7 milyondan bir qədər çox idisə, bu gün 10 milyondan çoxdur. Bu, təbii olaraq tələb edir ki, iş yerlərinin açılması prosesi daimi xarakter alsın. Son illər ölkədə ödənişli sosial işlərin yaradılması da geniş vüsət almışdır.

Qəbul zamanı Prezident İlham Əliyev bir neçə rayonunun keçmiş icra başçılarının törətmiş olduqları qanunsuz əməllərə diqqət çəkərək onların cinayət məsuliyyətinə cəlb edildiklərini bildirməklə heç kimin qanundan üstün olmadığını qeyd etdi. Ölkə başçısı vurğuladı ki, icra başçıları daim insanlarla təmasda olmalıdırlar. Onlar  bütün kəndlərdə olmalı, kənd camaatının qayğıları ilə yaşamalı, insanları narahat edən problemləri onların dilindən eşitməli və imkan daxilində bu problemləri həll etməlidirlər. Həqiqətən də, əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmaz. Ümumiyyətlə, icra başçıları öz fəaliyyətlərində sosial ədalət prinsipinə əməl etməlidirlər. Ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətin də mərkəzində məhz Azərbaycan vətəndaşı və sosial ədalət prinsipləri dayanır. Həyata keçirilən siyasət Azərbaycan xalqının rifah halının yaxşılaşmasına istiqamətləndirilib və bu siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu davamlı olaraq  güclənir.

Prezident İlham Əliyev yeni təyin edilmiş icra başçıları qarşısında vəzifələri müəyyənləşdirərkən ilk olaraq şəhid ailələrinə xüsusi diqqət göstərilməli olduğunu bildirdi. Dövlətimiz tərəfindən şəhid ailələrinə bu diqqət daim göstərilir. İkinci Qarabağ müharibəsindən əvvəl və İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələri daim diqqət mərkəzindədir. Şəhid ailələrinin və müharibə əlillərinin məişət problemləri dövlət xətti ilə həll olunur. Şəhid ailələrinə dövlət tərəfindən mənzillər, fərdi evlər və minlərlə minik maşınları verilmişdir. Bu proses davam etdirilir. Bakı, Sumqayıt və Abşeron rayonlarında şəhid ailələrinin evlə təminatı məsələləri artıq yekunlaşmaq üzrədir. Ölkə başçısı qeyd etdi ki, digər rayonlarda da dövlət xətti ilə müvafiq işlər görüləcək. O cümlədən şəhid ailələrini, müharibə əlillərini işlə təmin etmək üçün çoxsaylı tədbirlər həyata keçirilir. Rayon icra orqanlarının nümayəndələri də bu kateqoriyadan olan insanlara biganə qalmamalı, əksinə, daim onların yaşayışı ilə maraqlanmalıdırlar. Heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan Azərbaycanın qəhrəman əsgər və zabitləri olub. Onlar öz canlarını fəda edib, sağlamlıqlarını itirib, heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə onlara arxa, dayaq olmaq hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur.

Göygöl, Masallı və Lerik rayonlarının həm turizm potensialının çox zəngin olmasına, həm də hər üç rayonda kənd təsərrüfatının inkişafı üçün çox gözəl imkanların olmasına diqqət çəkən ölkə başçısı bu isitqamətlərdə görülən və görülməli olan işlərdən də bəhs etdi. Bu işlərdə sahibkarlara geniş imkanlar yaradılmalı, icra başçıları özləri sahibkarları rayonlarda bu sahələrə cəlb etməlidirlər. Təəssüf ki, bəzi hallarda sahibkarlar qarşısında müəyyən qanunsuz, əsassız tələblər irəli sürülür. Prezident İlham Əliyev bu, eyni zamanda torpaqların qanunsuz zəbt edilməsi prosesi ilə bağlı ciddi xəbərdarlıqlar da etdi. Kiminsə tamahına, kiminsə şəxsi maraqlarına görə ölkəmizin uğurlu inkişafına kölgə sala bilmərik, deyərək qeyd edən ölkə başçısı qanunsuz işlərlə məşğul olmaq istəyənlərin cəzalandırılacağını qəti surətdə bəyan etdi. Həmçinin bu əsasda Prezident İlham Əliyev müasir idarəetmə qaydalarının tətbiq edilməsinə, eləcə də ictimai nəzarətin vacibliyinə diqqət çəkdi. Hər bir rayonda, hər bir yerdə müasir idarəetmə qaydaları tətbiq olunarsa, bir çox problemlər aradan qaldırılacaq. Eyni zamanda, rayonlarda işlərin daha yaxşı getməsi üçün ictimai nəzarət olmalıdır. İctimai nəzarət, ictimaiyyətin fəallığı, mövcud olan problemlərə dövlət orqanlarının diqqətinin cəlb edilməsi fəaliyyəti daha effektiv edə bilər.