YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ramil Orucov: Dilimizin saflığının qorunması daim diqqət mərkəzindədir

“Dünyanın ən mötəbər kürsülərində çıxışlarını Azərbaycan dilində səsləndirilən dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dilinin saflığının qorunmasında, hərtərəfli inkişafında, ümumişlək dilə, dövlət dilinə çevrilməsində, diplomatiya aləminə yol açmasında əvəzsiz rolu olub”.

Bu fikirləri YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov bildirib.

O qeyd edib ki,  1969-cu ilin iyulundan başlayan, Azərbaycanı zəfərdənzəfərə aparan Heydər Əliyev yolu Azərbaycan dilinin xilaskarı kimi tariximizə öz əbədi imzasını atdı. 1969-1982-ci illərdə Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu müddətdə bütün sahələr üzrə misli görünməmiş qazanılan uğurlarla yanaşı milli-mənəvi dəyərlərimizin qorunmasında, inkişafında mühüm rolu olan ana dilimiz dövlət dili kimi təsbit edildi”.

Ramil Orucov vurğulayıb ki, ana dilimiz xalqımızın keçdiyi bütün tarixi mərhələləri keçərək onunla eyni taleyi yaşayıb. Kommunist rejiminin sərt qaydalarına baxmayaraq öz xalqını, millətini böyük məhəbbətlə sevən Ümumilli Lider Heydər Əliyev ötən əsrin 70-ci illərində ana dilinə dövlət dili statusunun verilməsi uğrunda cəsarətlə, qətiyyətlə mübarizə aparıb və məqsədinə nail olub. 1978-ci ildə Azərbaycan SSR Ali Sovetinin VII sessiyasında Ulu Öndər Heydər Əliyev tərəfindən Azərbaycan Respublikası Konstitusiya layihəsinin 73-cü maddəsinə belə bir təklif olunub: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Nəticədə bu məsələ Azərbaycan SSR Konstitusiyasında öz əksini tapıb, Azərbaycan dili dövlət dili statusunu alıb. “Tarixi şəxsiyyət Heydər Əliyevin dil məsələsində mövqeyi, cəsarəti, qətiyyəti, böyük zəhməti sayəsində ölkədə milli dillərin sıxışdırılması siyasətinin yeridildiyi bir zamanda ana dilinin dövlət dili kimi yaşamaq hüququ bərpa edildi. “Dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir” – deyən Ümummilli Lider Heydər Əliyev xalq qarşısında ən böyük bu tarixi xidməti ilə gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorudu.

“Ulu Öndər Heydər Əliyev ana dilimizin problemlərini daim diqqət mərkəzində saxlayıb və bu yöndə bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə nail olub. Dahi şəxsiyyət Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalayır. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Sözügedən Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılır. 2002-ci il 30 sentyabr tarixində “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilir. Bu Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Həmin Qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır” ,- deyə Ramil Orucov əlavə edib.

YAP Gəncə şəhər təşkilatının sədri qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin dil siyasətini, dilimizin inkişafı yolunda göstərdiyi tarixi xidmətləri uğurla davam etdirən Prezident İlham Əliyev dilimizin qorunması və inkişafına böyük həssaslıqla yanaşır. Dövlət başçısının bu sahədə imzaladığı fərman və sərəncamlar ana dilimizin saflığının qorunması və inkişafı istiqamətində əhəmiyyətli addımların davamıdır.