YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən müharibəsi qəhrəmanı YAP-a üzv olmaq üçün müraciət edib

Azərbaycanın ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmanlıqla döyüşərək “Vətən müharibəsi qəhrəmanı” adını qazanan Yaqubov Vüsal Elşən oğlu Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün partiyanın Sumqayıt şəhər təşkilatına müraciət edib.

Müraciət zamanı YAP İdarə Heyətinin üzvü, partiyanın Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov Vüsal Yaqubovla görüşərək Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi şücaət və qazanılan şanlı Qələbə haqqında danışıb. Ramiz Hüseynov qeyd edib ki, şəhidlərimiz, qazilərimiz, Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabit heyəti Vətən müharibəsində sözün əsl mənasında müstəqillik tariximizin yeni, şərəfli səhifələrini qızıl hərflərlə yazıblar.

R.Hüseynov V.Yaqubova göstərdiyi şücaətə görə təşəkkür edərək hər zaman dövlətin qazilərin, şəhid ailələrinin və müharibə iştirakçılarının yanında olduğunu bildirib.

Söhbət zamanı Vüsal Yaqubov Prezident, Ali Baş Komandan İlham Əliyevin son 18 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyindən və gənclərin müharibə vaxtı göstərdiyi şücaətdən danışaraq Azərbaycan xalqının 30 illik əsarətdən necə xilas olduğunu bir daha xatırladıb. O, göstərilən diqqət və qayğıya görə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olan Vüsal Yaqubov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Yaqubova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib. Bundan əlavə Vüsal Yaqubov Şuşanın, Cəbrayıl və Füzuli rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə də təltif edilib.