YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaponiyanın “World Investors TV” internet televiziyasında “Bakı-2015” ilk Avropa Oyunlarına həsr olunan veriliş yayımlanıb

Yaponiyanın “World Investors TV” internet televiziyasında “Bakı-2015” ilk Avropa Oyunlarına həsr olunan veriliş yayımlanıb.

Aparıcı, televiziyanın baş prodüseri Kazuyasu İşida “Baku-2015” Avropa Oyunlarına möhtəşəm hazırlıq tədbirlərindən danışıb. Oyunlar ərəfəsində Bakını bir neçə dəfə ziyarət etdiyini bildirən aparıcı, hazırlıq işlərinin yüksək səviyyədə təşkilini və birinci Avropa Oyunlarının möhtəşəm idman tədbiri olacağını diqqətə çatdırıb. Vurğulayıb ki, oyunların keçirilməsi üçün inşa edilmiş yeni idman obyektləri həm sayı, həm də funksionallığı və gözəlliyi ilə diqqəti cəlb edir.

K.İşida aprelin 26-da Avropa Oyunlarının ilk məşəlinin alovlandırılması mərasimi haqqında da məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin məşəli alovlandırması ilə oyunların həyəcanı artıq Avropanın hər yerində hiss olunmağa başlayıb.

Aparıcı vurğulayıb ki, idmanı dəstəkləmək və inkişaf etdirmək Azərbaycanın milli prioritetləri sırasındadır. Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın son illər beynəlxalq miqyasda qazandığı nüfuzun təsdiqidir. K.İşida bu yarışmanın möhtəşəm idman tədbiri olacağına əminliyini ifadə edib. Avropa cüdo çempionatının da oyunlara əlavə edilməsi bunun daha bir sübutudur.

Y.İşida, həmçinin Azərbaycanın turizm potensialından bəhs edərək, burada həm Qobustan, Yanar dağ, İçərişəhər kimi tarixi obyektlərin olduğunu, həm də Bakının öz müasir görkəmi və gecə işıqlandırılması ilə gələnləri heyran qoyduğunu bildirib. Paytaxt Bakının sürətli inkişafından bəhs edən aparıcı, Azərbaycanın qısa zamanda əldə etdiyi uğurların təqdirəlayiq olduğunu vurğulayıb.

Verilişin sonunda K.İşida tamaşaçıları möhtəşəm idman tədbirini izləmək üçün Bakını ziyarət etməyə dəvət edib.