YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın siyasəti milli maraqlara əsaslanır

Vahid Əliyev

YAP Xocalı rayon təşkilatının sədri

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tam müstəqil siyasət aparır. Dünya dövlətləri və nüfuzlu  beynəlxalq təşkilatlarla bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə əsaslanan qarşılıqlı münasibətlərə üstünlük verilir və milli maraqlara uyğun olan əlaqələrin qurulması istiqamətində davamlı iş aparılır. Aparılan ardıcıl və məqsədyönlü siyasət sayəsində 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad edildi və ölkəmizin ərazi bütövlüyü təmin olundu. Qələbəmiz dünya dövlətləri arasında Azərbaycanın nüfuzunu daha da artırdı və eyni zamanda yeni reallıqlar yaratdı.

Azərbaycanın yerləşdiyi coğrafi məkan, sərgilədiyi müstəqil siyasət, malik olduğu təbii resurslar və dünyada mövcud olan hərbi, siyasi və iqtisadi reallıqlar Azərbaycana olan marağı artırır. “Köhnə qitə” adlandırılan, inkişaf etmiş dövlətlərin yerləşdiyi Avropa ilə Azərbaycan arasında münasibətlər getdikcə dərinləşir. Avropa dövlətləri ilə təmaslar davamlı olaraq yüksələn xətlə inkişaf edir.  Ölkəmiz Avropa dövlətləri  və müvafiq qurumları ilə əməkdaşlıqda maraqlıdır və bu respublikamıza əlavə dividendlər  gətirir.  Milli və dövlət maraqlarını hər şeydən üstün tutan Prezident İlham Əliyev bu sahədə də qətiyyətli mövqe ortaya qoyaraq Avropa İttifaqı və Avropa Komissiyası ilə əməkdaşlığı dərinləşdirmək  istiqamətində ardıcıl siyasət həyata keçirir.  Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin Azərbaycana səfəri, səfər çərçivəsində Azərbaycanla Avropa Komissiyası arasında Memorandumun imzalanması tərəflərin bu əlaqələrin daha da dərinləşməsində maraqlı olduğunu təsdiq edir. Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin 18 iyul tarixli birgə bəyanatlarında  əlaqələrin inkişafında tərəflərin nə qədər maraqlı olduqları özünü açıq şəkildə göstərdi. Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış Memorandum tərəflər arasında əlaqələri daha da dərinləşdirməklə yanaşı, respublikamızın inkişafı üçün yeni imkanlar yaradır və eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunu müstəsna dərəcədə artırır. 2027-ci ilə Azərbaycandan Avropaya nəql ediləcək təbii qazın həcminin 2 dəfə artıraraq 20 milyard kub metrə çatdırılması nəzərdə tutulmuşdur. Gələcəkdə Orta Asiya türk dövlətlərinin bu xətt üzrə Azərbaycandan Avropaya nəql edilməsi hesabına da ölkəmiz əlavə iqtisadi imkanlar əldə edəcək və tranzit dövlət statusunu  daha da genişləndirə biləcəkdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə icra olunmuş mühüm kommunikasiya və logistika  layihələri  Azərbaycanı tranzit ölkəyə çevirməyə imkan verir.

Avropa Komissiyası ilə imzalanmış Memorandum  Azərbaycana yeni elmi nəaliyyətlərin,  mütərəqqi texnelogiyaların gətirilməsinə də müsbət təsir göstərəcək. Prezident İlham Əliyev Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenlə birgə keçirdiyi tədbirdə Azərbaycanın malik olduğu alternativ bərpaolunan enerji resurslarından danışaraq  gələcəkdə bu resurslardan istifadə imkanlarından bəhs etdi. O vurğuladı ki, Azərbaycanın iqlim şəraiti günəş və külək enerjisindən istifadə üçün əlverişlidir. Artıq Azərbaycanda günəş və külək enerjisindən istifadə olunmağa başlanılmışdır. Qarabağda bərpa və yenidənqurma prosesində bu tipli layihələrə üstünlük veriləcək.