YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rola malikdir

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri

İkinci Qarabağ müharibəsində əldə edilən qələbədən sonra Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri yüksələn xətt üzrə inkişaf edir. Hazırda bu əlaqələrin şaxələndirilməsi ilə bağlı geniş müzakirələr aparılır və artıq real razılaşmalar əldə olunub.

İyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” tərəflər arasındakı əməkdaşlığı daha yüksək səviyyəyə çatdıqmaq istiqamətində atılmış növbəti əhəmiyyətli addımdır. İmzalama mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata verdiyi bəyanatında qeyd etmişdir ki, yeni imzalanmış Memorandum Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış birinci sənəd deyil. Belə ki, 2006-cı ildə tərəflər arasında Anlaşma Memorandumu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyanat imzalanıb. Bu isə o deməkdir ki, Azərbaycan–Avropa İttifaqı qarşılıqlı əməkdaşlığının kifayət qədər uğurlu tarixçəsi və real nailiyyətləri vardır. Dövlət başçımızın dediyi kimi, Azərbaycanın başlatdığı demək olar ki, bütün enerji layihələri Avropa İttifaqı tərəfindən dəstəklənib və nəticə etibarı ilə bu layihələr Avropanın enerji xəritəsini tamamilə dəyişir. “Bu gün Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq mövcuddur ki, bu da böyük nailiyyətdir”. Qeyd edək ki, Avropa İttifaqı ilə əlaqələrin əsası 4 iyun 1996-cı il tarixində “Şahdəniz” qaz-kondensat yatağına dair Hasilatın Pay Bölgüsü Sazişi imzalanması ilə qoyulub. 2011-ci ildə Aİ və Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat imzalayıb. Birgə Bəyanat TANAP və TAP-la bağlı Hökumətlərarası Sazişlərlə birlikdə uzunmüddətli qaz satış müqavilələri üçün zəmin yaratdı. 2012-ci il iyunun 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyənin Baş naziri Rəcəp Tayyip Ərdoğan TANAP-la bağlı müqavilə imzalayıb. 2014-cü il sentyabrın 20-dəCənub Qaz Dəhlizinin təməli qoyulub. 17 mart 2015-ci ildə Türkiyənin Qars şəhərində TANAP-ın təməlqoyma mərasimi keçirilib və boru kəmərinin inşasına başlanılıb. 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib və boru kəmərinin inşasına başlanılıb. 29 may 2018-ci il tarixində Bakıda “Cənub Qaz Dəhlizi”nin, 12 iyun 2018-ci il tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı olub. 30 iyun 2018-ci ildə ilk kommersiya qazının Trans-Anadolu (TANAP) boru kəməri ilə Türkiyəyə göndərilməsinə başlanılıb. 30 noyabr 2019-cu ildə TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Azərbaycan təbii qazının 31 dekabr 2020-ci ildə TAP vasitəsilə Avropa bazarına tədarükünə başlanılıb.

Qeyd etdiklərimiz bir daha sübut edir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rola malikdir. Bu əlaqələrin yüksələn xətlə inkişafı böyük əhəmiyyət kəsb edir.