YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan möhtəşəm nailiyyətlərə imza atır

Həbib Misirov

YAP Kəlbəcər rayon təşkilatının sədri

İyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə dövlətimizin son altı ayda həyata keçirdiyi xarici və daxili siyasət xətti geniş planda müzakirə edilibdir. Son bir ilin mənzərəsini təhlil etsək, bu müddətin ölkəmiz üçün yeni layihələrin icrası baxımından uğurlu olduğunu deyə bilərik. Ümumilikdə Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan dinamik inkişaf yolunda inamla irəliləyir. Dövlətimizin artan beynəlxalq nüfuzunun və beynəlxalq arenada fəallığının güclənməsini vurğulamaqla cənab Prezident tərəfindən açıqlanan göstəricilər ölkəmizin dinamik inkişaf yolunda olduğunu bir daha sübut edir.

BMT-dən sonra dünyanın ən böyük təsisatı olan Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyinin yekdil qərarla 2023-cü ilə qədər uzadılması, Bakıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması, Azərbaycanla Avropa İttifaqı arasında enerji təhlükəsizliyi üzrə yeni sənədin imzalanması, Azərbaycan-ABŞ əlaqələrinin genişlənməsi, türk dövlətləri ilə münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ölkəmizin diplomatik uğurlarının artan göstəricisidir.

Prezident İlham Əliyev müşavirədə daha çox son altı ayda Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində rəsmi İrəvanın məcburən üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməməsi məsələlərinə toxundu. Dövlətimizin başçısı haqlı olaraq qeyd etdi ki, iqtisadi və kommunikasiya xətlərinin açılması üzrə işçi qrupunun yaradılmasına baxmayaraq, Ermənistan bu günə qədər nə Zəngəzur dəhlizinin Mehri hissəsində tikiləcək dəmir yolunun texniki-iqtisadi əsaslandırılmasını, nə də avtomobil yolunun marşrutunu təqdim etməyib. Həmçinin Ermənistan 2020-ci noyabrın 10-da imzaladığı Bəyannamənin 4-cü bəndinə əməl etməyib. Hazırkı mərhələdə Qarabağ problemini Azərbaycan özü Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi həll etdiyi üçün Minsk qrupunun fəaliyyətinə də ehtiyacın qalmadığı vurğulanıb.

Dövlətimizin başçısının müşavirədə qeyd etdiyi əsas nüanslardan biri də bəzi ölkələrdən fərqli olaraq, Azərbaycanın xarici borcunun minimum səviyyədə olmasıdır. Prezident İlham Əliyev bir daha qeyd etdi ki, pandemiyadan və müharibədən yenicə çıxmış bir dövlət olaraq Azərbaycan bütün bərpa işlərini öz hesabına həyata keçirir.

Həm 44 günlük Vətən müharibəsi zamanı, həm də bu gün Azərbaycanın yürütdüyü müstəqil siyasətin təməlində dayanan amillərdən biri, ölkə başçısının vurğuladığı kimi, məhz iqtisadi müstəqillikdir. İqtisadi sahədə aparılan islahatlar imkan verir ki, bu gün Azərbaycan öz müstəqil daxili və xarici siyasətini uğurla aparır.

Bu altı ay ərzində ölkə başçısının birbaşa rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi, hərbi sahədə də islahatlar aparılıb. İmzalanan yeni kontraktlar, alınan texnika və silah-sursatlar onu göstərir ki, biz ordu quruculuğu sahəsində öz işlərimizi davam etdiririk. Bizim bu il artan iqtisadi və maliyyə imkanlarımızın bir hissəsi məhz bu məsələlərə istiqamətləndirilib.

Ordu quruculuğu prosesində əlbəttə ki, hərbçilərin sosial müdafiəsi, onların mənzil-məişət problemlərinin həlli, xidmət şəraitinin yaxşılaşdırılması xüsusi yer tutur.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, əsgər və zabitlərin xidmət şəraitinin müasirləşdirilməsi ilə yanaşı, hər cür infrastrukturu olan hərbi şəhərciklərin tikilməsi, hərbi qulluqçuların sosial məsələlərinin həlli, onların əməkhaqlarının davamlı olaraq artırılması, verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi, hərbçilərin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət problemlərinin həlli də daim dövlətin diqqət mərkəzindədir və bu istiqamətdə ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirilir.

Əlbəttə ki, müharibədə qəhrəmanlıq göstərmiş hərbçilərin sosial problemləri daim diqqət mərkəzindədir və ölkə başçısı tərəfindən müvafiq göstərişlər verilibdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu müddət ərzində, müharibədən sonrakı dövr ərzində böyük işlər görüb. Müharibədə əlil olmuş demək olar ki, bütün hərbçilər artıq ən müasir protezlərlə təmin olunublar.

Yaradılmış ən müasir texnologiyalarla təchiz olunmuş Reabilitasiya mərkəzlərində müharibə əlilləri və veteranlar, həmçinin şəhid ailələri üçün məşğulluq marafonları keçirilir. Ümumiyyətlə, bu kateqoriyadan olan insanları fəal işə cəlb etmək üçün böyük işlər görülür.

Ali Baş Komandan cənab İlham Əliyev də müşavirədə də qeyd edibdir ki, “Müharibədən sonra bir çox şəhid ailələrinə və müharibə əlillərinə dövlət tərəfindən mənzillər verildi və hesab edirəm ki, bu il Bakı şəhərində bu məsələ artıq tam həll olunacaq. Keçən il 3 min mənzil və fərdi ev verilmişdir, bu il 1500 mənzil və ev verilir. Bütövlükdə, Birinci və İkinci Qarabağ müharibələrinin şəhid ailələrinə və müharibə əlillərinə 12 min 500 mənzil verilib.”

Dövlətimizin başçısının bu istiqamətdə müvafiq Fərman və sərəncamları əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi baxımından müstəsna əhəmiyyətə malikdir.

Bütövlükdə isə, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan möhtəşəm nailiyyətlərə imza atır. Qlobal məkanda yaranan çağırışlara uyğun yeni sosial-iqtisadi inkişaf hədəflərinin müəyyənləşdirilməsi dünya ölkələri üçün son dərəcə aktual məsələyə çevrilib. Bununla belə,  yeni iqtisadi şəraitdə də ölkəmiz inkişafa istiqamətlənib. Bu baxımdan Azərbaycanda Prezident İlham Əliyevin yaranan yeni çağırışlara və ölkənin reallıqlarına uyğun qəbul etdiyi mühüm qərarlar, imzaladığı müvafiq Fərman və sərəncamlara əsasən milli prioritetlərimiz aparılan bütün islahatlarda böyük aktuallıq daşıyır.