YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqımızın rifahı naminə

Mirsüleyman Mirxaslı

YAP Cəlilabad rayon təşkilatının sədri

2022-ci ilin 6 ayının yekunlarına həsr olunmuş müşavirə həm  ölkə əhalisinə, həm beynəlxalq ictimaiyyətə çağırışlarla zəngin idi. Məqsəd - həm keçmişə, həm bu günə, həm də gələcəyə baxış idi. Bütün istiqamətlərdə dövlət siyasətinin yekunları və qarşıda duran vəzifələrin aydın, dəqiq və məzmunlu ifadəsi olan bu müşavirə bizə nələri dedi? 

Prezidentin çıxışını diqqətlə izləyən hər bir kəs, vurğulanan, barəsində fikir yürüdülən hər bir məsələnin üzvü surətdə əlaqələndirildiyini, fikirlər ilə fəaliyyətin tamlıq təşkil etdiyini sezə bilər. Məsələn təkcə “Hər bir ölkəyə daxili siyasəti düzgün aparmaq üçün həm qonşuluqda, həm də dünyada müsbət beynəlxalq fon lazımdır” cümləsindən daxili siyasətlə regional və beynəlxalq siyasətin  harmonik bağlılığının nə qədər böyük əhəmiyyət təşkil etdiyi nəticəsi çıxara bilər. Ona görə də iqtisadi sahədə uğurlar, ölkədaxili sabitlik, tərəqqi və inkişaf üçün nə qədər mühüm əhəmiyyət daşıyırsa, bu siyasətin regional və beynəlxalq əlaqələrlə uzlaşdırılması da o qədər vacib faktordur.

Azərbaycanın nəqliyyat habına çevrilməsi, dünya enerji təhlükəsizliyində oynadığı rol, azad edilmiş ərazilərin məskunlaşdırılması, bərpa edilən enerji sahəsində atdığı addımlar və digər istiqamətlər, iqtisadi cəhətdən nə qədər səmərəli bir məqsəddirsə, bu məqsədlərin reallaşması üçün regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsi, hərbi-siyasi və diplomatik fəaliyyətin düzgün və məqsədyönlü təşkili də o qədər mühümdür. Bu mənada, ölkə başçımızın müxtəlif beynəlxalq qurumlarla – o cümlədən  İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Avropa İttifaqı və xüsusilə Azərbaycanın sədrliyində intibah dövrü yaşayan, söz sahibinə çevrilməyə başlayan  Qoşulmama Hərəkatı  ilə səmərəli iş birliyi,  habelə Türkiyə, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Rusiya, İran, Gürcüstan  kimi qonşu  dövlətlərin  başçıları  ilə görüşlərin  regionda əməkdaşlıq, sülh və sabitliyə vəsilə olacaq  siyasəti, təqdirə layiq olmaqla yanaşı, həm də xalqlar arasında mədəni əlaqələrin inkişafına təsir edir.

Bununla yanaşı, Ermənistanla əlaqədar, hələ də davam edən qeyri müəyyənlik, Azərbaycanın irəli sürdüyü təkliflər, demək  olar ki,  bütün tərəfdaşlar - Avropa İttifaqı, Amerika Birləşmiş  Ştatları, qonşu dövlətlər tərəfindən təqdir edildiyi halda, bəzi müsbət tendensiyalara baxmayaraq hələ də konkret nəticələrin olmaması, öhdəliklərin yerinə yetirilməməsi qarşıya  qoyulmuş vəzifələrin həyata keçirilməsini ləngidir və regionda gərginliyin azalmasına xidmət etmir.

Dövlət başçımız Ermənistanla imzalanmış 10 noyabr Bəyanatının bu ölkə üçün faktiki olaraq kapitulyasiya aktı olduğunu, müharibənin dayandırılmasının əsas şərtinin erməni silahlı qüvvələrinin  işğal edilmiş ərazilərdən çıxarılması olduğunu bir daha vurğulayaraq, bu öhdəliklərdən yayınmanın adekvat addımlara səbəb ola biləcəyi barədə xəbərdarlıq etmiş, Bəyanata tərəf olan Rusiyanın da üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsindən narazılığını ifadə etmişdir.

Öhdəliklərdən biri olan Zəngəzur dəhlizi ilə də əlaqədar Ermənistan tərəfin tərəddüdləri, bu istiqamətdə heç bir rasional addımın atılmaması da, qarşı tərəfin səmimi olmadının, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək istəməməsinin göstəricisidir ki, bu davranış tərzi Azərbaycanı da üzərinə götürdüyü  və icra etdiyi öhdəliklərə yenidən baxmağa vadar edə bilər.

Azərbaycanın irəli sürdüyü və beynəlxalq hüquqa tam uyğun olan beş prinsipin Ermənistan tərəfindən guya qəbul edilməsinə, başqa sözlə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasına rəğmən, yeri gəldi-gəlmədi Minsk Qrupundan danışması, vaxtaşırı status məsələsini qabartması da faktiki olaraq ərazi iddialarından əl çəkilmədiyini və bu davranışı ilə Azərbaycanı da analoji addıma – yəni 1920-ci ildə Ermənistana verilmiş Zəngəzur ilə əlaqədar status məsələsini gündəmə gətirmək məcburiyyəti qarşısında qoymağa  təhrik edəcəyini dilə gətirən Prezident, bunun çox təhlükəli tendensiya olduğunu, Ermənistan üçün ağır nəticələrə gətirə biləcəyini qeyd etmişdir. 

Azərbaycan silahlı qüvvələrinin yenidən qurulması, yeni və müasir hərbi texnikalar, silah-sursatlar alınması barədə ictimaiyyəti məlumatlandıran ölkə başçımız, hərbi xərclərin artırılmasının ölkəmizin təhlükəsizliyi və ərazi bütövlüyümüzün, müstəqilliyimizin qorunmasına xidmət edən addım olduğunu, qarşıda  son dərəcə böyük və ağır vəzifələr ola-ola, hərçilərimizin sosial problemlərinin həllinin də dövlətimizin prioritet vəzifəsi, mənəvi borcu sayıldığını, bununla əlaqədar çoxlu işlər görüldüyünü  faktlarla  çatdırdı.

İqtisadi sahədəki perspektivlərə diqqət çəkən Prezident, kənd təsərrüfatında, xüsusilə strateji məhsul olan taxıl istehsalında asılılığı aradan qaldırmaq üçün xüsusi proqram hazırlandığını qeyd etmiş,  heç vaxt istifadə olunmayan 100 min hektar ərazidə dənli bitkilər əkilməsinin bizim ərzaq təhlükəsizliyimizin təmin edilməsində böyük rolu olacağını, iqtisadi müstəqilliyin siyasi müstəqilliyin təməl daşı olduğunu  bildirmişdir.

Yekun nitqində hökumət qarşısındakı vəzifələri və planları müfəssəl şəkildə təhlil edən ölkə başçımız cari ilin əsas vəzifələrindən birinin qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi, ölkəyə investisiyaların cəlbi və ixrac potensialımızn artırılması, hazırlıqlı kadr potensialının yaradılması, habelə kölgə iqtisadiyyatı ilə mübarizənin daha da gücləndirilməsini vəzifə kimi müəyyənləşdirmiş, ölkəmizin daha da güclənməsi və xalqımızın rifahı üçün  sabitlik, əmin-amanlıq, xalq-iqtidar birliyi və  milli həmrəyliyin  önəminə diqqət çəkmişdir.

DİGƏR Xəbərlər Arxiv