YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın rolu yüksək qiymətləndirilir

Kamilə Əliyeva

Milli Məclisin deputatı, professor

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan xalqının milli maraqlarının qorunması çərçivəsində həyata keçirdiyi xarici siyasəti nüfuzlu beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan dünyada çox az dövlətlərdəndir ki, tam müstəqil, heç kimdən asılı olmayan siyasi və iqtisadi siyasət həyata keçirir. Dünyanın nüfuzlu beynəlxalq təşkilatları Azərbaycanı etibarlı dost və müttəfiq ölkə kimi tanıyırlar.

Azərbaycan enerji sahəsində  Avropa Komissiyası ilə 15 ildən artıq müddətdir ki,  əməkdaşlıq edir. 2006-cı ildə Avropa İttifaqı ilə Azərbaycan arasında Anlaşma Memorandumu, 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Bəyanat imzalanmışdır. Bu gün Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədə inkişaf edərək yeni mərhələyə qədəm qoymuşdur. İyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayinin Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşü Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın və bu sahədə yaxın günlərdə imzalanacaq yeni sazişin təməlini qoydu. Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandı. İmzalanmış Memorandum gələcək üçün bir növ yol xəritəsi funksiyasını daşıyır. Avropa İttifaqı ilə Azərbaycan arasında əvvəlcədən planlaşdırılmış bütün məsələlər icra olunub. Avropa İttifaqı Azərbaycanla enerji sahəsi ilə yanaşı digər sahələrdə də əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Avropa İttifaqı Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu yüksək qiymətləndirir. Azərbaycandan Avropaya neft hasil edildikdən sonra 2021-ci ilin ilk günündən Azərbaycanın təbii qazı da Avropaya nəql olunmağa başladı. Bu gün Azərbaycan qazını Avropaya çatdıran uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizi tam gücü ilə fəaliyyət göstərir. Bir il ərzində Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycandan Avropaya 8 milyard kubmetr təbii qaz ixrac edilib. Gələn ildən Avropaya 12 milyard kubmetr təbii qazın nəql olunması planlaşdırılır. Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru işğaldan azad etməklə böyük nəqliyyat şəbəkəsini bərpa etmiş oldu. Zəngəzur dəhlizinin açılması dünya üçün çox əhəmiyyətli nəqliyyat qovşağının yaranmasına səbəb olacaq. Eyni zamanda Azərbaycan Xəzər dənizində böyük logistika infrastrukturuna malikdir. Bu marşrut xətlərinin bərpa edilməsi və genişləndirilməsi üçün Avropa İttifaqı ilə əməkdaşlıq imkanları görüşdə müzakirə olundu.

Bərpaolunan enerji sahəsində də Azərbaycanda böyük layihələr icra olunub və ölkəmizdə bu sahənin genişləndirilməsi üçün böyük işlər aparılır. Avropa İttifaqı Azərbaycanla bərpa olunan enerji sahəsində də əməkdaşlıq etməyə böyük üstünlük verir. Imzalanmış Anlaşma Memorandumu bu sahədə əməkdaşlığın böyük təməlini  qoydu.

Avropa İttifaqı Azərbaycanın ən iri ticarət tərəfdaşı və əsas ixrac bazarıdır. 2024-cü ilə qədər Avropa İttifaqı Azərbaycana 60 milyon avro həcmində sərmayə yatırmağı planlaşdırır. Gələcəkdə bu sərmayənin 2 milyard avroya gədər artırılacağı nəzərdə tutulub. Bu plan artıq icra olunur. Deməli Avropa İttifaqı bütün sahələrdə Azərbaycanla əməkdaşlığa böyük önəm verir.

Bu gün Avropa İttifaqı Azərbaycanın regionda yaratdığı reallığı qəbul edir. Qarabağ və Şərqi Zəngəzur da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Avropa İttifaqı Cənubi Qafqazda sülhün, təhlükəsizliyin təmin olunmasına böyük dəstək göstərir. Təşkilat işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycana 4,25 milyon avroluq yeni yardım paketi təqdim etmişdir.

Son dövrlər Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə  bir neçə dəfə görüşü,  eləcə də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayinin Azərbaycana səfəri və səfər çərçivəsində Anlaşma Memorandumun imzalanması deməyə əsas verir ki, Azərbaycan Avropa İttifaqı üçün çox vacib və tərəfdaş dövlətdir.