YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rişar Praskye: Azərbaycandan nümunə götürmək lazımdır

Qafqaz Müsəlmanları İdarəsində Fransanın Yəhudi İnstitutlarının Təmsilçilik Şurasının (CRIF) keçmiş rəhbəri Rişar Praskyenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə qonaqları salamlayaraq onlara Azərbaycandakı konfessiyalar, ölkəmizdə dövlət-din münasibətləri barədə məlumat verib.

Qeyd edilib ki, tolerant Azərbaycanda müxtəlif konfessiyaların nümayəndələri həmişə əmin-amanlıq içində yaşayıblar. Burada heç vaxt ksenofobiyalar və dini zəmində münaqişələr müşahidə edilməyib. Ölkənin konstitusiyası digər azadlıqlarla yanaşı din azadlığını da təmin edir, bizdə milli və ya digər əlamətə görə ayrı-seçkilik yoxdur, qanun qarşısında hamı bərabərdir. Dövlət məbədlərin tikintisini və bərpasını maliyyələşdirir. Azərbaycanda bir neçə sinaqoq fəaliyyət göstərir. Azərbaycan xalqı mehriban və başqa dinlərə qarşı dözümlü xalqdir. Biz ölkəmizdə yaşayan xalqların dini bayramlarını birlikdə qeyd edirik. Dinlərarası dialoqa böyük əhəmiyyət verilir.

Şeyxülislam təəssüflə bildirib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü davam etdiyinə görə ölkənin bütün vətəndaşları, o cümlədən yəhudilər əziyyət çəkirlər.

Bakı və Azərbaycan yepiskopu Aleksandr, Dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev də qonaqlara Azərbaycandakı dini vəziyyətdən danışıblar. M.Yevdayev Azərbaycanda yaşayan yəhudilərin vəziyyəti barədə məlumat verərək bildirib ki, onların ölkədə heç bir problemi yoxdur. Yəhudi icması ilə Azərbaycanın digər dini konfessiyaları arasında qarşılıqlı münasibətlərə gəldikdə isə, bu münasibətlər tolerantlıq və qarşılıqlı hörmət xarakterini qoruyub saxlayır, burada antisemitizm və millətçilik yoxdur.

Rişar Praskye səmimi qəbul üçün minnətdarlığını bildirib, Prezident İlham Əliyev ilə görüşündən söhbət açıb. Qonaq qeyd edib ki, əgər planetin hər yerində müxtəlif konfessiyaların nümayəndələri Azərbaycandakı kimi əmin-amanlıq içində yaşasalar, bu, böyük nailiyyət olar. Onun sözlərinə görə, hətta Fransada da bu sahədə problemlər müşahidə edilir. R.Praskye deyib: “Azərbaycan Avropanın bütün demokratik ölkələri üçün nümunə ola bilər. Sizin nümunədən istifadə etməyə dəyər, biz bu təcrübəni öyrənəcəyik”.

R.Praskye qeyd edib ki, belə səfərlər, şübhəsiz, xalqların bir-birini daha yaxşı tanımasına kömək göstərir.

Sonda qonaqlara xatirə hədiyyələri təqdim olunub.

Görüşdə Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov iştirak edib.

 

DİGƏR Xəbərlər Arxiv