YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın qazandığı nailiyyətlər beynəlxalq müstəvidə yüksək qiymətləndirilir

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri  

İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə dövlətimiz üçün əhəmiyyət kəsb edən məsələlər müzakirə olunub və görüləcək işlərlə bağlı mühüm qərarlar qəbul olunub. Cənab İlham Əliyevin də müşavirədə qeyd etdiyi kimi, bu ilin altı ayında görülən işləri ölkəmizin inkişafı üçün uğurlu hesab etmək olar. Bütün bu uğurlar Prezident İlham Əliyev düşünülmüş, uzaqgörən daxili və xarici siyasətinin nəticəsidir.

Keçən dövr ərzində Azərbaycan regional və qlobal əhəmiyyətli iqtisadi, siyasi və humanitar layihələrin mərkəzinə çevrilib, bir sıra əhəmiyyətli əməkdaşlıq formatlarının təşəbbüskarı olub. Əlamətdar haldır ki, Azərbaycanın əldə etdiyi uğurlu inkişaf göstəriciləri nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin 2023-cü ilə qədər  uzadılması dediklərimizin əyani sübutudur. Bu, o deməkdir ki, Azərbaycan Qoşulmama Hərəkatına üzv olan 120 ölkə arasında çox böyük nüfuz qazanıb.

Cənab İlham Əliyevin hər zaman vurğuladığı kimi, Azərbaycan bu gün valyuta ehtiyatları, daxili istehsal və ixrac potensialı ilə iqtisadi müstəqilliyini təmin etmiş ölkədir və iqtisadiyyatı üçün əhəmiyyətli olan istənilən iqtisadi layihəni maliyyələşdirmə imkanına malikdir. Şübhə yoxdur ki, islahatların, başlanmış böyük işlərin nəticələri gələcək illərdə daha çox özünü göstərəcək. Xüsusən də Qarabağın işğaldan azad edilmiş rayon və şəhərlərinin əvvəlki həyatının yeni keyfiyyətdə bərpa və inkişaf etdirilməsi bu baxımdan  mühüm əhəmiyyət kəsb edir. Çünki bu ərazilər Azərbaycanın maddi-mənəvi sərvətlərlə ən zəngin regionlarından biridir. Bu da qeyri-neft sektorunun daha da inkişafı üçün zəmin yaradır.

Prezident İlham Əliyevin müşavirədə toxunduğu mühüm məsələlərdən biri də Ermənistanla sülh müqaviləsinin bağlanması və bölgədə təhlükəsizliyin təmin olunması idi. Bu gün Ermənistanın iflas və xaosdan qurtuluşu üçün yeni şərait yaranıb. Ermənistan tərəfindən həyata keçirilən hərbi təxribatlar bu ölkənin sülh prosesinə əngəllər yaratmaq niyyətindən başqa bir şey deyil.

Müşavirə zamanı cənab İlham Əliyev dövlətin sosial siyasəti ilə bağlı vacib məqamlara toxundu. Ölkəmizdə əhalinin rifah halının yaxşılaşdırılması aparılan sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biridir. Xüsusən də şəhid ailələri və qazilər həyatlarının hər bir anında Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısını hiss edirlər. Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən, 2021-2025-ci illərdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min mənzil və fərdi evin verilməsinin nəzərdə tutulub. Qarşıdakı illərdə də bu proses yüksələn xətlə davam edəcək.

İlin ilk altı ayına həsr olunmuş müşavirə bir daha deməyə əsas verir ki, bizi qarşıdakı illərdə də böyük uğurlar gözləyir.