YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hədəflər reallığa çevrilir

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri

Azərbaycanın inkişaf modeli daim beynəlxalq səviyyədə təqdir edilir. Təbii ki, buna əsas verən düzgün siyasət və zamanın tələblərinə uyğun olaraq yeniləşmə, təkmilləşmədir. Son 18 ildən artıq dövrdə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün  istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycan xalqına Yeni il təbriklərini çatdırarkən qarşıdakı ilin  uğurlarının ötən ildən daha zəngin olacağını, eyni zamanda,  dayanıqlı inkişafın təmin edilməsi üçün bütün zəruri addımların atılacağını demişdi. Artıq hədəflər il ərzində görülən işlərin, imzalanan Fərman və Sərəncamların əsasında reallığa çevrilir.

Ötən iki ilə yaxın dövr tarixi Zəfərimizin reallıqlarının qəbulu, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinin  uğurla həyata keçirilməsi, Prezidentin tapşırıqlarına uyğun olaraq bu torpaqların müasir tələblər səviyyəsində qurularaq soydaşlarımızın yaşayışı üçün normal şəraitin yaradılması ilə xarakterizə olunur. İyulun 15-də dövlət başçısı İlham Əliyevin sədrliyi ilə bu ilin 6 ayının yekunlarına həsr olunan müşavirədə Azərbaycanın bütün sahələrdə qazandığı uğurlara bir daha diqqət yetirildi, tarixi Zəfərimizin reallıqları fonunda görülən və görüləcək işlərdən bəhs edildi. Ölkə Prezidenti ilk olaraq Azərbaycanın artan beynəlxalq nüfuzundan bəhs etdi. Hazırda Azərbaycanın sədrlik etdiyi  və 120 ölkəni öz sıralarında birləşdirən Qoşulmama Hərəkatının  fəaliyyətinin  daha da genişləndirilməsindən, institusional inkişafın təmin edilməsi istiqamətində atılan addımlardan geniş bəhs edən cənab İlham Əliyev Azərbaycanın irəli sürdüyü təşəbbüslərin  perspektivlərini diqqətə çatdırdı.

Qeyd edək ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi Azərbaycanın təşəbbüsü ilə yaradılıb və  bu ilin iyun ayında Bakıda  ilk konfransı keçirildi.  Qurumun Gənclər qolunun yaradılması təşəbbüsü də Azərbaycana məxsusdur və yaxın günlərdə Qoşulmama Hərəkatının Gənclər Sammiti keçiriləcək. Qurumda birləşən üzv dövlətlərin bir araya gələrək günün aktual  məsələləri ətrafında fikir mübadiləsi aparmaları olduqca mühüm əhəmiyyət kəsb edir. Çünki ölkəmizdə gənclərin idarəçilikdə təmsil olunmalarına xüsusi önəm verilir, Azərbaycanın bu addımı beynəlxalq səviyyədə təqdir olunur. Dövlət başçısı İlham Əliyev gənclərlə  mütəmadi görüşlərində onların malik olduğu potensialdan səmərəli istifadə etmək  üçün  bütün imkanların yaradıldığını  bildirərək  bu çağırışı edir ki, Azərbaycan gəncləri milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunmalıdır.

Dövlət başçısı İlham Əliyev ölkəmizdə həyata keçirilən islahatların bütün sahələri əhatə etməsindən bəhs edərək ölkəmizin qarşısında  geniş imkanların açıldığını bildirir. Hazırda ölkəmizin həyatında başlanan  yeni mərhələ uğurla davam edir. İşğaldan azad edilmiş ərazilərimizdə  görülən işlərin miqyası ölçüyəgəlməzdir. Əsas hədəf soydaşlarımızın Böyük Qayıdışının tam təmin olunmasıdır. Bu ərazilərin malik olduğu potensialdan səmərəli istifadə gələcəkdə ölkəmizin dayanıqlı inkişafının təmin edilməsində stimulverici amil olacaq.

Azərbaycanın iqtisadi müstəqilliyinin günbəgün möhkəmlənməsi  beynəlxalq nüfuzunun artmasında da özünü aydın şəkildə nümayiş etdirir. Cari ilin 6 ayında Azərbaycanın bütün ölkələrlə  istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində qurulan əlaqələri, ölkəmizin, həmçinin azad Qarabağın, azad Şuşanın ev sahibliyi etdiyi tədbirlərin miqyası bunların aydın mənzərəsini yaradır.

Azərbaycan-Avropa İttifaqı əlaqələri tarixi Zəfərimizdən sonra ən yüksək səviyyəyə çatıb. Belə ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüssel görüşlərində əldə edilən  nəticələr ürəkaçan olsa da, təəssüflər olsun ki, Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan, həmçinin qeyd olunan görüşlərdə əldə olunan razılaşmalardan irəli gələn tələblərin yerinə yetirilməsinə səy göstərmir.  Ermənistan ATƏT-in Minsk qrupunun olmayan fəaliyyətinin bərpasına çalışır. Dövlət başçısı İlham Əliyev müşavirədə 28 il heç bir nəticə hasil etməyən qrupa ehtiyac olmadığını bildirərək bir daha bəyan etdi: “Qarabağ münaqişəsi həll olunub, Qarabağ mövzusu bağlanıb. Qarabağ Azərbaycandır! Bunu mən demişəm və haqlı olaraq demişəm, indi bunu hamı deyir. O cümlədən Ermənistan deyir - öz xoşu ilə yox, məcburən. Bu məsələ ilə bağlı müzakirə apardığımız bütün ölkələr, təşkilatlar deyir”.