YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

İyulun 19-da Brüssel şəhərinə işgüzar səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə NATO-nun mənzil-qərargahında görüş keçirib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, görüşdə NATO-Azərbaycan tərəfdaşlığının hazırkı vəziyyəti və perspektivləri, eləcə də regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-NATO tərəfdaşlığı çərçivəsində əldə edilmiş nəticələrdən məmnunluq ifadə edib. Ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyə töhfələri kontekstində NATO əməliyyatlarında iştirakı məsələsinə toxunub.

Nazir, Ermənistanın işğalından azad edilmiş ərazilərimizdə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən bərpa və quruculuq işləri barədə Alyans rəsmisinə məlumat verib. Bu kontekstdə azad edilmiş ərazilərdə kütləvi şəkildə basdırılmış minaların bərpa / quruculuq işlərinə və məcburi köçkünlərin geri qayıtmasına maneə yaratdığı vurğulanıb. Eyni zamanda, postmünaqişə mərhələsində Azərbaycan və Ermənistan arasında münasibətlərinin normallaşdırılması prosesi çərçivəsində müxtəlif istiqamətlər üzrə Azərbaycan tərəfindən atılan addımlar qeyd edilib və bununla əlaqədar fikir mübadiləsi aparılıb.

NATO-nun Baş katibi Yens Stoltenberq ölkəmizin etibarlı tərəfdaş olduğunu qeyd edərək, Azərbaycanın müdafiə islahatları və NATO missiyalarına töhfələrini yüksək qiymətləndirib. Baş katib, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rolu məmnunluqla vurğulayıb.