YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İqtisadi gücümüz siyasi müstəqilliyimizi möhkəmləndirir

Kamilə Əliyeva

Milli Məclisin deputatı, professor

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı iqtisadi islahatlar,  həyata keçirdiyi qətiyyətli və uzaqgörən xarici siyasət nəticəsində Azərbaycan təkcə regionda deyil,  bütün dünyada qüdrətli bir ölkəyə çevrilmişdir. Ölkəmizin beynəlxalq aləmdə nüfuzu durmadan artmaqdadır. 2022-ci ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq aləmdə qazandığı uğurlardan bəhs etdi. Ölkəmiz bəşəriyyət üçün əhəmiyyətli təkliflər irəli sürür və bu, bütün dövlətlər tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı dünyada nüfuzunu xeyli artırmışdır. Məhz cənab İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi yaradıldı və Bakıda Parlament Şəbəkəsinin toplantısı keçirildi. Bu toplantıda Qoşulmama Hərəkatının çox böyük potensialının olduğu və beynəlxalq siyasətə təsir edə biləcək bir təşkilat olması bir daha təsdiqləndi.

Humanitar sahədə də Azərbaycan bütün dünyaya örnək ola biləcək böyük işlərə imza atmaqdadır. Xüsusilə pandemiya ilə əlaqədar Azərbaycan 80-dən çox ölkəyə humanitar və maliyyə yardımı göstərmişdir. Azərbaycanın ehtiyacı olan dövlətlərə göstərdiyi bu təmənnasız yardımdan sonra ölkəmizin beynəlxalq aləmdə nüfuzu xeyli artmış oldu.

Son dövrlər Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur. Avropada yaranmış enerji böhranı ilə əlaqədar Azərbaycan Avropanın enerji təhlükəsizliyində əvəzolunmaz rol oynayır. Enerji təhlükəsizliyi ilə bağlı saziş bu əməkdaşlığı daha yüksək səviyyəyə çatdıracaq.

Türk Dövlətləri Təşkilatının fəaliyyətinin və nüfuzunun artmasında da Azərbaycan çox faydalı işlər aparır. Türk dövlətləri ilə əlaqələri daha da inkişaf etdirmək Azərbaycan dövlətinin xarici siyasətinin prioritet məsələlərindən biridir. Azərbaycan qonşu dövlətlər olan Rusiya, Gürcüstan və İranla hər zaman dostluq münasibətlərinin qurulmasına böyük önəm verir.

Prezident İlham Əliyevin yeritdiyi müdrik xarici siyasət nəticəsində Azərbaycan və ABŞ arasında münasibətlər inkişaf etməkdədir. ABŞ Prezidentinin bu günlərdə cənab İlham Əliyevə iki dəfə məktub  ünvanlanması və Azərbaycanla bağlı  söylədiyi fikirlər onu deməyə əsas verir ki, ABŞ Azərbaycanı özünə dost və müttəfiq ölkə hesab edir. Müşavirədəki çıxışında cənab İlham Əliyev  cari ilin altı ayı ərzində Azərbaycan - Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində müəyyən addımlar atılmasına baxmayaraq, hələ ki, real nəticələrin olmamasını da vurğuladı. Vətən müharibəsindən 1 il 8 ay keçsə də, Ermənistan öz üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Halbuki 10 noyabr 2020-ci ildə imzalanmış Bəyanatda Ermənistan məğlub ölkə olaraq öz üzərinə düşən öhdəlikləri icra etməli idi. Təəssüflər olsun ki, Ermənistan bu istiqamətdə müsbət addımlar atmaqdan uzaq görünür. 10 noyabr Bəyanatına əsasən Azərbaycan öz üzərinə düşən öhdəlikləri yerinə yetirdi. Ermənistan isə Azərbaycanla  Naxçıvanı birləşdirən yolun açılması  barədə öhdəlikləri  yerinə yetirmədi. Zəngəzur dəhlizinin açılması istiqamətində Ermənistan  tərəfindən heç layihələndirmə  işləri belə aparılmayıb. Müharibə başa çatdıqdan sonra Qarabağa heç bir statusun verilməyəcəyi barədə Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyi razılığa gəlmişdilər. Əvvəllər Ermənistan rəhbərliyi bu razılaşmaya riayət edirdi, lakin son zamanlar onlar yenidən status məsələsini gündəmə gətirməyə başlayıblar. Ölkə başçımız cənab İlham Əliyevin də vurğuladığı kimi, bu, Ermənistanın özü üçün çox təhlükəli ola bilər.  

Azərbaycan Ordusunda böyük islahatlar aparılır. Ali Baş Komandan İlham Əliyev Ordumuzun maddi-texniki bazasının genişləndirilməsinə, Silahlı Qüvvələrimizin ən müasir və yüksək texnologiyalara malik silahlarla təchiz edilməsinə xüsusi diqqət ayırır. Hərbçilərimizin sosial müdafiəsi məsələsi də hər zaman Prezident İlham Əliyevin diqqətindədir. Qüsursuz hərbi xidmət aparan hərbçilərimiz mənzillərlə təmin edilir, yeni hərbi hissələr yaradılır və işğaldan azad edilmiş torpaqlarımızda xidmət keçən hərbçilərimiz üçün hər cür infrastruktura malik hərbi şəhərciklər salınır. Müharibədə qəhrəmanlıq göstərmiş hərbiçilərimizin sosial problemləri daim ölkə rəhbərliyinin diqqətindədir. Müharibə zamanı əlil olmuş hərbçilərimizə hər cür diqqət və qayğı göstərilir. Şəhid ailələri və müharibədə sağlamlığını itirmiş hərbçilərimiz mənzil və fərdi evlərlə təmin edilirlər. Təkcə bu il 1500 mənzil və fərdi ev tikilərək qazilərə və şəhid ailələrinə təhvil verilib.

Bu gün Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur. Ermənistan tərəfindən dağıdılıb viran qoyulmuş şəhər və kəndlərimizi bərpa edirik. Bütün bu işləri Azərbaycan öz gücünə görür və heç kimdən bir manat yardım almır.  Bu, Azərbaycan dövlətinin iqtisadi gücünün göstəricisidir. Ölkəmiz hər il iqtisadi cəhətdən daha da güclü bir dövlətə çevrilməkdədir. Azərbaycanın iqtisadi cəhətdən güclənməsi onun dünyada siyasi müstəqilliyini gücləndirir. Bu gün heç bir dövlət, heç bir qüvvə Azərbaycana diktə edə bilməz.

İşğaldan azad edilmiş ərazilərimizdə işlər çox sürətli və planlı şəkildə davam etdirilir.

Azərbaycanda ərzaq təhlükəsizliyi ilə bağlı böyük və təxirəsalınmaz işlər həyata keçirilir. Bu, ərzaq təhlükəsizliyimizin təmin olunmasına böyük töhfə verəcək.

Bu gün xarici və yerli sahibkarların Azərbaycana investisiya yatırmaları üçün hər cür şərait yaradılmışdır. Bir çox böyük xarici şirkətlər Azərbaycana investisiya yatırırlar. Bu, Azərbaycan dövlətinə  və onun lideri Prezident İlham Əliyevə olan inamın nümunəsidir.

Təhsil və yüksək ixtisaslı kadrların yetişdirilməsi üçün ölkə rəhbərliyi tərəfindən ciddi addımlar atılır.  Minlərlə gəncimiz Dövlət Proqramına əsasən dövlət hesabına dünyanın ən nüfuzlu ali məktəblərinə göndərilir. Təhsilini başa vurub qayıdan gənclərimiz Azərbaycanın gələcək inkişafı və tərəqqisi üçün fəaliyyət göstərəcək.

Prezident İlham Əliyev Azərbaycanı güclü dövlət, Azərbaycan xalqını qəhrəman xalq kimi bütün dünyaya tanıtdı.