YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu artır

“Azərbaycan beynəlxalq müstəvidə uğurlu siyasət həyata keçirir. Bu baxımdan, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafı xüsusi vurğulanmalıdır. Aİ-nin Azərbaycan ilə sıx münasibətləri bu qurumun ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstək fonunda formalaşıb. Belə ki, Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ilə münasibətlərində suverenlik və ərazi bütövlüyü əsas element olaraq daim xüsusi yer tutur. Eyni zamanda, tərəflər arasında enerji sahəsində əməkdaşlıq xüsusilə vurğulanmalıdır”.

Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır və bu rol getdikcə artmaqdadır: “İyulun 18-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfəri də bu reallığı təsdiqləyir. Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen ilə geniş tərkibdə görüşündə bildirib ki, bu səfər həqiqətən ikitərəfli əməkdaşlığımızın vacibliyini nümayiş etdirir. Enerji təhlükəsizliyinə aid məsələlərin birmənalı olaraq bu gün qlobal gündəlikdə ən üstün məsələlərdən biri olduğunu deyən dövlətimizin başçısı  qeyd edib ki, bundan başqa, biz təhsil, daşımalar və bütün digər sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlıyıq. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen isə bildirib ki, bizim aramızda uzunmüddətli tərəfdaşlıq var. Azərbaycan Respublikası ilə Avropa İttifaqı  arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması isə mühüm əhəmiyyətə malikdir”. 

Millət vəkilinin sözlərinə görə, Azərbaycan ilə Avropa İttifaqı arasında uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq bizim böyük uğurumuzdur. Azərbaycan Prezidenti Avropa Komissiyasının rəhbəri ilə qarşılıqlı maraq doğuran bir çox məsələlər ətrafında çox məhsuldar müzakirələr aparıldığını diqqətə çatdırıb. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen isə Azərbaycanın bərpaolunan enerji sahəsində də çox böyük potensialının olduğunu deyib.

Sevinc Fətəliyeva qeyd edib ki,  Azərbaycan ilə Avropa İttifaqı  arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu tərəflər arasında strateji əməkdaşlığın daha gücləndirilməsinə xidmət edəcək: “Avropa İttifaqı Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlığın təmin olunması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə də töhfələr verir. Məqsəd regionun tərəqqisinə nail olmaqdır. Digər tərəfdən, Avropa İttifaqı işğaldan azad olunmuş ərazilərimizin minalardan təmizlənməsinə də dəstək verir. Beləliklə, tərəflər arasında əməkdaşlığın böyük perspektivi var və bu amil Azərbaycanın beynəlxalq müstəvidə mövqelərinin daha da güclnməsinə xidmət edəcək”.