YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Uğurlu siyasət davamlı inkişafı təmin edir

Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri

Altı ayın yekunlarına həsr olunan müşavirədə Prezident İlham Əliyev görülmüş işlər, həyata keçirilmiş layihələr haqqında geniş məlumat verməklə bərabər qarşıda dayanan vəzifələri də müəyyənləşdirdi. Ölkə başçısı bildirdi ki, Xəzər dənizi üzərindən yükdaşımaların həcminin artırılması artıq reallıqdır. Bunun üçün də gəmiqayırma zavodu tam gücü ilə işləməli, lazımi qədər gəmi, tanker, bərə istehsal edilməlidir. Tanker - bərə və yük gəmilərinin  istehsal olunması  ölkəmizin  iqtisadi imkanlarını, eyni zamanda, tranzit potensialını artıracaq, iş yerlərinin yaradılmasına səbəb olacaq. Nəticədə açıq dənizlərə çıxışı olmamasına baxmayaraq Azərbaycan çox ciddi bir nəqliyyat-logistika mərkəzinə çevriləcək. Bu və digər layihələrin həyata keçirilməsi üçün isə dövlət-özəl sektor tərəfdaşlığının möhkəmləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Ölkə iqtisadiyyatının inkişafı üçün mühüm amillərdən biri də yerli və xarici investisiyaların cəlb edilməsidir. Azərbaycanda investisiya mühiti çox əlverişlidir.

Prezident İlham Əliyev müşavirədə çıxış edərkən ölkəmizin investisiya iqliminin daha da yaxşılaşdırılmalı olduğunu qeyd etdi. Azərbaycanın investisiya mühitinin inkişafı ilə bağlı müsbət təcrübəsi var. Belə ki, ulu öndər Heydər Əliyevin  yorulmaz səyləri nəticəsində ölkəmizə milyardlarla dollar investisiya cəlb olunmuşdur. Həmçinin şəffaflıq təmin edilmiş, kölgə iqtisadiyyatının qarşısının alınması işində yaxşı nəticələr əldə edilmişdir. Ölkə başçısı müşavirədə bu mövzuda danışarkən xüsusilə vurğuladı ki, Azərbaycanda kölgə iqtisadiyyatı olmamalıdır. Bunun üçün lazım olan ən qabaqcıl texnologiyalar tətbiq edilməlidir.

Son altı ayın yekunlarına həsr olunan müşavirədə Prezident İlham Əliyevin bəhs etdiyi əsas mövzulardan biri də işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma işləri ilə bağlı məsələlər oldu. Ölkə başçısı bildirdi ki, işğaldan azad olunmuş ərazilərdə işlər planlı şəkildə aparılır. İnfrastruktur işləri uğurla icra edilir. Beş şəhərin Baş planı təsdiqlənib, yeni yaradılacaq kəndlərin yerləri müəyyən edilib, artıq yaşayış binalarının inşasına başlanılıb. Ağalı kəndi isə istifadəyə verilib. Həyata keçirilən bütün layihələr açıq tender prosedurlarından keçir və şəffaflıq tam təmin olunur. Azad edilmiş ərazilərdə böyük su anbarları və su kanallarının tikintisi, habelə içməli su təchizatı da nəzərdə tutulur. Suvarma məsələləri böyük dərəcədə Kəlbəcər və Laçın su mənbələri hesabına təmin ediləcəkdir. Hətta içməli suyu ölkənin Aran bölgəsinə qədər gətirib çatdıracaq  layihə də mövcuddur.

Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurla bağlı həyata keçirilən genişmiqyaslı layihələrdən danışarkən bu bölgələrin ərzaq  təhlükəsizliyimizin təmin olunmasında yüksək potensiala malik olmasına da diqqət çəkdi. Bu il heç vaxt istifadə olunmayan, təqribən 100 min hektarda taxıl - buğda, arpa, bir sözlə, dənli bitkilər əkiləcək və bu da ölkəmizin ərzaq təhlükəsizliyini gücləndirmiş olacaq.

Müşavirədə Prezident İlham Əliyev Böyük Qayıdışla bağlı icra edilməli olan işlər haqqında da konkret tapşırıqlar verdi. Verilən tapşırığa əsasən keçmiş məcburi köçkünlər arasında ixtisaslar üzrə seçimlər aparılacaq, onların ixtisas və peşələri, həmçinin çalışdıqları sahələr dəqiqləşdiriləcək. Bu istiqamətdə aparılacaq seçimə əsasən keçmiş məcburi köçkünlər öz doğma torpaqlarına daha tez bir zaman ərzində qaytarılacaq və eyni zamanda, onlar iş yerləri ilə təmin ediləcəklər.