YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Postmüharibə dövrünün nailiyyətləri

Arif Fərzəliyev

YAP Cəbrayıl rayon təşkilatının sədri

Azərbaycanın inkişaf templəri daha da sürətlənmişdir. Bu yüksəliş iyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə təqdim olunan rəqəmlərdə də öz əksini tapmışdır. Qeyd olunduğu kimi, ötən dövr ərzində ümumi iqtisadi artım 6,2%, o cümlədən qeyri-neft sektorunda 9,6% təşkil edib. Həmçinin sənaye sahəsində ümumi məhsul istehsalı 2,1% və qeyri-neft sənaye sahəsində 11,5% artıb. Təbii ki, ölkənin iqtisadi inkişafı birbaşa öz təsirini vətəndaşların rifah yüksəlişinə göstərməyə bilməz. Belə ki, ötən dövr ərzində əhalinin gəlirləri təxminən 20% artıb ki, bu da olduqca yüksək nəticədir.

Azərbaycanın sürətli inkişafı öz əksini təkcə iqtisadi göstəricilərdə tapmayıb. Belə ki, ölkəmizin beynəlxalq müstəvidə əldə etdiyi uğurlarının getdikcə artması, mövqelərinin daha da möhkəmlənməsi və nüfuzunun durmadan yüksəlməsi də postmüharibə dövrünün vacib nailiyyətləri kimi qeyd olunmalıdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev çıxışında əldə olunan nəticələr arasında ölkəmizin Qoşulmama Hərəkatındakı uğurlarının xüsusi vurğulanmalı olduğunu bildirdi. Məlum olduğu kimi, Azərbaycan Hərəkata üzv olduğu ilk gündən yüksək fəallığı ilə seçilib və ölkəmizin irəli sürdüyü çoxsaylı təşəbbüslərdən hər biri Qoşulmama Hərəkatının dünyada nüfuzunun yüksəlməsinə xidmət edib. Bu gün isə artıq 120 ölkənin yenidən yekdil qərarı ilə Azərbaycanın Hərəkata sədrlik müddəti  bir il daha uzadılıb. Əlbəttə ki, bu qərar ölkəmizə böyük hörmət və etimadın bir göstəricisidir.

Avropa İttifaqı-Azərbaycan əlaqələri də yüksələn dinamika ilə inkişaf edir və hazırda bu əlaqələrin daha da şaxələndirilməsi ilə bağlı geniş müzakirələr aparılır. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji təhlükəsizliyi ilə bağlı mühüm sənəd imzalanması əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycanın irəli sürdüyü beynəlxalq təşəbbüslər təkcə öz ölkəmizin deyil, həmçinin qonşu dövlətlərin, region ölkələrinin və xalqlarının da maraqlarına cavab verib. Vətən müharibəsinin nəticələri olaraq bu gün Cənubi Qafqazda formalaşmış yeni geosiyasi reallıqlar da bölgədə iqtisadi inkişafın sürətlənməsi üçün indiyədək görünməmiş imkanlar açmışdır. Həm də bu imkanlar dünya ölkələri tərəfindən çox yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, artıq Cənubi Qafqazda maraqları olan bütün ölkələr və beynəlxalq təşkilatlar da Azərbaycanın müəllifi olduğu yeni reallıqları tanıyır və qəbul edirlər.

Əlbəttə ki, yaranmış yeni imkan və perspektivlərin tam şəkildə reallaşması üçün ilk növbədə regionda dayanıqlı sülh və sabitlik bərqərar olmalıdır. Bunun üçün isə məhz Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması vacib şərtdir. Bu xüsusda Azərbaycanın mövqeyi artıq çoxdan bəllidir və bu mövqe qarşı tərəfə ünvanlanan sülh çağırışlarının mahiyyətində, yəni sülh müqaviləsinin imzalanmasına dair dövlətimizin irəli sürdüyü təkliflərdə öz əksini tapıb. 15 iyul müşavirəsində etdiyi çıxışında Prezident İlham Əliyev bu məsələyə də toxunaraq bildirdi ki, cari ilin altı ayında Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində müəyyən addımlar atılsa da, əfsuslar olsun ki, hələlik heç bir real nəticə yoxdur. Bu baxımdan əlbəttə ki, ən çox diqqəti cəlb edən məqam məğlub Ermənistanın hələ də 10 noyabr Bəyanatını imzalamaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmağa çalışmasıdır. Bu öhdəliklərdən biri Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa əlaqə qurulmasını, yəni Zəngəzur dəhlizinin açılmasını nəzərdə tutur. Ermənistan isə hələ də bu məsələnin həllini uzadır. Dövlət başçısının dediyi kimi, bu günə qədər Zəngəzur dəhlizinin Mehri hissəsində tikiləcək dəmir yolunun texniki-iqtisadi əsaslandırılması hələ də hazırlanmayıb. Eyni zamanda avtomobil yolunun marşrutu da verilməyib. Bütün bunların əvəzində isə son vaxtlar Ermənistan tərəfindən yenə də hansısa status haqqında fikirlər səsləndirilməyə başlanıb. Təbii ki, bütün bunlar regional sülhə təhdid kimi qiymətləndirilməlidir.

Ermənistan rəhbərliyi unutmamalıdır ki, sülhə qarşı təhdidlər ilk növbədə bu ölkənin özü üçün ən böyük təhlükə ola bilər.