YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yevlaxda Ulu Öndərin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin ildönümünə həsr edilmiş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatı və Yevlax Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 53-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Milli Məclisin deputatı İlham Məmmədov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax sektorunun, rayon Gənclər və İdman İdarəsinin, Yevlax “Gənclər evi” Sosial Xidmət Müəssisəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yevlax nümayəndəliyinin əməkdaşları, rayonun idarə və müəssisə rəhbərləri, Vətən müharibəsi qaziləri, veteranlar, partiya fəalları iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.

Tədbir Ulu Öndərin və torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüz uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev 1969-cu il iyulun 14-nün müasir Azərbaycan tarixinin dönüş mərhələsini təşkil etdiyini, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi zamanın böyük islahatlar dövrünün başlanğıcı olduğunu və gələcək müstəqilliyimizin fundamentinin qoyulduğunu söyləyib. O, Ümummilli Liderin Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçilməsi və ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycanın gələcək inkişafının fundamental strateji istiqamətlərinin müəyyənləşdirildiyini, ölkəmizdə yeni yüksəliş mərhələsinin başladığını qeyd edib.

Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Milli Məclisin deputatı İlham Məmmədov və digər çıxış edənlər vurğulayıblar ki, bu gün Azərbaycan Respublikasının möhkəm sosial-iqtisadi və mənəvi dayaqlar üzrə durması və xalqımızın demokratik-hüquqi dövlətdə yaşamaq arzularının reallaşması çağdaş tariximizin unudulmaz dühası - ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.