YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gəncədə “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda regional konfrans keçirilib

Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Ağsaqqallar Şurası və Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 53-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda regional konfrans keçirilib.

Regional konfransda Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Gəncə Şəhər Baş Polis İdarəsi rəisinin birinci müavini Niyaməddin Qasımov, Gəncə şəhər, Şəmkir,Tovuz, Ağstafa, Qazax, Samux, Daşkəsən və Gədəbəy rayonları üzrə Ağsaqqallar Şurasının rəhbərləri, media nümayəndələri, müharibə veteranları, partiya fəalları iştirak ediblər.

Tədbir iştirakçıları Ulu Öndərin şəhərin mərkəzi meydanında ucalan abidəsini və Qafqaz İslam Ordusunun şəhidlərinin xatirəsinə inşa edilən abidəni ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.

Sonra regional konfransın iştirakçıları YAP Gəncə şəhər təşkilatının binasında Xəzər Təhsil Mərkəzi tərəfindən təşkil edilən Gəncə şəhərinin qocaman və gənc rəssamlarının Ulu Öndərin Azərbaycan xalqı, dövləti qarşısında tarixi xidmətlərini, həyat və fəaliyyətinin mühüm məqamlarını əks etdirən əsərlərinə baxış keçiriblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransda Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov tədbiri giriş sözü ilə açaraq Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyulunu dövlətimizin tarixində xüsusi bir gün kimi dəyərləndirərək bildirib ki, dahi şəxsiyyət sözün həqiqi mənasında, böyük bir xalqın həyatında möhtəşəm dəyişikliyə nail olub, milli, müstəqil dövlətin qurulması üçün zəruri olan bütün işləri görüb. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ölkəmizin müstəqillik tarixinin, parlaq və işıqlı yolunun başlanğıcı kimi qiymətləndirilir.

"Ulu Öndərin ölkəmizə rəhbərliyinin birinci dövrü, eyni zamanda, milli özünüdərkin oyanmasının, soykökə qayıdışın başlanğıc dövrüdür. Onun bütün fəaliyyəti xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanması ideyasına əsaslanıb. Böyük şəxsiyyət həmin dövrdə bütün ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürüb, ictimai şüurdakı qorxunu aradan qaldırıb, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırıb”- deyə YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov bildirib.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrü ölkəmizi tərəqqiyə aparan yolun başlanğıcı kimi xarakterizə edərək, həm sovet dönəmində, həm də müstəqillik illərində ictimai həyatın bütün sahələrinin inkişafında, milli maraqlarımızın təmin olunmasında, eləcə də milli kadrların yetişdirilməsində Ulu Öndərin misilsiz xidmətlərindən, uzaqgörən və düşünülmüş siyasətindən danışıb. Bayram Yusifov qeyd edib ki, türk dünyasının böyük oğlu Heydər Əliyev öz xidmətləri ilə hər bir azərbaycanlıya Vətən üçün, Azərbaycan üçün qurub-yaratmaq, yorulmadan xidmət etmək fəlsəfəsini aşılayıb, Azərbaycanı 1969-1982-ci illərdə inkişaf etmiş sənaye-aqrar respublikasına çevirərək bugünkü müstəqilliyimizin təməlini qoyub.

Gəncə şəhər Ağsaqqallar şurasının sədri, professor Nurəddin Məmmədovun moderatorluğu ilə həyata keçən regional konfransda Azərbaycan Texnologiya Universitetinin dosenti, fəlsəfə doktoru Hüseyn Budaqov “Tarixi dəyişən lider Heydər Əliyev”, Ağsaqqallar Şurasının üzvü, hüquqşunas Muxtar Əsədov “Heydər Əliyevin kadr siyasəti və dövlət quruculuğu”, YAP Gəncə şəhər 126 saylı ərazi partiya təşkilatının sədri, “Şans Tibb Mərkəzi”nin baş həkimi Nofəl Qasımov “Azərbaycanda səhiyyə xidmətinin yüksəldilməsi tədbirləri” mövzusunda məruzələrlə çıxış ediblər.

Digər natiqlər də Ulu Öndərin Azərbaycan dövlətçiliyinin inkişafı, ölkə iqtisadiyyatının dirçəldilməsi, respublikanın inkişafına hesablanmış neçə-neçə layihənin həyata keçirilməsi uğurunda misilsiz xidmətlərindən söhbət açıb, Vətən müharibəsində şanlı Qələbəmizin əsasını təşkil edən xalq-iqtidar birliyinin təməlinin məhz Ulu Öndərin hakimiyyəti illərində qoyulduğunu vurğulayıblar.

Ulu Öndər Heydər Əliyevin siyasi müdrikliyinin və uzaqgörənliyinin bəhrələrindən, ölkəmizin müxtəlif inkişaf mərhələlərindən əhatəli söhbət açan konfrans iştirakçıları müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin əsasını qoyduğu hərtərəfli inkişaf konsepsiyasının onun layiqli davamçısı Prezidentimiz cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun yeni keyfiyyət müstəvisində davam etdirildiyini bildirib, ölkəmizin hazırda dünyada mövqelərinin möhkəmləndiyini, beynəlxalq səviyyədə nüfuzunun daha da artdığını, regionda lider dövlətə çevrildiyini qeyd ediblər.

44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən, şanlı Zəfərlə başa çatan müharibədə Vətənimizin igid oğullarının göstərdikləri şücaətdən, qəhrəmanlıqlardan bəhs edən natiqlər bildiriblər ki, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin Heydər Əliyev siyasətinin nəhəngliyini bir daha aydın şəkildə görə bilməyimizə səbəb oldu.

Konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanan məruzələr ətrafında fikir mübadiləsi aparılıb və rəsm sərgisində nümayiş edilən əsərlərin müəlliflərinə sertifikatlar təqdim edilib.

DİGƏR Xəbərlər Arxiv