YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Azərbaycan dövlətçilk tarixində müdriklik zirvəsinə ucalıb

Emin Bağırov

AMEA Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru

Ümummilli lider Heydər Əliyev haqqında indiyə kimi saysız-hesabsız kitablar yazılıb, ulu öndərin zəngin fəaliyyəti ilə bağlı tədqiqat əsərləri işıq üzü görüb. Bütün bu araşdırmalarla dahi şəxsiyyətin idarəçilik təliminin və quruculuq fəlsəfəsinin dərinliyinə bələdliliyi təsdiqlənib, milli mənəviyyata, əxlaqa, adət-ənənələrə bağlılığı sübuta yetirilib, Vətənə, torpağa sonsuz bağlılığı dəlillərlə, faktlarla dəyərləndirilib. Bununla da Heydər Əliyev Azərbaycan dövlətçilk tarixində silinməz, pozulmaz imzaya çevrilib, adı beynəlxalq aləmdə yüksək nüfuz göstəricisi kimi qiymətləndirilib, gələcəkdən soraq verən müdriklik zirvəsinə ucaldılıb. Bu, haqlı olaraq dahi şəxsiyyətin mənsub olduğu xalqın böyüklüyü, xöşbəxtliyi ilə əlaqələndirilib, şərtləndirilib.

Bu ulu öndərin təkcə zəmanəsinin-dünənin, eləcə də bugünün deyil, gələcəyin də fenomeni olaraq daim diqqət çəkib. Belə bir fikri ona görə qeyd edirəm ki, o, 1969-cu ildə Azərbaycana rəhbərliyə başladığı 14 iyuldan ömürünün sonunadək işində-əməlində xalqın taleyi ilə bağlı bütün məqamlarda gerçəkləşdirdiyi möhtəşəm layihələrlə, sözün əsl mənasında, möcüzə nümayiş etdirib. Məsələn, heç kəsin ağlına gətirə bilmədiyi qısa bir zaman ərzində Azərbaycanı geridə qalan bir aqrar respublikadan aqrar-sənaye ölkəsinə çevirib. Tarixi mədəniyyətə malik olan yurdumuzu bütün dünyada tanıdıb. Ədalətliliyi, xalqına dərin sevgisi ilə insanların inam-etibarını qazanıb. “Qoy ədalət zəfər çalsın!” şüarı ilə haqq-ədalətin tərəfindən dayanıb, Azərbaycanda elmin, ədəbiyytın, mədəniyyətin inkişafı keşiyini çəkib. Respublikamızın hər guşəsini yorulmaz fəaliyyəti ilə gülüstana döndərib və bu möhtəşəm nailiyyətin Sovetlər Birliyində nümunə kimi göstərilməsini şərtləndirib.

Azərbaycanın güclü dövlətə çevrilməsi ümummilli liderin hər zaman əsas məqsədi, başlıca qayəsi olub. Respublika rəhbərliyinə başladığı ilk vaxtlardan etibarən tükənməz enerjisi, idarəetmə istedadı, uzaqgörənliyi ilə bu vəzifənin reallaşdırılması istiqamətində mühüm layihələr həyata keçirə, ən böyük sənaye obyektlərinin tikilib istifadəyə verilməsini reallaşdıra, eləcə də neft sənayesində böyük inkişaf tempi əldə edə bilib.

Beləliklə, ulu öndərimizin 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyi dövründə gerçəkləşdirdiyi islahatların və görülən strateji tədbirlərin fonunda ölkəmiz sürəti inkişaf yolu keçərək keçmiş SSRİ miqyasında xüsusi çəkiyə malik respublikaya çevrilib. Bununla bərabər, paytaxt Bakının inkişafı, burada onlarla sənaye müəssisəsinin yaradılması, mikrorayonların və yeni qəsəbələrin salınması, kəndlərimizin abadlaşdırılması, gənclərin işlə təmin edilməsi, idarəetmədə irəli çəkilməsi kimi məsələlər bu dövrdə Heydər Əliyev hakimiyyətinin əsas prioritetləri kimi diqqət çəkib.

Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə də ölkəmizi beynəlxalq aləmdə tanıtdı. Dahi şəxsiyyətin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də Azərbaycanın XX əsr tarixində siyasi, iqtisadi və strateji əhəmiyyətinə görə ən mühüm müqavilələrdən biri – Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” neft yataqlarının və “Günəşli” neft yatağının bir hissəsinin müştərək işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişlə – “Əsrin müqaviləsi” ilə dövlətimizin yeni neft siyasətinin icrasına başlandı. Ulu öndərin davamlı səyləri nəticəsində “Əsrin müqaviləsi”ndə nəzərdə tutulan, lakin çoxlarının əfsanə hesab etdiyi əsas neft kəməri –Bakı-Tbilisi-Ceyhanın təməli qoyuldu. Qlobal önəm daşıyan bu kəmər Azərbaycanın enerji dəhlizinə çevrilməsi istiqamətində mühüm addım kimi diqqət çəkdi.  

Bu dövrdə ümummilli liderin müstəsna xidmətlərindən biri də Azərbaycanda yaxın illər ərzində sosial -iqtisadi tərəqqini təmin edəcək sahibkarlıq mexanizminin əsasını qoyması, onu bütün ölkə boyu işlək mexanizmə çevirmək üçün qanunvericilik bazasını yaratması və respublikada  yeni yaranmağa başlayan sahibkarlar sinfinin formalaşmasında şəxsən iştirak etməsi oldu. Bu işdə dövlət başçısının qətiyyəti sayəsində ictimai və dövlət mülkiyyətinin özəlləşdirilməsinin yeni dövlət proqramının hazırlanıb çox sürətlə həyata keçirilməsinə start verməsi xüsusilə mühüm rol oynadı.

Dahi şəxsiyyət 1995-ci il iyulun 30-da “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında Dövlət Proqramı”nın təsdiq olunması üçün Milli Məclisə ünvanladığı müraciət məktubunda çox böyük uzaqgörənliklə bu tədbirin mühüm əhəmiyyətini göstərərək yazırdı: “İqtisadi böhrandan əsas çıxış yolu dövlət mülkiyyətinin özəlləşdirilməsindədir, ona görə ki, dövlətin iqtisadi sahədə yeganə inhisarçı olduğu şəraitdə heç bir islahatın aparılması mümkün deyildir”.

Bununla paralel olaraq ulu öndərimiz böyük cəsarətlə aqrar islahatlara start verdi. Qısa vaxtda “Aqrar islahatın əsasları haqqında”, “Sovxoz və kolxozların islahatı haqqında” və “Torpaq islahatı haqqında” qanunlar işlənib hazırlandı və qəbul olundu. Bu artıq fərdi təsərrüfatların, yəni şəxsi mülkiyyətə söykənən sahibkarlığın əsasını yaratmağa geniş imkan açdı.

Bu gün Prezident İlham Əliyev ulu öndərin yaratdığı strategiyaya sadiq qalaraq, məhz dahi şəxsiyyətin zəngin irsinə, ümummulli liderin proqnozlarına əsaslanaraq müstəqil Azərbaycan Respublikasını uğurla inkişaf etdirir. Dövlətimizin başçısı çıxşlarının birində bu barədə deyir “Ulu öndər həmişə olduğu kimi, xalqa son müraciətində də düzgün proqnoz verdi. O, inanırdı və bildirdi ki, onun davamçıları onun görə bilmədiyi işləri görəcəklər, belə də oldu. Biz - onun davamçıları bununla fəxr edirik. Fəxr edirik ki, onun ideyalarını yaşadırıq. Fəxr edirik ki, müstəqilliyimizi möhkəmləndiririk və Heydər Əliyev yolu ilə gedirik və gedəcəyik”. 

Bu gün müstəqil Azırbaycan regionun super gücüdur və eyni zamanda beynəlxalq münasibətlərin vacib elementidir. Bölgədə ölkəmizin iştirakı olmadan heç bir layihə reallaşa bilməz. Bu, ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir. Bütün bunlara görə hər birimiz dahi Heydər Əliyevə minnətdarıq. Bizi qüdrətli edən böyük öndər və onun mütərəqqi strategiyasıdır. Məhz buna görə dahi azərbaycanlı Heydər Əliyev hər zaman qəlbimizdədir!