YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan region layihələrin həyata keçirilməsində önəmli rol oynayır

Eldar Əsədov

YAP Tərtər rayon təşkilatının sədri

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu,  Möhtərəm Prezidentimiz  İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilən siyasi kurs  nəticəsində Azərbaycan Xəzər regionunda da söz sahibi kimi çıxış edir. Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak etmək üçün Türkmənistanda səfərdə olan Möhtərəm Prezidentimiz orada apardığı danışıqları, səsləndirdiyi fikirləri buna əyani sübutdur. VI Zirvə Toplantısındakı çıxışında İlham Əliyev cənabları bildirib ki, nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış  çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməl yaradır.

Bu gün Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Biz Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstəririk. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq. Biz Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımaların hər il artmasını müşahidə edirik. Yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin həcmi artır. Bu limanın tikilməsi və istifadəyə verilməsi Xəzərdə nəqliyyat-logistika infrastrukturunun inkişafı işinə Azərbaycanın daha bir mühüm töhfəsi olub. Aşqabadda VI Zirvə Toplantısının sonunda qəbul edilən qətnamədə Xəzərin sahilyanı ölkələr üçün sülh, əməkdaşlıq və dostluq dənizi olduğu bir daha öz təsdiqini tapdı. 

Aşqabadda keçirilən sammitdə bu reallıq bir daha təsbit edildi. Dünyada dəyişən geosiyasi reallıq fonunda hazırda Azərbaycan Orta Asiyadan, hətta Çindən gələn marşrutları Avropaya aparan yeganə logistik mərkəzdir. Nəqliyyat kommunikasiyası üçün Xəzər dənizinin əhəmiyyətinə xüsusi yanaşmaq lazımdır. Azərbaycan uzun illərdir Transxəzər nəqliyyat dəhlizinin qurulmasında mühüm layihələr həyata keçirir. Möhtərəm Prezidentimizin  vurğuladığı kimi, ölkəmiz Xəzər dənizində ən böyük potensiala malik beynəlxalq əhəmiyyətli Ələt limanını inşa edib. Eyni zamanda, Azərbaycan Çinin təşəbbüs etdiyi “Bir kəmər, bir yol” layihəsinin Xəzərdən keçməklə Avropaya çatması üçün Bakı-Tbilisi-Qars dəmir yolunu inşa edib. İndi isə Azərbaycan işğaldan azad olunan ərazilərdə böyük tikinti-quruculuq işlərinə start verməklə Zəngəzur dəhlizinin qurulmasında aktivlik nümayiş etdirir. Bu dəhlizin istifadəyə verilməsi materik əhəmiyyətli nəqliyyat-logistika qovşağı kimi Azərbaycanın rolunu və nüfuzunu daha da artıracaq”. Azərbaycan hansı bir layihənin həyata keçməsi üçün təşəbbüs göstərirsə ona nail olur. Bir sözlə istər Xəzəryanı dövlətlərin həyata keçirmək istədiyi layihələrdə, istərsə də Cənubi Qafqazda layihələrin gerçəkləşməsi üçün Azərbaycan var qüvvəsini səfərbər edir.