YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İkitərəfli və çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin, təhlükəsizliyin mühüm amilidir

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri

Azərbaycan regional əməkdaşlığın aparıcı qüvvəsi kimi diqqət mərkəzindədir. 2018-ci ildə Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı Konvensiyanın imzalanması regional əməkdaşlığa böyük töhfə kimi dəyərləndirildi. Həmin vaxtdın ötən dörd ilə yaxın zamanda Xəzəryanı dövlətlər arasında həm ikitərəfli, həm də  beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin inkişafına diqqət yetirmək kifayətdir. Əlaqələrin müxtəlif istiqamətlər üzrə möhkəmləndirilməsi, yeni əməkdaşlıq   formatlarının yaradılması ümumilikdə regional sabitliyin, təhlükəsizliyin təmin edilməsi, ölkələr arasında iqtisadi-ticari əlaqələrin, enerji və nəqliyyat sahəsində mövcud olan əməkdaşlığın   daha da inkişaf etdirilməsi və digər aktual məsələlərin həlli üçün mühüm əhəmiyyət kəsb edir. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycan Vətən müharibəsində Qələbədən və Ermənistanla münaqişənin həllindən sonra Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, o cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlər görür. Zəngəzur dəhlizi artıq reallığa çevrilir.

İyunun 29-da Türkmənistanda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında dövlət başçısı İlham Əliyev nitqində bir daha sahilyanı ölkələr arasında əlaqələrin dünəninə baxış fonunda qarşıdakı dövrün hədəflərinə diqqəti yönəltdi. Bildirdi ki, Azərbaycan ölkələrimizin Xəzərdə qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verir. Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir. Çoxillik iş nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edib. Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq.

Hər zaman  Xəzəri təhlükəsizlik, sülh dənizi adlandıran, sabitliyin təməlində ikitərəfli və çoxtərəfli münasibətlərin dayandığını bildirən Prezident İlham Əliyev dənizin hüquqi statusu ilə bağlı sahilyanı ölkələr arasında uzun illər mövcud olan ziddiyyətlərin qarşılıqlı əməkdaşlıq, xüsusi etimad və ehtiramla əvəz olunmasından məmnunluğunu ifadə edir.

Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazasının möhkəmlənməsinin nəticəsidir ki, bölgədə təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və neqativ halların aradan qaldırılması ilə bağlı sazişlər imzalanıb və müəyyənləşdirilmiş prinsiplərə əməl olunur. Əməkdaşlıq barədə sazişlərin əks olunacağı yeni layihələrlə bağlı müzakirələrin aparıldığını qeyd edən Prezident İlham Əliyev bildirmişdir ki, Xəzər dənizinin dibinin sərhədləri barədə ikitərəfli və çoxtərəfli formatlarda hüquqi cəhətdən məcburi sazişlər də mövcuddur.

Bölgədə sabitliyin başlıca şərtləri olan birgə fəaliyyətin əsasını Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri təşkil edir. Region ölkələri xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin əsasını da qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılması istiqamətində birgə çalışmaq niyyəti təşkil edir. Xəzər ətraf ölkələrin nəqliyyat infrastrukturunun genişlənməsi, xidmətlərin və daşımaların keyfiyyətinin yaxşılaşdırılması üçün mühüm mənbədir. Dənizin sahillərində salınmış limanlardan istifadə qabiliyyətinə görə də Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir.
Göründüyü kimi, Azərbaycan regional əməkdaşlığın inkişafında nə qədər maraqlı olduğunu göstərdiyi səyləri, konkret addımları ilə təsdiqləyir.  Əsas məqsəd regionda dayanıqlı sülhün və inkişafın təmin edilməsidir. Qarabağ münaqişəsinin yaşandığı dövrlərdə regionun iqtisadi inkişafında münaqişənin bir maneə olduğu xüsusi qeyd edilirdi. Bu gün artıq o maneə aradan götürülüb. Əvvəldə də qeyd etdiyimiz kimi, tarixi Zəfərimiz yeni reallıqlar yaradaraq yeni tərkibdə əməkdaşlıq formatlarının gündəmə gətirilməsinə geniş imkanlar açır ki, bunların da reallığa çevrilməsi iştirakçı, eyni zamanda, digər ölkələrə böyük iqtisadi imkanlar qazandıracaq. Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında bir daha bu əminlik ifadə edildi ki, Sammit sahilyanı ölkələrin qarşısında dayanan mühüm ümumi məsələlərin həllinə yönəlmiş səylərin birləşdirilməsinə şərait yaradacaq.