YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pərvin Kərimzadə: Qarabağ və Şərqi Zəngəzurun bərpası və inkişafı dövlətimiz üçün prioritet məsələdir

44 günlük şanlı Vətən müharibəsindəki parlaq zəfərdən sonra yeni tarixi mərhələyə qədəm qoyan Azərbaycanın əsas prioriteti işğaldan azad olunmuş ərazilərin bərpasıdır. Bütün azad olunmuş ərazilərimiz dövlətimizin maliyyə imkanları hesabına yenidən qurulur.

Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, ermənilərin illərlə xarabalığa çevirdiyi şəhər və kəndlərimiz indi tikinti meydanını xatırladır,ən ucqar ərazilərdə belə müasir həyat standartları yaradılır. Artıq dünya Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işlərinin fonunda Azərbaycanın öz daxili imkanları hesabına necə əzəmətli və nəhəng layihələri həyata keçirdiyinin şahidi olur. 30 il ərzində düşmənin viran qoyduğu torpaqlarımıza hər gün yeni nəfəs verilir, doğma yurd yerlərimiz gülüstana çevrilir. Müasir standartlara cavab verən yollar çəkilir, beynəlxalq hava limanları tikilir, tarixi, mədəni, dini irsimiz bərpa olunur, "ağıllı kənd" layihəsi həyata keçirilir. Azərbaycan işğaldan azad olunmuş Füzuli şəhərində səkkiz aydan az müddətdə hava limanı inşa edib. İşğaldan azad olunmuş Zəngilan və Laçın rayonlarında hazırda daha iki hava limanının tikintisi davam edir.Azad edilmiş bəzi şəhərlərin baş planları artıq hazırdır. Şuşa şəhərinin baş planı onun möhtəşəm tarixi irsinin qorunması üzərində qurulub.Qarabağ bölgəsi gələcəkdə sənaye mərkəzinə çevriləcək. Bir sözlə, illərlə əsl sahibinə həsrət qalan torpaqlarımızda infrastruktur yenilənir, dədə-baba yurdlarına qayıdacaq soydaşlarımız üçün dünyanın ən müasir imkanlarını yaradır, onların rahat yaşaması, işlə təmin olunması, təhlükəsizliyi, istirahəti üçün hər cür şərait qurulur. İşğaldan azad edilmiş ərazilərdə apardığı bərpa-quruculuq işləri bütün dünyaya nümunə olan Qalib Azərbaycan güclü siyasi iradə nümayiş etdirir.

Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumu çərçivəsində keçirilən “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında çıxışı zamanı ölkə Prezidenti cənab İlham Əliyev bildirib ki, məqsədimiz Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşasıdır. Yeni şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraiti vəhdət təşkil edəcək: “Hesab edirik ki, Azərbaycan tərəfindən belə iri miqyasda aparılan yenidənqurma işləri azad edilmiş ərazilərimizi şəhər inkişafı sahəsində mükəmməllik laboratoriyasına çevirir. Azərbaycan bu sahədə nəhəng təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşəcək.

Bununla yanaşı, azad edilmiş ərazilərdə yenidənqurma sahəsində ölkəmizlə həmrəylik və beynəlxalq dəstək bizim üçün mühüm əhəmiyyətə malikdir. Bu, Azərbaycanın öz nəcib fəaliyyətində tək olmadığı ilə bağlı inamımızı gücləndirəcək”.

Millət vəkili qeyd edib ki, BMT-nin “Dayanıqlı İnkişaf Məqsədləri” proqramına qoşulan və 2030-cu ilə qədər bu məqsədlərə nail olmaq üçün böyük səy göstərən Azərbaycanın əldə etdiyi tərəqqi, eləcə də işğalçıdan təmizlənən ərazilərin dirçəldilməsi və həmin yerlərə həyatın qaytarılması ətrafında müzakirələr mötəbər tədbirin iştirakçılarının diqqət mərkəzində olub. “2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyi”, habelə “Yeni Şəhər Gündəliyi”nin dayanıqlı urbanizasiyanı və şəhərlərimiz üçün daha yaxşı gələcəyi təmin etmək üzrə səyləri istiqamətləndirdiyi xüsusi olaraq qeyd edilib.

“Azərbaycan erməni vandallarının yer üzündən sildiyi 9 şəhər və yüzlərlə kəndi öz maliyyə resursları hesabına dünyanın müasir standartlarına uyğun bərpa edir. Ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyətli, uzaqgörən, praqmatik siyasəti sayəsində işğaldan azad edilən ərazilərdə yaradılacaq əlverişli mühit öz doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayan fədakar və məğrur insanların 30 illik həsrətinə son qoyur”- deyə millət vəkili Pərvin Kərimzadə diqqətə çatdırıb.