YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaxşi gələcəyin möhtəşəm şəhərləri

Tahir Məmmədov

Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru

Azərbaycan Respublikasının möhtərəm Prezidenti İlham Əliyevin bu ilin 27 iyun tarixində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” devizi altında keçirilən 11- ci sessiyasında etdiyi çıxış dərin ictimai-siyasi, fəlsəfi məzmunu ilə uzun müddət önəmli proqram və dəyərli fəaliyyət layihəsi olaraq diqqət mərkəzində olacaqdır. Prezidentimizin  tarixi çıxışının dərin məna və geniş məlumat dolğunluğundan aydın olur ki, 2022-ci il Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzvlüyünün 30 illiyi ərəfəsində ölkəmizin mədəniyyət mərkəzi və paytaxtı olan, erməni caynaqlarından azad edilmiş qədim Şuşa şəhərində  BMT qurumlarının iştirakı ilə ağır münaqişələrdən və pandemiyadan sonrakı zamanlarda Dayanıqlı İnkişaf  Məqsədlərinin əldə olunmasına həsr olunmuş çox vacib tədbir keçirilmiş, bir sıra mühüm işlərin təməli qoyulmuşdur. Xalqımız üçün daha böyük önəm kəsb edən doğma paytaxtımız, uzun illər boyunca  tarixi hadisələrə şahidlik etmiş Bakının qədim simasını qoruyub saxlamaqla bahəm, dünyada bənzəri olmayan bu şəhərin infrastrukturunun yenidən qurulması ilə bərabər, həm də onun müasirləşdirilməsinin təminatı diqqət mərkəzində olacaqdır. Həmişə öz rəngarəng tarixi memarlığı ilə hamının diqqətini cəlb edən Bakı şəhəri həm qədimliyi, İçərişəhəri həm də indiki müasir parkları, bulvarı yeni üslubda tikilmiş binaları ilə səsləşən bir ahəngdarlıq öz gözəlliyi ilə göz oxşayır. Bütün bunlar cənab Prezidentimizin tarixi çıxışında öz intellektual əksini tapmışdır, həmin strareji planlama və səmərəli iş birliyi, sıx əməkdaşlıq 2030-cu ilə kimi Dayanıqlı İnkişaf Gündəliyi, möhkəm urbanizasiyanı və əsasən də şəhərlərimizin daha möhtəşəm gələcəyini təmin etmək üçün mövcud fəal səyləri və məhsuldar qüvvələri bir istiqamətə yönəltməyə imkan yaradacaqdır.

Ölkəmiz öz əzəli, əbədi ərazilərini, abidələri ilə zəngin şəhərlərini, bir- birinə bənzəməyən rəngarəng muncuqlar kimi dağlara, yamaclara səpələnmiş kəndlərini dağıdılmış, xarabazara çevrilmiş şəkildə  işğaldan azad  edərək Vətən müharibəsində öz Qalib və Müzəffər bayrağını həmişəlik qaldırdı. 9 böyük abad şəhəri, yüzlərlə kəndi yer üzündən silinmişdi. Dağıtmaq, məhv etmək xislətli ermənilərin əlindən bir dənə də olsun tikili tapmaq mümkün olmamışdı. Xarici diplomatlar, jurnalistlər beynəlxalq QHT mümayəndələri həmin ərazilərdə öz gözləri ilə görüb şahid olduqları bu vandalizmin izlərini, qəlb dağlayan, ürək üzən mənzərələrini görüb dəhşətə gəlirdilər. Hətta onlar vəhşicəsinə dağıdılmış Ağdam şəhərini “Qafqazın Xirosiması” adlandırmışlar.

Sülhsevər Azərbaycan xalqının  bəşəri ideyalarla yaşayıb yaradan, dünya şöhrətli  humanist  Prezidenti, Qalib və Müzəffər rəhbərimiz  İlham Əliyev  Sülh müqaviləsinin bölgəyə əmin-amanlıq, quruculuq, inkişaf,  hərtərəfli, əməli əməkdaşlıq gətirəcəyini vaxtaşırı vurğulayır. Artıq dünyaya əyan olmuşdur ki, Azərbaycan Ermənistanın 30 illik işğalına baxmayaraq, müharibə səhifəsini çevirərək, münasibətləri normalaşdırmaq və bir-birinin suverenliyini, ərazi bütövlüyünü qarşılıqlı surətdə tanınması prinsipini qəbul edərək, Ermənstanla sülh müqaviləsini imzalamaq üçün hazırdır. Azərbaycan rəhbəri Ümümdünya Şəhər Forumunun gələcək sessiyalarının birinə ev sahibliyi etmək arzusunda olduğunu da bildirmişdir. Yaxşıdır ki, ölkəmiz bu danışıqlar üçün 5 əsas və mühüm prinsipləri irəli sürmüş, Ermənistan da onları qəbul etmişdir. Amma bununla belə rəsmi Ermənistanın hərbi cinayətləri  təəssüf ki, sülh zamanında belə hələ də səngimir.

İşğaldan azad etdiyimiz ərazilərimizdə 1 milyondan çox minanın basdırılması, hələ də həmin yerlərin tam təmizlənməsi problem olaraq qalır. Çox hüzn vericidir ki, mina partlayışları zamanı 220-dən  artıq Azərbaycan vətəndaşı öz həyatını itirmiş, bir çoxları isə şikəst olmuşdur. Yeni  şəhərlərdə, kəndlərdə yaşamaq, işləmək ölkəmizin hədəflərindən biri kimi gündəmdədir. Dayanıqlı İnkişaf Məqsədlərinə inklüziv, təhkükəsiz, dözümlü, dayanıqlı şəhər və kəndlərimizin  bərpası və yenidən tikilməsidir. Böyük vəsait tələb edən bu işlər Azərbaycanın öz maliyyə resusları hesabına aparılır. Azad edilmiş ərazilərdə yenidənqurma sahəsində Azərbaycanla edilən həmrəylik və beynəlxalq dəstək məlumdur ki, böyük önəm daşıyır. Bu da ölkəmizin öz xoşməramlı fəaliyyətində, öz nəcib işlərində kənarda qalmamasına bir işarədir.

Ölkə başçımız çıxışında onu da bildirib ki, “Qarabağ bölgəsinin sənaye mərkəzinə çevriləcək Ağdamda biz on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni şəhər inşa edəcəyik”. Yeni imkanlar zəngin təcrübələr qazanmış Azərbaycanın yenilməz Prezidenti çıxışının sonunda demişdir: “Əminəm ki, yüksək səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübəyə malik  ölkə olan Azərbaycanda Ümumdünya Şəhər Forumunun keçirilməsi uğurlu olacaqdır”.