YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlk Avropa Oyunlarının layiq görüldüyü “Transform Avropa 2015” mükafatı “Bakı-2015”ə təqdim olunub

Xəbər verdiyimiz kimi, “Bakı-2015” ilk Avropa Oyunlarının dizayn üzrə tərəfdaşı “SomeOne” şirkəti Londonda vizual elementlərdən ən yaxşı istifadə nominasiyası üzrə “Transform Avropa 2015” mükafatına layiq görülüb.
Həmin mükafat aprelin 23-də “Bakı-2015” ilk Avropa Oyunlarının Əməliyyat Komitəsinin (BEGOC) baş icraçı direktoru, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimova təqdim olunub. BEGOC-un baş ofisində keçirilən mərasimdə mükafatı nazirə “Bakı-2015”in baş dizayneri Nərgiz Hüseynova təqdim edib.
Bu mükafatı böyük uğur kimi dəyərləndirən Azad Rəhimov ilk Avropa Oyunları ərəfəsində belə nailiyyətin qazanılmasını digər müvəffəqiyyətlərin əldə edilməsinə güclü təkan verəcəyinə əminliyini bildirib.
Mötəbər yarışın başlanmasına 50 gün qaldığını vurğulayan “Bakı-2015”in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq ilk Avropa Oyunlarına hazırlığın yüksək səviyyədə davam etdirildiyini diqqətə çatdırıb. Azərbaycan ilk Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edəcək və bu qəbildən uğurlarımız davamlı olacaq. “Bakı-2015”in brendinin belə mötəbər mükafata layiq görülməsi peşəkar komanda işinin nəticəsidir.
“Transform Avropa” mükafatı brend sahəsində irəli sürülən ən uğurlu, kreativ ideyalar üçün təqdim edilir.
Azərbaycanın təbii gözəlliyindən ilham alınaraq hazırlanan rəngarəng və valehedici “Bakı-2015” brendi ilk Avropa Oyunlarının arenaları, biletləri, uniformaları və bütün rəsmi əmtəə avadanlığının üzərində əks olunur. Brendin mərkəzində Azərbaycan folklorunda birliyin təcəssümü olan nar ağacı yer alıb. Ağacın idmanın müxtəlif növlərinin göz oxşayan piktoqramlarla işlənən hissələri ölkənin zəngin irsini və mədəniyyətini təcəssüm etdirir.