YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Özbəkistan münasibətlərinin əsası Ulu Öndər Heydər Əliyevin Sovetlər dönəmində ölkəmizə rəhbərliyi dövründə qoyulmuşdur

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Prezident cənab İlham Əliyevin cari ilin 21 iyun tarixində Özbəkistan Respublikasına dövlət səfəri ölkələrimiz arasında mövcud əlaqələrin yeni  mərhələyə qədəm qoyması kimi qiymətləndirilməlidir. Azərbaycan-Özbəkistan münasibətlərinin əsası Ulu Öndər Heydər Əliyevin hələ Sovetlər dönəmində ölkəmizə rəhbərliyi dövründə qoyulmuşdur. Özbək xalqına böyük sevgi ilə yanaşan Ulu Öndər Heydər Əliyevin 1970-ci illərdə  Özbəkistana rəhbərlik edən Şərəf Rəşidov ilə dostluğu bütün sovet rəhbərliyinə məlum idi. 1990-cı illərdə isə Ulu Öndər Heydər Əliyevin İslam Kərimov ilə dostluğu da xalqlarımıza məlumdur və bu, iki ölkə arasında olan münasibətlərin bugünkü inkişafının təməli hesab edilir.

Prezident cənab İlham Əliyevin  Özbəkistan Respublikasına dövlət səfəri zamanı Daşkənddə Heydər Əliyev Meydanının açılışının qeyd olunması səfərin xüsusilə diqqət çəkən məqamlarındandır. Daşkəndin mərkəzində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş Meydanın yaradılması Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevə hörmətin, həm də xalqlarımızın qardaşlığının və dostluğunun təzahürüdür. Bütün bunlar Azərbaycan xalqının böyük Liderinin xatirəsinə, bütün Azərbaycan xalqına həqiqi qardaşlıq münasibətidir.

Daşkənddə Heydər Əliyev Meydanının açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs etdi. Ulu Öndər Heydər Əliyev Sovet dönəmində də, müstəqillik dövründə də həmişə xalqın yanında olub. Ən ağır dövrdə, xalqımız təcavüzə, təqiblərə məruz qaldığı vaxtlarda Ulu Öndər xalqın səsinə səs verib və xalqın yanında olduğunu bəyan edib. 1990-cı il yanvarın 20-də, Sovet İttifaqının parçalanmasından hələ iki il əvvəl Ulu Öndər sovet ordusunun Bakıya yeridilməsi, Azərbaycanın yüzlərlə günahsız vətəndaşının öldürülməsi və yaralanması ilə əlaqədar sovet rəhbərliyini açıq pisləmişdi. Ən çətin dövrdə, Naxçıvan Muxtar Respublikası təcavüzə məruz qalanda da dahi şəxsiyyət öz xalqının yanında idi. Naxçıvan Muxtar Respublikasına rəhbərlik edərkən əslində Ulu Öndər Heydər Əliyev Azərbaycanın bu tarixi hissəsini, qədim torpağını təcavüzdən müdafiə etdi. Böyük şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı məhz Naxçıvanda, Sovet İttifaqı dağılandan və Azərbaycan öz müstəqilliyini bərpa edəndən xeyli əvvəl dövlət bayrağı kimi rəsmən qəbul edilib. Vətəndaş müharibəsi dövründə xalqın iradəsi ilə məhz Ulu Öndər Heydər Əliyev 1993-cü ildə vətəndaş müharibəsini dayandırdı və ölkəni inkişaf yoluna çıxartdı. Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi, islahatlar, inkişaf – bütün bunlar dahi şəxsiyyətin adı ilə bağlıdır.

Azərbaycan-Özbəkistan münasibətlərinin qurulmasında Ulu Öndər Heydər Əliyevin xidmətlərinə diqqət çəkən Prezident cənab İlham Əliyev bu gün ölkələrimizin müstəqil xarici siyasət kursu yürüdən, öz resurslarına güvənən, sosial-iqtisadi inkişafda böyük uğurlar qazanmış qüdrətli müstəqil dövlətlər olduğunu qeyd etdi.

İki ölkə arasında münasibətlər bundan sonra da inkişaf etdiriləcək və əlaqlər daha çox sahələri əhatə edəcək. Prezident cənab İlham Əliyev Özbəkistanda geniş tərkibli görüş zamanı bildirdi ki, qarşılıqlı əlaqələr intensivləşməlidir. Məhz intensiv əlaqələr nəticəsində hər bir istiqamət - iqtisadi qarşılıqlı fəaliyyət, əmtəə dövriyyəsinin artırılması, nəqliyyat-logistika sferası, energetika üzrə yaxşı nəticələr əldə olunacaq. Ölkələrimiz bu yolla ticari-iqtisadi sahədə ciddi tərəqqiyə nail ola bilər.

Özbəkistan ölkəmizin ərazi bütövlüyünün bərpası işində Azərbaycanı dəstəkləyən ölkələrdən oldu. Azərbaycan xalqı ən ağır dövrdə özbək xalqının qardaşlıq dəstəyini hiss etdi. Bütün bunlar Azərbaycan-Özbəkistan münasibətlərinin tarixində unudulmaz hadisələrdir. Ölkələrimz dostluq-qardaşlıq münasibətlərini əsas tutaraq hərbi əməkdaşlıq, hərbi-texniki əməkdaşlıq, habelə hərbi təhsil sahəsində əməkdaşlıq istiqamətində əlavə addımlar atacaqlar. Kənar təhdidlərin olması, ölkələrimiz və xalqlarımızın bu təhdidlərlə üzşləşmək risklərinin olması səbəbindən bu sahədə təcrübə mübadiləsi və praktiki qarşılıqlı fəaliyyət həmişəkindən daha vacibdir. Bir sözlə, dünyadakı vəziyyəti nəzərə almaqla hər bir ölkə müdafiə qabiliyyətini möhkəmlətməyə çalışmalıdır.

Ölkələrimiz arasında əməkdaşlıqlar müxtəlif sahələri əhatə edəcək. Azərbaycan və Özbəkistan arasında  həmçinin kənd təsərrüfatı və texnoparkın inkişafı perspektiv əməkdaşlıq istiqamətləridir. Azərbaycanda ipəkçiliyin inkişafı ilə bağlı məsələlərin operativ həllində Özbəkistan yaxından iştirak edib. Bundan əlavə, Özbəkistan hökuməti tərəfindən hədiyyə olaraq Füzuli şəhərində orta məktəb inşa olunacaqdır. İşlərə artıq başlanıb və növbəti tədris ilinə qədər məktəbin istifadəyə verilməsi planlaşdırılır. Bu məktəb praktiki baxımdan həm də bizim qardaşlığımızın rəmzi olacaq. Azərbaycan bunu çox yüksək qiymətləndirir. Qardaşlıq münasibəti ölkələrimiz üçün çox qiymətlidir.

Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinə daim xüsusi diqqət ayrılır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 21 iyun tarixli səfəri zamanı aparılmış danışıqlar və imzalanmış sənədlər bunun əyani təsdiqidir. Müzakirə olunmuş mövzular və əldə olunmuş razılaşmalar iki ölkə arasındakı münasibətlərin gələcək inkişafı üçün əsas olacaq. Azərbaycan və Özbəkistan arasında imzalanmış Strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamə mahiyyət etibarilə münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatdıracaq. Prezident cənab İlham Əliyevin Azərbaycan-Özbəkistan arasındakı gələcək fəaliyyətin yol xəritəsi adlandırdığı Bəyannamədə iki ölkənin xarici siyasətinin prioritetləri əksini tapıb, dövlətlərimizin ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin qarşılıqlı dəstəklənməsi ifadə olunub, eləcə də həyat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə konkret məsələlər və hədəflər müəyyən edilib.