YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətənpərvər gənclər yetişdirən bir ölkənin ordusunun yenilməzliyinə şübhə ola bilməz

Bayram Aslanov

YAP İdarə Heyətinin üzvü 

Ötən əsrin əvvəllərində tarix yazan Azərbaycan Silahlı Qüvvələri bu gün yaranmasının 104-cü illiyini qeyd edir. Yarandığı gündən qarşısına işğal altında olan torpaqların azad edilməsi kimi müqəddəs və məsul vəzifə qoyulan Azərbaycan Ordusu 1 əsrdən sonra əzəli düşmənə elə ağır zərbə vurdu ki, elə bir möhtəşəm Zəfərə imza atdı ki, bu gün xalqımız 26 İyun – Silahlı Qüvvələr Gününü fəxarət və qürur hissləri ilə bayram edir.

Məlum olduğu kimi, müasir dünyada ordu müstəqil dövlətin ən vacib atributlarından biri hesab edilir. Bunu əsas götürən Ümumilli Lider Heydər Əliyev 1993-cü ilin iyununda hakimiyyətə gəldikdən sonra ölkəmizdə həm ordu qurculuğu, həm də silahlı qüvvələrə münasibətdə dönüş yaratdı.

Silahlı Qüvvələr Günü kimi qeyd etdiyimiz 26 iyun tarixinin bərpa olunması da məhz Ulu Öndərin sayəsində mümkün olub. Belə ki, ötən əsrin əvvəllərində istiqlaliyyətini elan edən Azərbaycanda Silahlı Qüvvələrin yaranması Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən Hərbiyyə Nazirliyinin təsis edilməsi, 26 iyun 1918-ci il tarixində qəbul edilən “Müsəlman korpusunun Əlahiddə Azərbaycan Korpusu adlandırılması haqqında” və “Əlahiddə Azərbaycan Korpusu yanında diviziya rəisi hüququnda Xüsusi tapşırıqlar üzrə general vəzifəsinin təsis edilməsi haqqında” tarixi qərarların qəbul olunması ilə baş tutub.

Bundan dərhal sonra Silahlı Qüvvələrimizin ilk qoşunları erməni silahlı quldur dəstələrindən Bakının və digər ərazilərimizin təmizlənməsi yönündə əməliyyatlara cəlb olundu. Əlahiddə Azərbaycan Korpusunun yaranması barədə qərar həmin vaxt ordu yaradılması yönündə ilk addımı kimi qəbul edildiyi üçün 26 iyun 1919-cu il tarixində ölkədə ordu günü qeyd olundu. Cümhuriyyətin mövcud olduğu dövrdə Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Xosrov bəy Sultanov  və digər peşəkar hərbçilərin rəhbərliyi altında yüksək nizam-intizam və döyüş qabiliyyətinə malik silahlı qüvvələr formalaşdırıldı. Bunlar danılmaz tarixi faktlardır. Çünki Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının ilk dövrlərində, o cümlədən 15 sentyabr 1918-ci ildə Bakının azad olunmasında xüsusi şücaət göstərənlər də, ölkənin ərazi bütövlüyü üçün Qarabağda düşmənə qarşı qəhrəmanlıqla döyüşənlər də həmin Silahlı Qüvvələrin əsgərləri idi.

Lakin 1991-ci ilin payızında müstəqilliyin bərpası ərəfəsində Azərbaycanın Ali Sovetində Silahlı Qüvvələrin yaradılması haqqında qanun layihəsi qəbul ediləndə bu tarixi faktlar nəzərə alınmadı, qanunun qəbul edildiyi 9 oktyabr tarixi əsas götürüldü. Halbuki “Azərbaycanın Dövlət müstəqilliyi haqqında Konstitusiya aktı” elan olunda əsas götürülən varisçilik prinsipi ordu quruculuğunda da tətbiq olunmalıydı. Çox təəssüf ki, Azərbaycanın müstəqilliyinin bərpası zamanı hakimiyyətdə olanlar, daha sonra dövlət çevrilişi yolu ilə ölkə rəhbərliyinə yiyələnənlər həmin tarixi faktları anlamaq iqtidarında deyildilər. Bunları başa düşməkdən uzaq olduqları üçün də ordu qurculuğu yolunda heç bir iş görmədilər...

Azərbaycanda Silahlı Qüvvələrin yaradılması üçün ciddi addımlar isə məhz Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin oktyabrında prezident seçilməsindən sonra atıldı. Onun ciddi səyi ilə atəşkəs dövründən istifadə olunaraq bir neçə il ərzində bütün növ qoşunlara malik Silahlı Qüvvələr formalaşdırıldı. Buna görə də müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin yenidən yaradılması və sözün əsl mənasında ordu quruculuğu Ulu Öndərin adı ilə bağlıdır.

Qeyd etdiyimiz kimi, ordu quruculuğu sahəsində ciddi işlər görməklə yanaşı, Ulu Öndər Heydər Əliyev Azərbaycan Ordusunun tarixi haqqını da özünə qaytardı. Azərbaycan Prezidentinin 22 may 1998-ci ildə imzaladığı fərmana əsasən, “9 oktyabrın Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü elan edilməsi haqqqında” 18 sentyabr 1992-ci il tarixdə sabiq dövlət başçısı Ə.Elçibəyin imzaladığı fərmanın qüvvədən düşdüyü və bundan sonra Silahlı Qüvvələr Gününün 26 iyun tarixində bayram edilməsi qərara alındı.

Sonrakı illərdə Silahlı Qüvvələrin daha da gücləndirilməsi yönündə işlər sürətlə davam etdirildi. Ulu Öndərin layiqli davamçısı cənab İlham Əliyev prezident seçiləndən sonra orduya diqqət daha da artdı, hərbi xərclər Azərbaycanın dövlət büdcəsində birinci yeri tutdu. Azərbaycan Silahlı Qüvvələrinin nizam-intizamı, döyüş bacarığı olduqca yüksəldi. Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Ordusunun regionun ən güclü ordusu olması reallığı 2016-cı ildə baş verən aprel döyüşləri, 2018-ci ildə həyata keçirilən Günnüt əməliyyatı və 2020-ci ilin iyul ayında Tovuz rayonu istiqamətində düşmən təxribatlarının qarşısının alınması zamanı öz təsdiqini tapdı.

Bununla belə, 2020-ci ilin sentyabr ayında düşmənin növbəti təxribatı nəticəsində başlayan 44 günlük Vətən müharibəsində həm təcavüzkar Ermənistan, həm də bütün dünya Azərbaycan Silahlı Qüvvələrinin gücünün şahidi oldu. Sözsüz ki, əldə edilən tarixi Qələbədə uzun illərdir vətənpərvərlik ruhunda tərbiyə alan gənclərin rolu danılmazdır. Bunu dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev də dəfələrlə vurğulayıb. Vətənpərvər gənclərin torpaqlarımızın azad edilməsində böyük rolunu müharibədə şücaət göstərərək, şəhid və qazi olanlar arasında gənclərin sayının çox olması da sübut edir.

Beləliklə, ordu quruculuğunda əldə olunan nailiyyətlərin fonunda 26 İyun –Silahlı Qüvvələr Günü müasir və qüdrətli Azərbaycan Ordusuna böyük inamla qeyd olunur. Çünki Ümummilli Lider Heydər Əliyevin ölkənin müstəqilliyi və müdafiəsi naminə gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi yönündə tövsiyələri sayəsində Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri növbəti qalibiyyət salnaməsini yazdı. Bununla sübut edildi ki, vətənpərvər gənclər yetişdirən bir ölkənin ordusunun yenilməzliyinə şübhə ola bilməz.