YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ömrünü vətəninə, xalqına həsr edən əbədiyaşar lider – Heydər Əliyev Vətənə, xalqa xidmət Heydər Əliyevin həyat məramı, ömür amalı olmuşdur

Varis Rüstəmov

YAP Sabirabad rayon təşkilatının sədri

Ulu Öndər Heydər Əliyevin əbədiləşən ömür yolunu düşünəndə belə qənaətə gəlirik ki, ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlər heç zaman unudula bilməz. Heydər Əliyevin Azərbaycana rəhbərliyi ölkəmizin tarixində əsaslı dönüş nöqtəsi olub. O vaxta kimi Azərbaycan adlı respublika nəinki dünya, hətta ittifaq miqyasında o qədər də tanınmırdı. Halbuki respublikamız ittifaqda zəngin yerüstü, yeraltı sərvətləri ilə seçilib. Amma respublikamızın adı ucqar milli əyalətlərdən biri kimi çəkilirdi. Məhz 1969-cu ilin tarixi iyul plenumunda Heydər Əliyevin respublika rəhbəri təyin edilməsi ilə Azərbaycanın tarixində sürətli inkişaf dövrü başlayıb. Qısa vaxt ərzində onun təşəbbüsü ilə mühüm sənaye müəssisələri Azərbaycanın şəhərlərində inşa edilib, təsərrüfat, elm və təhsil sahələrində qətiyyətli islahatlar həyata keçirilib. Heydər Əliyev öz fəaliyyəti ilə Azərbaycanda demokratik cəmiyyətə keçid mexanizmini yaratdı, müstəqil və demokratik cəmiyyət formalaşdırmaq kimi tarixi missiyanın öhdəsindən uğurla gəldi. Ulu öndər güclü dövlət, səmərəli iqtisadiyyat və azad insan amillərinə əsaslanan konsepsiyası ilə müstəqil Azərbaycanın tarixində qızıl səhifələr yazdı. Heydər Əliyevin quruculuq salnaməsi azərbaycanlıların həyatına birdəfəlik daxil oldu. Onun Azərbaycana rəhbərlik illəri milli intibah dövrü kimi əbədiləşdi. XX əsrin 70-ci illərindən etibarən Azərbaycanın siyasi həyatı və bütünlüklə cəmiyyətimiz Heydər Əliyevin böyük səyləri sayəsində inkişafın yeni mərhələsinə qədəm qoymuşdur. Onun respublikaya rəhbərliyə gəlməsindən sonrakı dövr milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı olmuşdur. Heydər Əliyevin yaratdığı siyasi və dövlətçilik məfkurəsi Azərbaycanın dünyada özünəməxsus yerini müəyyənləşdirmiş, dövlətçiliyimizin əsasını təşkil etmiş və dünya azərbaycanlılarının həmrəyliyinin ideya əsasını yaratmışdır.1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı bir əsrdə ikinci dəfə milli dövlətçiliyi dağılmaq təhlükəsinə məruz qalan Azərbaycan xalqını siyasi uçurumdan, deqradasiyadan və sosial-iqtisadi təlatümlərdən xilas etdi. Ötən əsrin sonunda ulu öndərin siyasi uzaqgörənliyi, yorulmaz fədakarlığı və əzmkarlığı Azərbaycanda hökm sürən hərc-mərcliyə, tənəzzülə, vətəndaş qarşıdurmasına son qoydu. Heydər Əliyevin siyasi liderlik keyfiyyətləri, fenomenal şəxsiyyəti, dünyada güclü nüfuzu və strateq məharəti ilə Azərbaycan uğrunda gedən ən kəskin geosiyasi mübarizə və ziddiyyətləri, onların ölkəmizə mənfi təsirlərini tam neytrallaşdırmağa və mübarizədən qalib çıxmağa müvəffəq oldu. Bununla da dövlətçiliyimizin xilaskarının - Heydər Əliyevin dühası sayəsində Azərbaycan uğurlu dövlət modelini formalaşdırdı, gələcək mövcudluğunu və yüksəlişini təmin etdi.Ulu öndərin hakimiyyətə qayıdışı ilə tərəqqi yoluna qədəm qoyan Azərbaycanın suverenliyi, milli mənafeyə əsaslanan inkişafı əbədi, dönməz xarakter aldı, davamlı iqtisadi inkişaf üçün möhkəm təməl yaradıldı, xalqın milli-mənəvi və özünüdərk ruhu, vətəndaşlıq və azərbaycançılıq məfkurəsi yüksəldi. Heydər Əliyevin hakimiyyətinin ikinci dövründə Azərbaycanda ümumbəşəri dəyərlərə söykənən demokratik, hüquqi, dünyəvi və müasir dövlətin ideoloji əsasları və strateji inkişaf istiqamətləri formalaşdırıldı. Dahi rəhbərin fədakar və yorulmaz fəaliyyəti sayəsində müstəqil və milli maraqlara əsaslanan siyasət yürüdən ölkəmiz dünya birliyində mövqeyini gücləndirdi və Cənubi Qafqazın liderinə, regionun sabit inkişaf edən nüfuzlu dövlətinə, dünyada etibarlı tərəfdaşa çevrildi. Ümummilli liderin şah əsəri olan müstəqil Azərbaycan dünya güclərinin hesablaşdığı, regionda gerçəkləşdirilən transmilli layihələrin təşəbbüskarı və fəal iştirakçısı olan dövlət kimi bütün dünyanın diqqətini cəlb etməyə başladı. Ulu öndərin çoxsaylı xarici səfərləri, ikitərəfli və beynəlxalq səviyyədə imzalanmış mühüm saziş və sənədlər, uğurlu neft diplomatiyası, beynəlxalq və regional təşkilatlarla aparılan gərgin iş ölkəmizin inkişafının sürətləndirilməsinə mühüm töhfəsini verdi. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə bərqərar olmuş ictimai-siyasi sabitlik müasir, müstəqil, dünyəvi, demokratik, hüquqi dövlət quruculuğunun həyata keçirilməsi üçün münbit şərait yaratdı. Əsl siyasi lider keyfiyyətlərini bütün parlaqlığı ilə nümayiş etdirən ümummilli lider xalqı səfərbər etməklə çox qısa müddətdə müasir siyasi inkişaf ideyalarını reallaşdırmağa müvəffəq oldu. Milli dövlət quruculuğu islahatlarının uğurla həyata keçirilməsi, qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması, demokratik dəyərlərə əsaslanan hüquq və məhkəmə sisteminin formalaşdırılması, söz və vicdan azadlığının təmin edilməsi, çoxpartiyalı sistemin bərqərar olması, sosial ədalət prinsipinə, bəşəri dəyərlərə, Azərbaycan xalqının milli mənafelərinə əsaslanan milli dövlətçilik modelinin formalaşmasını şərtləndirdi. Bu kontekstdə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunması və ilk parlament seçkilərinin keçirilməsi ulu öndərin dövlət quruculuğu islahatlarının əsas nailiyyətləri sırasında xüsusilə qeyd edilməlidir.
Vətənə, xalqa xidmət onun həyat məramı, ömür amalı olmuşdur. Xoş amalları və əməlləri ilə qədirbilən xalqımızın tükənməz sevgisini qazanmış ulu öndərin adı tarixdə təkrarolunmaz siyasətçi, qüdrətli dövlət başçısı, əfsanəvi şəxsiyyət kimi qalacaq, parlaq xatirəsi yaddaşlarda əbədi yaşayacaqdır.