YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

IX Qlobal Bakı Forumu mühüm siyasi mesajları ilə yaddaşlarda qaldı

Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri

Ölkəmizdə baş tutan  IX Qlobal Bakı Forumu öz siyasi aktuallığı ilə yaddaşlarda qaldı və dünyanın müasir çağırışlarının müzakirəsi baxımından mühüm platforma rolunu oynadı. 16 iyun tarixində keçirilmiş “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunda Azərbaycan Prezidenti cənab İlham Əliyevin çıxışı dünyanı narahat edən bir çox məsələləri, eyni zamanda Azərbaycan həqiqətlərini özündə əks etdirirdi. Ölkə başçısı həmçinin Ermənistana bir sıra mühüm mesajlar  verərək münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün bu ölkənin konkret addımlar atmalı olduğunu bildirdi. Azərbaycan hər zaman sülh və əməkdaşlığın tərəfdarı olub. Lakin təəssüflər olsun ki, bu münasibətləri Ermənistan tərəfində görmək mümkün deyil. Bu ölkə hətta 2020-ci il 10 noyabr tarixdə imzalanmış Üçtərəfli Bəyanatın müddəalarını belə pozmağa çalışır. Nəticədə isə regionda disbalans yaranır. Ermənistan anlamalıdır ki, münasibətlərin normallaşması, regionda sülhün bərqərar olması kommunikasiyaların açılmasından keçir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə əlaqəsi olmalıdır. Ermənistan imzaladığı kapitulyasiya aktı ilə öz üzərinə belə bir öhdəlik götürüb. Odur ki, Zəngəzur dəhlizinin açılması məsələsinin ən qısa zamanda həlli gələcək regional sülhün fundamental elementlərindəndir. Qalib ölkə olaraq Azərbaycanın bunu tələb etmək hüququ var. Ermənistan Zəngəzur dəhlizindən imtina edə bilməz. Əks təqdirdə sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla birgə yaşayış, normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq.

Azərbaycan isə regionda dayanıqlı sülh və təhlükəsizliyin bərqərar olması üçün  birgə yaşayış, normal qonşuluq münasibətlərinin qurulmasında maraqlıdır və təşəbbüskar kimi çıxış edir. IX Qlobal Bakı Forumunda Prezident cənab İlham Əliyev öz çıxışında onu da bildirdi ki, Qarabağda yaşayan erməni əhalisinin hüquqları və təhlükəsizliyi nəzərə alınacaq. Azərbaycan çoxmillətli ölkədir və erməni əhalisi Azərbaycanın heç də ən böyük milli azlığı deyil. Azərbaycanın bütün əhalisinin hüquq və təhlükəsizliyi Konstitusiya ilə təmin edilir. Həmçinin ölkə Konstitusiyasına görə, bütün millətlərin nümayəndələri, o cümlədən, illər boyu Azərbaycanda yaşayan ermənilər bərabər hüquqlara malikdirlər.Təbii ki, Qarabağda yaşayan ermənilər Azərbaycan Konstitusiyasının tələbləri çərçivəsində qalıb yaşamağa davam edə bilərlər. Lakin Ermənistan hökuməti tərəfindən səsləndirilən dırnaqarası status məsələsindən söhbət gedə bilməz. Çünki Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati struktur mövcud deyil. Bir vaxtlar süni şəkildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayəti isə 1991-ci ilin sonlarında Azərbaycan parlamentinin qərarı ilə ləğv edilib. Ümumiyyətlə, coğrafı ərazi olaraq Qarabağ var və bu da beynəlxalq hüquq müstəvisində Azərbaycan ərazisi olaraq tanınır. Odur ki, Ermənistan tərəfi belə absurd fikirlərindən birdəflik əl çəkməlidir. Ermənistanın bu cür əsassız cəhdləri davam etdiyi halda Azərbaycan üçün də Ermənistanın ərazi bütövlüyünü sual altına qoymaqdan başqa çıxış yolu olmayacaq.

Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymaq cəhdi bu ölkə üçün heç də yaxşı olamyan nəticələr verə bilər və bunun üçün Azərbaycanın mühüm hüquqi əsasları da vardır. Belə ki, ötən əsrin 20-ci ilinin noyabrında Azərbaycanın sovetləşməsindən altı ay sonra sovet hakimiyyəti tərəfindən tarixi torpağımız olan Zəngəzur Ermənistana birləşdirilmişdir. Deməli, Ermənistan hakimiyyəti Qarbağda yaşayan ermənilər üçün status tələb etməyə davam etdiyi halda azərbaycanlılar da Qərbi Zəngəzur üçün status tələb edə bilərlər. Bu isə Ermənistan üçün heç də yaxşı olmayan nəticələrə gətirib çıxaracaq. Odur ki, Ermənistan İkinci Qarabağ müharibəsindən yaxşı dərs çıxarmalı və Azərbaycana qarşı olan hər hansı ərazi iddialarında əl çəkməlidir.