YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov: Dağlıq Qarabağ münaqişəsi Avropa Qonşuluq Siyasətinə ciddi təhlükə olmaqda davam edir

"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Şərq Tərəfdaşlığının çoxtərəfli çərçivəsindən tam istifadə edilməsi üçün mane olaraq qalmaqdadır və Avropa İttifaqının birbaşa qonşuluğunda ciddi təhlükə olmaqda davam edir". Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov Şərq tərəfdaşlığında iştirak edən ölkələrin xarici işlər nazirlərinin Lüksemburqda keçirilən 6-cı görüşündə çıxışı zaman deyib.

E.Məmmədyarov qeyd edib: "Biz bununla əlaqədar olaraq Aİ-nin Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq sərhədlərinin toxunulmazlığına ardıcıl öhdəliyi ilə regionda mövcud olan təhlükəsizlik çağırışlarına qəti cavab nümayiş etdirməsini və BMT Təhlükəsizlik Şurasının bununla əlaqədar olaraq qəbul etdiyi müvafiq qətnamələrinin çox tezliklə yerinə yetirilməsinə israrla çağırırıq. Biz Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin region xalqları və bütün beynəlxalq ictimaiyyətin uzun müddət gözlədiyi sülh və təhlükəsizlik gətirəcəyinə qətiyyətlə inanırıq".

E.Məmmədyarov bildirib ki, artıq regiondakı bütün münaqişələrin həllinə münasibətdə yekdil mövqe və həmrəylik nümayiş etdirməyin vaxtıdır:

"Təhlükəsizliklə bağlı davamlı problemlərin olmasına baxmayaraq, Vilnüsdən sonrakı dövrdə Azərbaycan-Aİ ikitərəfli münasibətlərində əhəmiyyətli irəliləyiş qeydə alınıb. Enerji sahəsində strateji tərəfdaşlıq Cənub Qaz Dəhlizinin reallaşmasında Azərbaycan tərəfindən həyata keçirilən konkret tədbirlər sayəsində əhəmiyyətli dərəcədə inkişaf edib. Cənub Qaz Dəhlizinin Bakıda və daha sonra TANAP-ın Türkiyənin Qars şəhərindəki təməlqoyma mərasimləri Azərbaycanın Avropa bazarına alternativ qaz təchizatın qətiyyətli öhdəliyinin aydın təzahürü idi. Azərbaycan Respublikasının Prezidenti, zati-aliləri cənab İlham Əliyevin təşəbbüsü və Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti cənab Maroş Şefçoviçin dəstəyi ilə Cənub Qaz Dəhlizi Məşvərət Şurasının ilk iclası 12 fevral 2015-ci il tarixində Bakı şəhərində keçirildi. Növbəti iclasın yaxın zamanda Türkiyədə keçirilməsi planlaşdırılır".