YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nərimanov rayon təşkilatı Qurtuluş Gününə həsr olunmuş tədbir keçirib

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

Tədbirdə YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə, Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev, Nərimanov rayonunda yerləşən dairə seçki komissiyalarının sədrləri, ictimaiyyət nümayəndələri, ərazi partiya təşkilatlarının sədrləri iştirak ediblər.

Tədbirdən öncə YAP Nərimanov rayon təşkilatının foyesində ulu öndər Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyulub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra xalqımızın taleyində və tarixində silinməz izlər qoymuş Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışını zəruri edən tarixi faktları özündə əks etdirən qısametrajlı film nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev Milli Qurtuluş Gününün Azərbaycanın müasir tarixində və inkişafında olan rolundan bəhs edib.

YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə və Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev bildiriblər ki, Azərbaycanın çağdaş tarixi Ulu Öndərin 1993-cü ilin iyun ayında hakimiyyətə gəlməsi ilə bilavasitə əlaqədardır. Qeyd olunub ki, Ümummilli Liderin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmiz inkişaf yoluna qədəm qoydu, respublikamızda mühüm siyasi və iqtisadi islahatların həyata keçirildi, neft strategiyası reallaşdırıldı, cəbhədə atəşkəs əldə olundu, nizami ordu quruculuğu prosesinə başlandı, cəmiyyətin inkişafı üçün fundamental əsaslar yarandı. Vurğulanıb ki, Ulu Öndərin işləyib hazırladığı müasir, müstəqil dövlət quruculuğu konsepsiyası Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoyub.

Digər çıxış edənlər də ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişafın dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadığını vurğulayıblar.

Tədbirdə YAP Nərimanov rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup ərazi partiya təşkilatlarının sədrlərinə fəxri fərmanlar, könüllü gənclərə sertifikatlar, partiya sıralarına yeni qoşulan gənclərə üzvlük vəsiqələri təqdim olunub.

Tədbir konsert proqramı ilə davam edib.