YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

29 illik epopeya və ya tənəzzüldən tərəqqiyə aparan yol

Mirsüleyman Mirxaslı

YAP Cəlilabad rayon təşkilatının sədri  

İmperiyaların çöküşü həmişə böyük kataklizmlərlə müşaiyət edilib və bu kataklizmlər də həmişə şüurlu surətdə  yaradılıb. Tənəzzülə uğrayan metropoliya bunu bir çox hallarda qəsdən, məqsədyönlü şəkildə həyata keçirir və bir məqsəd güdür; İmperiyanın parçalanması nəticəsində  yaranmış  yeni, post-kolonial dövlətlərin inkişafını əngəlləmək, daim zəif olmasına nail olmaq,  öz orbitində saxlamaq və təbii ki, bu dövlətin iqtisadi və siyasi imkanlarını yeni üsullarla  istismar etmək.

Bunun üçün iki üsuldan; ya bu dövlətlərin idarə edilməsi üçün başına marionet bir rejim gətirilir, ya da, müasir leksikonda “idarə edilən konfliktlər” deyilən, heç vaxt bitməyən, sadəcə zaman-zaman dondurulan və zərurət olanda alovlandırılan hibrid müharibələr variantından istifadə edilir.

Buna müasir siyasi leksikada “Neokolonializm” deyilir. Adının başındakı “neo” – yəni “yeni” kəliməsindən də bunun “yeni növ kolonializm” olduğu anlaşılır. Neokolonializmin ənənəvi, klassik kolonializmdən fərqi odur ki, bu halda ölkələrarası münasibətlərin formatı əvvəlki  kimi açıq tabeçilik üsullarına yox, görüntü  olaraq,  daha  sivil  münasibətlərə bənzədilir.  Bunun bariz nümunəsini biz, 1947-ci ildə Britaniya Hindistanının parçalanmasından sonra Hindistan yarımadasında  yaradılmış və aralarında hələ də ərazi  konfliktləri  olan  Hindistan və Pakistanın, habelə şərti olaraq Frans-Afrika adlanan və Afrikada, 1960-cı ildən etibarən formal müstəqillik almış – keçmiş Fransa koloniyalarının timsalında görmək olar. Bir cümlə ilə tərifini verməyə çalışsaq; “Neokolonializm”, böyük  və inkişaf etmiş  dövlətlərin, yeni müstəqillik qazanmış  gənc  və  zəif  dövlətləri  qeyri-bərabər  iqtisadi  və  hərbi-siyasi  münasibətlər vasitəsilə  asılılıqda  saxlaması və istismarı, ekspluatasiyası kimi başa düşülür.   

Sovet dövlətinin çöküşündən sonra bənzər proseslər Cənubi Qafqazda da, başqa yerlərdə də gedib. Regionumuzda bunun ən qabarıq nümunəsini Ermənistanın  - ərazisindəki irili-xırdalı demək  olar ki, əksər sənaye  müəssisələri  başqa dövlətə peşkəş edilmiş, sərhədlərini başqa  dövlət  qoruyan, forpost Ermənistanın timsalında  görmək  olar.   

Cənubi Qafqazda çox mühüm coğrafi-strateji mövqeyə  malik  iki  ölkə var. Bunun biri Gürcüstan, digəri isə Azərbaycandır.  Gürcüstan qərbə - neytral sulara, Azərbaycan isə  şərqə - Mərkəzi Asiyaya qapı sayılır. Lakin Gürcüstandan fərqli olaraq Azərbaycanın daha bir üstünlüyü var. Azərbaycan həm də zəngin təbii ehtiyatlara malik olan bir ölkədir. Belə üstünlüklərə  malik bir ölkənin öz resurslarına sahib olması, tam müstəqil siyasət yürütməsi, nəticədə də inkişaf edib güclü bir dövlətə çevrilməsi,  təbii ki, bəzi ölkələri qane etmirdi, indi də etmir. Bu səbəbdən də Ermənistan kimi  marionet, forpost  ölkələrdən  maşa  kimi  istifadə  edilir, lokal hərbi münaqişə, habelə  daxili  hakimiyyət çəkişmələri körüklənməklə ona qonşu olan dövlətlər – xüsusilə Azərbaycan zəiflədilməyə, əhalisinə ruh düşkünlüyü  təlqin  edilməyə, həqiqi, real deyil, nominal müstəqilliyə malik “Kvazi” (oyuncaq) dövlət yaradılmağa  çalışılırdı.

Guya  Azərbaycanın  müstəqilliyi uğrunda  mübarizə  aparmaq  görüntüsü  verən  bəzi  siyasi  qüvvələr  də  ya  həddən  artıq  marjinal – yəni nə istədiyini bilməyən, diletant, macərapərəst ya da başqa dövlətlərin maraqlarına  xidmət edən ünsürlərdən ibarət rəngarəng bir mozaikadan başqa  bir  şey deyildi.  Nə qədər  paradoksal  olsa  da, bu  mənzərə  eynən  1918-ci  ili  xatırladırdı.

O zamankı iqtidarın AXC-MÜSAVAT tandeminin dövləti tamamilə iflasdan qorumaq üçün  atdığı bəlkə də yeganə doğru addım,  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsini tutan Heydər Əliyevi Bakıya  dəvət etmək oldu. Belə bir şəraitdə hakimiyyətə  gələn Heydər Əliyevin gələcəkdə bəlkə də siyasi dərsliklərə düşməli olan iki mühüm addımını qeyd etmədən, o epopeyanı qiymətləndirmək mümkün deyil.

İlk addımın - bizim lehimizə olmayan, qeyri-bərabər  müharibənin dayandırılmalı  olduğunu  anlamayan yox idi  və  Bişkek  şəhərində Ermənistanla belə bir protokol imzalandı. Ancaq hansı şərtlərlə?

Tarixdən  bizə  “Brest-Litovsk” sülh  müqaviləsi  deyilən  bir  müqavilə  məlumdur. Bu müqavilə, 1918-ci ildə imzalanıb  və Rusiyanın  1-ci  Dünya  Müharibəsində  məğlubiyyətini  rəsmiləşdirib. Təbii ki, müharibədən çıxmaq istəyən, məğlub  dövlət  kimi  Rusiyanın bir bədəl, əvəz  ödəməsi  və  hətta  torpaqlarının da bir qismindən imtina etməli olduğu  nəzərdə  tutulmuşdu. O zaman Lenin “Rusiya torpaqlarını satdı”, kimi  ağır ittihamlara  məruz  qalır və nəhayət məcbur qalıb bu ittihamlara belə cavab verir; “İndi  bizə  Böyük  Rusiyanı  qorumaq vacibdir,  o torpaqlar  isə  bir gün verildiyi  kimi, bir gün də geri alınacaq”. 

Azərbaycan Bişkekdə, Sovet Rusiyasından fərqli olaraq,  sadəcə  atəşkəs  protokolu  imzalamışdı,  heç  bir  ərazisini  güzəşt etməmişdi  və bu addımı da, ölkədə sabitlik yaratmaq, nizami  ordu qurmaq,  torpaqları azad edə bilmək üçün  vaxt qazanmaq  naminə atmışdı. Bununla belə, bu addım – yəni Bişkek protokolunun imzalanması radikal müxalifət tərəfindən çox sərt tənqid atəşinə tutuldu.

Bu intervalın, “tənəffüsün” qazanılması Azərbaycana nə verdi?

İlk növbədə vətəndaş qarşıdurmasına son verildi, separatizmin qarşısı alındı, bütün başıpozuq, yarımhərbi dəstələr buraxıldı və nizami ordu quruculuğuna  start  verildi, iqtisadi tənəzzülün qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər həyata keçirildi və bütün  frıldaqçı  maliyyə  piramidaları  ləğv edildi.

Amma ən mühümü irəlidəydi. “Bişkek protokolu” adlanan atəşkəsdən cəmi 4 ay sonra  dünyanın ən nüfuzlu 8 dövlətinin 11 nəhəng şirkəti ilə “Əsrin Müqaviləsi” adlanan neft müqaviləsinin imzalanması  Heydər Əliyevin  şah  əsəri sayıla bilər.

Bu müqavilə Azərbaycana nə verdi?

1-cisi, Bu müqavilə, ilk növbədə bizi kənar müdaxilədən qorumuş oldu, bizə beynəlxalq miqyasda himayə qazandırmış oldu. Dünyanın ən nüfuzlu və güclü dövlətlərinə qarşı çıxmağa heç kəs cürət etmədi.  

2-cisi; Dağlıq Qarabağın beynəlxalq hüququn subyekti kimi tanınmasının qarşısını aldı.  Konsorsiuma daxil olan dövlətlərin 5-i ermənilərin ən çoxsaylı  diasporalarının yaşadığı dövlətlər idi. Erməni diasporunun 30 il ərzindəki fəaliyyətinin  nəticəsiz qalmasının əsas səbəblərindən biri də məhz bu idi. Dünyada ədalətin, “beynəlxalq hüquq” deyilən bir şeyin olmadığını biz artıq son 30 ilin acı təcrübəsindən bilirik və dövlət başçımız da çıxışlarında bunu dəfələrlə səsləndirib. Onu da unutmayaq ki, yaxın tarixdə bir “Kosovo” presedenti  də var.

3-cüsü; Bu müqavilə, Azərbaycana əsas fiqurant kimi Ermənistanı regional layihələrdən təcrid etməyə və iqtisadi inkişafını əngəlləməyə imkan verdi ki, müharibə vəziyyətindəki rəqib dövlətə qalib gəlməyin birinci   şərti, onu məhz iqtisadi cəhətdən  tənəzzülə uğratmaqdan keçir. Bu gün biz bunun analogiyasını “kollektiv Qərb - Rusiya” qarşıdurmasında da görürük.

Prezident İlham Əliyev televiziya çıxışlarının birində, böyük dövlətlərin - daha qısa və ucuz olacağı üçün - neft kəmərlərinin Gürcüstandan deyil, məhz Ermənistandan keçməsini tələb etdiklərini, bu səbəbdən inanılmaz təzyiqlərə məruz qaldıqlarını, lakin Azərbaycanın qətiyyətlə buna qarşı çıxdığını,  qeyd etmişdi.

4-cüsü; Bu müqavilə Azərbaycana həm ordu quruculuğu, həm də iqtisadi inkişaf üçün böyük maliyyə dəstəyi  qazandırdı. Bu gün bizə Qarabağ zəfərini qazandırmış, dördüncü nəsl müharibə strategiyasını mənimsəmiş və ən müasir silahlarla təchiz edilmiş peşəkar ordu, məhz bu fəaliyyətin nəticəsi olaraq ərsəyə gəlib.

Zənn etməyək ki, bütün bunlar rahat, asan başa gəldi. Prezidentin sabiq köməkçisi Eldar Namazov öz müsahibələrindən birində etiraf edirdi ki, bu müqavilə son dərəcə məxfi hazırlanmışdı və imzalanmadan cəmi bir həftə əvvəl, bu barədə açıqlanma verilmişdi. Bu qədər az müddət isə effektiv təxribatların hazırlanması üçün kifayət deyildi. Bununla belə, təxribatlar baş verdi. Prezidentin təyyarəsinin vurulmasına edilən cəhd də, MTN-in təcridxanasından xüsusilə təhlükəli cinayətkarların  qaçırılması da, iki yüksək vəzifəli dövlət xadiminin (A.Cəlilov və Ş.Rəhimov) qətl edilməsi də belə təxribatlardan idi və dövlətimizə xəbərdarlıq xarakteri daşıyırdı.  Amma Heydər Əliyev geri çəkilmədi və tarixi müqavilə imzalandı. Bu hadisədən sonra  ölkəmizin  həm siyasi, həm iqtisadi həyatında böyük  rol  oynayan  “Bakı-Ceyhan”, “Bakı-Ərzurum”, “Traseka”, “Transxəzər”, “İpək yolu” və  s. layihələr  həyata  keçirildi ki, bu da həyatın bütün sahələrində tərəqqi və dirçəlişə gətirdi.

Həm Ümumilli Liderimizin, həm də onun siyasi varisi, Prezident İlham Əliyevin  tez-tez qürurla  dilə  gətirdikləri – “Biz  tam müstəqil siyasət yürüdən və heç kəsdən asılı olmayan bir dövlətik” cümləsinin altında yatan səbəblər bunlardır. Bizi bu günlərə - müzəffər, inkişaf edən, müasir və qüdrətli  Azərbaycana gətirən proseslərin, 10 Noyabr 2021-ci il, Qarabağ zəfərinə gətirən yolun başlanğıc, istinad nöqtəsi  məhz 1993-cü il  iyun ayının 15-də atılıb. Ona görə də, Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günü – deyərdim ki,  hətta əsl, həqiqi, real müstəqilliyinin təməlinin qoyulduğu  günüdür.

Nə qədər ki, Heydər Əliyev siyasi kursu, həmçinin bu kursu addım-addım, zərgər dəqiqliyi ilə, ardıcıl olaraq davam etdirən İlham Əliyev kimi müdrik sərkərdəmiz  var, dövlətimiz daima  müstəqil, müzəffər və mürəffəh olaraq  mövcudiyyətini qoruyacaq.

DİGƏR Xəbərlər Arxiv