YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Bakı İdman Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub

Aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, “Bakı 2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Bakı İdman Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olublar.
Gənclər və idman naziri Azad Rəhimov görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verdi. Bildirildi ki, təmir zamanı binanın damı və fasadı, işıqlandırma sistemi yenilənib, ətrafda geniş abadlıq-quruculuq və yaşıllaşdırma işləri görülüb.
Müasir tələblərə uyğun yenidən qurulan binada Olimpiya və Paralimpiya oyunlarının keçirilməsi üçün bütün şərait yaradılıb.
Bakı İdman Sarayı əsas idman zalı və texniki binadan ibarətdir. Burada ümumilikdə, 32 min kvadratmetr sahədə əsaslı təmir işləri aparılıb. Üç mərtəbəli binada təmir işləri ən yüksək səviyyədə, beynəlxalq tələblər nəzərə alınaraq görülüb. Birinci Avropa Oyunları zamanı bu qurğuda idmanın badminton və stolüstü tennis növləri üzrə yarışların keçirilməsi nəzərdə tutulur. Təmirdən əvvəl tamaşaçı oturacaqların sayı 1100 idisə, indi bu rəqəm 1736-ya çatdırılıb. Tamaşaçı oturacağı yerlərinin sayının artırılması üçün zalda əlavə olaraq ikitərəfli tamaşaçı tribunası inşa edilib. Binada, həmçinin hakimlər, mətbuat nümayəndələri və VİP qonaqlar üçün də xüsusi otaqlar yaradılıb. Badminton və stolüstü tennis yarışlarının keçirildiyi yerlərlə bağlı Beynəlxalq Federasiyaların tələbləri nəzərə alınaraq burada xüsusi ağıllı idarəetmə sistemli, hava axınını horizontal istiqamətdə bərabər şəkildə paylayan havalandırma sistemi qurulub. İdman sarayında dopinq yoxlama otağı, tamaşaçılar, idmançılar və mətbuat nümayəndələri üçün kafelər və digər zəruri bölmələr yaradılıb. Bundan başqa, burada “Bakı 2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin əməkdaşlarının iş və istirahət otaqları, iclas və toplantı zalları da var. İdman qurğusundakı püşkatma zalı, idarə heyətinin iş, müsahibə, VİP qonaqların gözləmə və yarışları izləmə, beynəlxalq federasiya nümayəndələrinin işçi, səs sistemlərinin idarə edilməsi və yarışların əlaqələndirilməsi otaqları da ən müasir səviyyədədir. Binanın daxilində 6 lift şaxtası inşa edilib və müasir liftlər quraşdırılıb. Bununla da, fiziki imkanları məhdud olan tamaşaçıların və gələcəkdə paralimpiyaçı idmançıların binanın bütün sahələrindən tam istifadə edə bilmələrinə hərtərəfli imkan yaradılıb. Bina transformator yarımstansiyası, generator və qazanxana ilə də təchiz edilib. Sarayın qaz, su, kanalizasiya, elektrik, rabitə və fiberoptik internet xətləri yenilənib.