YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abşeron rayonunda şəhidlərin və şəhid övladının doğum günləri qeyd olunub

44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan igidlərimizin və şəhid övladının doğum günləri qeyd edilib.

“Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medallarına layiq görülən şəhid mayor Həsənov Elşad Paşa oğlunun 41-ci, “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülən şəhid Musayev Vüsal Sakit oğlunun 26-cı doğum günü, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medallarına layiq görülən şəhid mayor Rəhim Hüseynovun oğlu Fikrət Hüseynovun isə 5 yaşı qeyd olunub.

Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid ailələri və qazilərlə birgə İkinci Fəxri xiyabanda uyuyan şəhidlərimizin məzarlarını ziyarət edib. Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi yad olunub, ruhlarına dualar oxunub, məzarları üzərinə tər çiçəklər düzülüb.

Mərasimlərdə şəhidlərimizin keçdiyi döyüş yolundan danışılıb, onların göstərdiyi xidmətlərdən və şücaətlərdən bəhs edilib.

Şəhid mayor Həsənov Elşad Paşa oğlunun anım mərasimi Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində davam etdirilib. Mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni oxunub, ümummilli lider Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidimizin həyat və fəaliyyətini özündə əks etdirən sənədli film nümayiş olunub.

Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bildirib ki, ulu öndər Heydər Əliyev xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra respublikamız intibah dövrünü yaşayıb, ağır günlərdən xilas olub. Məhz ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu güclü dövlət, güclü iqtisadiyyat və güclü ordu quruculuğu son nəticədə Azərbaycanın çiçəklənməsinə və işğal olunmuş torpaqlarımızın azad olunmasına gətirib çıxardı. Bu siyasətin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, müstəqillik dövründə döyüş ruhlu ordumuzun daha da gücləndirilməsi 44 günlük Vətən müharibəsində xalqımızın Zəfər qazanmasına gətirib çıxardı.

Ölkəmizdə şəhid ailələrinə dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini qeyd edən RİH başçısı Abşeron rayonunda bu diqqətin bundan sonra da daimi olacağını bildirib.

Daha sonra YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, şəhid Elşad Həsənovun atası Paşa Həsənov, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova, din xadimi Rasim Xudaverdiyev və digərləri çıxış edərək Azərbaycanın döyüş meydanında qazandığı Qələbədən, idiglərimizin qəhrəmanlıqlarından, ordumuzun gücündən, dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi qayğıdan danışıblar.

Şəhid ailələri də öz növbələrində ölkəmizdə onlara dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini vurğulayıb və buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyeva təşəkkürlərini ifadə ediblər.

Sonda ölkəmizin incəsənət nümayəndələrinin, Xırdalan şəhər 11 illik musiqi məktəbinin hazırladığı bədii kompozisiya təqdim edilib, məktəblilər Vətənə, Qələbəyə aid şeirlər səsləndiriblər.