YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük qayıdış, milli qurtuluş, davamlı inkişaf, möhtəşəm qələbə - bunlar şanlı tariximizdir

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri

Son 30 ildə müstəqil Azərbaycanımızın şanlı tarixinə bir sıra əlamətdar, yaddaqalan, unudulmaz günlər həkk olunmuşdur. 15 iyun - Milli Qurtuluş Günü, 18 oktyabr Müstəqilliyin Bərpası Günü, 8 noyabr Zəfər Günü, 17 noyabr Milli Dirçəliş Günü, 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü, 12 noyabr Konstitusiya Günü, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bu deyilənlərə əyani misaldır.

Qeyd olunan tarixi günlər içərisində 15 iyun - Milli Qurtuluş Günü xalqımızın taleyində xüsusi əhəmiyyətə malik bir gündür. Xalqımızın yaşlı və orta nəslin nümayəndələri 1993-cü ilin iyun günlərini yaxşı xatırlayırlar. Azərbaycan xalqı illərlə arzusunda olduğu və 1991-ci ildə qazandığı müstəqilliyini itirmək təhlükəsilə üz – üzə qalmışdı. Hakimiyyət böhranı, xaos, özbaşnalıq, anarxiya bütün respublikanı bürümüşdü. Qanunlar işləmirdi, qanunsuz silahlı birləşmələr vətən torpağını qorumaq əvəzinə hakimiyyətə gəlmək həvəsinə düşən bəzi üzdəniraq şəxslərə xidmət edirdilər. Azərbaycan faktiki olaraq idarə olunmurdu.

Müdrik xalqımızın yeganə ümidi o vaxtlar Naxçıvanda olan dahi şəxsiyyət, Türk dünyasının böyük oğlu Heydər Əliyev idi. İnsanlar əmin idilər ki, xalqımızı düşdüyü fəlakət girdabından yalnız və yalnız Ulu Öndər Heydər Əliyev çıxara bilər. Uşaqdan - böyüyə hər kəs nicat yolunu böyük dövlətçilik təcrübəsinə malik olan ümummilli liderimizdə  görürdü. Xalqımız ulu öndərə təkidlə müraciət etdi ki, Azərbaycanı düşdüyü bu çətin bəladan qurtarsın. Azərbaycanı canından əziz sevən Ulu Öndər Heydər Əliyev xalqın israrlı tələbini qəbul etdi. Böyük risklərə baxmayaraq, o çətin anda Ulu Öndər dövlətin və dövlətçiliyin qorunması məsulliyətini öz üzərinə götürdü. Vətəndaş müharibəsinin qarşısını alaraq qısa müddət ərzində ölkəmizdə böhranlı vəziyyəti sabitləşdirməyə nail oldu. Ölkəni dərin ictimai – siyasi böhrandan çıxardı. Qanunsuz silahlı birləşmələri ləğv etdi. Qanunların aliliyini təmin edən hüquqi dövlət quruculuğu prossesini sürətləndirdi. Dövlət müstəqilliyinin qorumasında və möhkəmləndirilməsində, dövlətimizin beynəlxalq aləmdə uğurlar qazanmasında müstəsna xidmətlər göstərdi.

Ümummilli liderimizin ən böyük arzularından biri müstəqil Azərbaycan dövlətini qurmaq idi. Dahi şəxsiyyət əbəs yerə deməmişdir ki: “Mən ya müstəqil Azərbaycan dövlətini quracağam, ya da bu yolda

şəhid olacağam.” Ulu öndər arzu etdiyi müstəqil Azərbaycan dövlətini qurdu, dayanıqlı inkişafın təməlini qoydu və ölkəmizi dünyaya tanıtdı.

Dövlət müstəqilliyimizin qorunub saxlanılması heç də asan olmadı. Belə ki, 1993 – 2003-cü illərdə xarici və daxili düşmənlərimiz tərəfindən dövlət çevrilişlərinə cəhdlər olunsa da, Ulu Öndərimiz bu cəhdlərin qarşısını qan tökmədən, müdrik və uzaqgörən siyasətilə aldı. Azərbaycanın ən ağır dövründə dövləti idarə etmək yükünü öz üzərinə götürən dahi Heydər Əliyev çıxışlarının birində demişdir: “Hamı bilsin ki, məni heç bir şey qorxutmur. Mən Azərbaycan Respublikasının bu ağır dövründə bu ağır yükü öz üzərimə götürmüşəm. Ona görə yox ki, bu vəzifə mənə lazımdır. Bəziləri buna can atırlar. Ona görə götürmüşəm ki, öz bacı – qardaşlarıma, torpağıma xidmət edim. Mən bütün bu təxribatçıların, terrorçuların qabağında durmuşam və duracağam. Azərbaycanın müstəqilliyini qorumuşam və qoruyacağam. Əgər hər hansı bir namərd gülləsi, hər hansı terrorçu gülləsi məni həyatdan götürərsə, özüm də, övladlarım da müstəqil Azərbaycanın yaşaması yolunda qurban olmağa hazırıq.”

Xoşbəxtliyimiz ondadır ki, bu gün ümummilli lider Heydər Əliyevin ideyaları yaşayır və qalib gəlir. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuz işğal altında olan torpaqlarımızı  işğaldan azad edərək, xalqımızın 30 illik doğma yurd – yuva həsrətinə son qoydu. Bu gün həmin ərazilərdə bərpa – quruculuq işləri sürətlə davam edir, yeni infrastruktur yaradılır. Ölkədə bütün sahələr üzrə  davamlı inkişafa nail olunub. Bu gün Azərbaycan Cənubi Qafqazın lider ölkəsinə çevrilib.

İllər ötəcək, nəsillər dəyişəcək, amma müstəqil Azərbaycan dövlətinin qurcusu və memarı ümummilli lider Heydər Əliyev və onun tarixi xidmətləri xalqımızın yaddaşında əbədi qalacaqdır və heç zaman unudulmayacaqdır. Çünki, dahilər ölmürlər, onlar əbədiyyətə qovuşurlar.

DİGƏR Xəbərlər Arxiv