YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bütün uğurlara görə Ulu Öndər Heydər Əliyev siyasətinin müdrik gücünə borcluyuq

Naqif Həmzəyev

Milli Məclisin deputatı

Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri və tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür.

1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu.

Xatırladaq ki, 90-cı ilin əvvəllərində başlayan Azərbaycanda Milli-Azadlıq Hərəkatı Azərbaycanın müstəqilliyi ilə nəticələndi: “Ancaq Azərbaycan müstəqillik əldə etsə də, təəssüflər olsun ki, Ermənistan və havadarları torpaqların bir hissəsini işğal etmək, Dağlıq Qarabağı öz ərazilərinə qatmaq və ya qondarma respublika yaratmaq niyyətində oldular.

Həmin dövrdə AXC-Müsavat cütlüyü hakimiyyətdə idi. Təəssüflər olsun ki, idarəçilik təcrübəsi olmayan və müəyyən qüvvələrin təsiri altında fəaliyyət göstərən məmurların səriştəsizliyi nəticəsində qardaş qırğını baş verdi. Bu qırğınların kulminasiya nöqtəsi ilə Gəncədəki 4 iyun hadisələri idi. Azərbaycanın çıxılmaz vəziyyətdə olduğunu görən o zamankı Azərbaycan Prezidenti mərhum Əbülfəz Elçibəy müxalif partiya olan Yeni Azərbaycan Partiyasının sədri, Naxçıvan Ali Sovetinin sədri Heydər Əliyevi Bakıya dəvət etdi və Azərbaycanı vəziyyətdən çıxarmaq üçün onun yardımına ehtiyac olduğunu bildirdi, özü isə Naxçıvana getdi.

Dahi şəxsiyyət Heydər Əliyev həmin dövrdə birbaşa Ali Sovetin sədrliyini qəbul etmədi. İlk olaraq Gəncəyə səfər etdi. Qardaş qırğınının qarşısını aldı və xalqa arxalanaraq Azərbaycanın taleyini dəyişdirə bildi. Azərbaycanın müstəqilliyini bitirmək, ölkəni parçalamaq istəyən qüvvələrin qarşısında durdu və Azərbaycanı xilas etdi. Nəhayət 1993-cü ilin 15 iyununda Ulu Öndər Heydər Əliyev Ali Sovetin sədri seçildi. Bu taleyüklü missiyanı üzərinə götürən Ulu Öndər Azərbaycanı bəlalardan xilas etməyə başladı.

24 iyunda isə Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verildi və faktiki olaraq Ulu Öndər hakimiyyəti idarə etməyi öz üzərinə götürdü. Çox çətin də olsa, bu missiyanın öhdəsindən gələ bildi.

Ulu Öndər Heydər Əliyevin Azərbaycanı bəlalardan xilas etdiyinə, regionun ən güclü ölkəsinə çevirməsi missiyasını yerinə yetirdiyinə görə 15 iyun tarixinin Milli Qurtuluş Günü kimi qeyd olunması təklifi irəli sürüldü. 1993-cü ilin iyun ayında Milli Məclisdə bu bayram elan edildi. Biz tarixi günlərimizlə yanaşı, Milli Qurtuluş Gününü də sevərək, fərəh hissi ilə qeyd edirik. Biz əldə etdiyimiz bütün uğurları Ulu Öndər Heydər Əliyevə, dahi şəxsiyyətin siyasətinin müdrik gücünə borcluyuq.

Bu gün də Prezident cənab İlham Əliyevin rəhbərliyi altında əldə etdiyimiz bütün uğurları məhz Ulu Öndər Heydər Əliyevin bizlərə əmanət etdiyi bu siyasətin davamı olaraq dəyərləndiririk.