YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Texniki Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Azərbaycan Texniki Universitetində - Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı “Hüseyn Cavid prospekti, 25” ünvanı üzrə ərazi partiya təşkilatında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.

Əvvəlcə universitetin foyesində ulu öndər Heydər Əliyevin büstünün önünə gül dəstələri düzülüb.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev bildirib ki, Azərbaycan xalqının gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası 15 İyun - Milli Qurtuluş Günü ilə qoyulub. Bu əlamətdar gün ictimai, siyasi və tarixi baxımdan çox böyük əhəmiyyətə malikdir. Rektor qeyd edib ki, 1990-cı illərin əvvəllərində müstəqilliyini yenicə bərpa etmiş ölkədə hökm sürən hərc-mərclik, getdikcə gərginləşən siyasi, iqtisadi və sosial vəziyyət, torpaqlarımızın erməni silahlı qüvvələri tərəfindən işğalı Azərbaycanı bu bəlalardan xilas edə biləcək liderin hakimiyyətə gəlməsini zəruri edirdi. Məhz belə bir məqamda Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdı və ölkəmizi ağır bəlalardan xilas etdi. Bu gün Ulu Öndərin siyasi xəttini layiqincə davam etdirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin iradəsi və qətiyyəti sayəsində Azərbaycan dünyanın ən nüfuzlu və güclü ölkələri sırasındadır.

Tədbirdə Milli Məclisin deputatları Elnur Allahverdiyev və Ramin Məmmədov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, “Hüseyn Cavid prospekti, 25” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Həbib Mirzəyev Qurtuluş Gününün tarixi əhəmiyyəti barədə fikirlərini bildiriblər. Qeyd olunub ki, artıq iki ildir Azərbaycan xalqı Milli Qurtuluş Gününü Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində qalib xalq kimi qeyd edir. 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə ilə Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Heydər Əliyevin siyasi irsi uzun illər tarixçilər və politoloqların araşdırma mövzusu olacaq.

Sonda AzTU-nun bir qrup əməkdaşı və tələbəsinə YAP-ın üzvlük vəsiqəsi təqdim edilib.

Tələbələr adından çıxış edən İqtisadiyyat və idarəetmə fakültəsinin birinci kurs tələbəsi Günay Ağabəyova YAP sıralarına qəbul olunduqları üçün partiya rəhbərliyinə təşəkkür edib.