YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Qazaxıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Qazaxıstan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayevin etimadnaməsini qəbul edib.

Səfir Beybit İsabayev fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Beybit İsabayev etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Xalqlarımız arasında tarixi dostluq və qardaşlıq əlaqələrinin mövcud olduğunu bildirən dövlətimizin başçısı müasir dövrdə ikitərəfli münasibətlərimizin müttəfiqlik səviyyəsinə qalxdığını məmnunluqla qeyd etdi. Siyasi əlaqələrimizin yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəklədiyini vurğuladı.
Dövlətimizin başçısı Azərbaycan ilə Qazaxıstanın mühüm birgə iqtisadi, enerji, nəqliyyat layihələrini həyata keçirdiyini deyərək bütün bunların əməkdaşlığımızın potensialının daha da gücləndirilməsi işinə xidmət etdiyini bildirdi. Prezident İlham Əliyev Xəzərin statusunun müəyyənləşdirilməsi və Xəzər hövzəsində əməkdaşlıqla bağlı Azərbaycan ilə Qazaxıstan arasında tam qarşılıqlı anlaşmanın olduğunu diqqətə çatdırdı.
Dövlətimizin başçısı Beybit İsabayevin səfir kimi fəaliyyəti dövründə əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə və ölkələrimizin regional əməkdaşlığın və təhlükəsizliyin təmin edilməsi istiqamətində birgə səylərinin daha da artırılacağına ümidvar olduğunu dedi.
Səfir Beybit İsabayev Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin salamlarını dövlətimizin başçısına çatdırdı. Qazaxıstan ilə Azərbaycan arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrinin ən yüksək səviyyədə bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirən səfir Beybit İsabayev fəaliyyəti dövründə əlaqələrimizin genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini dedi.
Dövlətimizin başçısı Prezident Nursultan Nazarbayevin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Qazaxıstan dövlətinin başçısına çatdırmağı xahiş etdi.