YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli qurtuluşun dönməzliyi taleyüklü və mühüm tarixi addımların atılmasını şərtləndirir

Bayram Aslanov

YAP İdarə Heyətinin üzvü

Müstəqil Azərbaycanın ən yeni tarixinin daha bir əlamətdar hadisəsini qeyd edirik. Milli Qurtuluş Günü kimi milli təqvimimizə həkk olunan 15 iyun tarixi milli lider Heydər Əliyevin müstəqil dövlətimizin ali hakimiyyətində təmsil olunmaq təklifini qəbul edərək Azərbaycan parlamentinin sədri seçildiyi gündür.

Həmin tarixi hadisənin şahidi olanların da birmənalı şəkildə söylədiyi kimi, təkcə Ulu Öndərin Naxçıvandan Bakıya gəlməsi və 15 iyun 1993-cü ildə parlamentdə baş tutan səsvermənin nəticəsi həmin günü əlamətdar edən səbəb olmayıb. Əsas tarixi məsələ müharibə aparan dövlətin cəbhə bölgəsinə yaxın olan ikinci böyük şəhərində 10 gün əvvəl baş vermiş qiyam, daha doğrusu, ovaxtkı iqtidarın Gəncədəki hərbi hissəyə silahlı müdaxilə etmək cəhdinin uğursuzluğunun nəticəsi olaraq vətəndaş müharibəsi təhlükəsi ilə üzləşən ölkənin rəhbərliyinə xilaskarlıq missiyası şübhə doğurmayan şəxsin gəlməsi idi.

Hadisələrin sonrakı gedişi, ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin həyata keçirilməsi nəticəsində Azərbaycanda yaradılan sabitlik və əmin-amanlıq xalqın inamının əbəs olmadığını göstərdi.

Qısa müddətdə təhlükəsizlik və ordu quruculuğu sahəsində atılan addımların hesabına cəbhədə əldə edilən uğurlar yeni ərazilərin işğalına həvəslənən düşməni atəşkəs masasına oturmağa məcbur etdi. Belə ki, təxminən bir il ərzində əldə edilən nailiyyətlər ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından başlanan yolun - Milli Qurtuluşun əsası olduğunu göstərdi. Buna görə də sonrakı illərdə özünün sabitlik və inkişaf dövrünü yaşayan xalqımızın həmin tarixin əbədiləşdirilməsi istiqamətində tələbləri rəsmiləşdirildi.

2003-cü ildə Azərbaycan Prezidenti seçilən cənab İlham Əliyev Ümummilli Liderin layiqli davamçısı kimi xilaskarlıq missiyasını işğal altında olan torpaqların azad edilməsi istiqamətində davam etdirdi. 

Heç şübhəsiz, Qurtuluşdan Qələbəyə doğru gedən yol o qədər də hamar olmadı. Bu müqəddəs missiyanın həyata keçirilməsinə aparan yol enişli-yoxuşlu olsa da, davamlı və xalqımızın maraqlarına xidmət edən geniş fəaliyyətlərlə seçilən prosesə çevrildi və uğurla nəticələndi. Dünyada qlobal səviyyədə qəbul edilmiş humanist dəyərləri və beynəlxalq hüquq prinsiplərini həmişə əsas götürən Azərbaycan Respublikası işğala məruz qalan tərəf olsa da, heç vaxt sülh danışıqlarından imtina etməyib. Bu siyasətin nəticəsidir ki, 1994-cü ilin mayında elan edilən atəşkəsdən sonra torpaqları işğal altında olsa da, 1 milyona yaxın vətəndaşı məcburi köçkün vəziyyətində yaşasa da, münaqişənin danışıqlar yolu ilə həllinə çalışıb. Eyni zamanda, Azərbaycan dövləti sadəcə vaxt uzatmağa çalışan, 2016-cı ilin aprelində və 2020-ci ilin iyulunda (Tovuz döyüşləri) təxribat törədən, yeni ərazilər işğal etməkdən də çəkinmədiyini nümayiş etdirən işğalçı tərəfi yerində otuzdurmağı da bacarıb.

2020-ci ilin sentyabrında baş verən düşmən təxribatını dayandırmaq üçün başlayan əks-hücum əməliyyatı isə Azərbaycan dövləti üçün müqəddəs savaşın başlanğıcı oldu. Atəşkəs dövründə ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və dünyanın ən inkişaf etmiş dövlətlərinin malik olduğu müasir silahlı qüvvələrini yarada bilən Azərbaycan 44 günlük müharibədə öz torpaqlarını işğaldan azad etmək qüdrətində olduğunu sübut etdi.        

Döyüş meydanında əldə edilən zəfər diplomatik masada, eyni zamanda dinc quruculuq dövrü üçün mühüm geostrateji addımların atılmasını şərtləndirdi. Vətən müharibəsindəki qələbədən sonra ilk dəfə 15 İyun - Milli Qurtuluş Gününü qalib olaraq qeyd edən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində 2021-ci ildə daha bir tarixi hadisə baş verdi.

Azərbaycan və Türkiyənin müttəfiqlik münasibətlərinin yeni mərhələyə qədəm qoymasını labüdləşdirən Şuşa bəyannaməsinin imzalanması ata vəsiyyətini yerinə yetirən Prezident İlham Əliyevin iki qardaş ölkə arasında mövcud olan münasibətlərin daha yüksək zirvəyə qalxmasında heç bir tərəddüdsüz və qəti şəkildə səy göstərdiyini sübut etdi.

Heç kimə sirr deyil ki, milli qurtuluşun dönməzliyi taleyüklü və mühüm tarixi addımların atılmasını şərtləndirir. Bu baxımdan, xalqımızın müstəqillik dövründə mühüm yerə malik olan 15 İyunda daha bir tarixi önəm daşıyan aktın imzalanması ilə milli qurtuluşumuzun daha da möhkəmləndirilməsi və daimi olması baxımından yüksək qiymətləndirilir.

Beləliklə, 29 illiyini qeyd etdiyimiz Milli Qurtuluş Günündə, eyni zamanda doğma və müqəddəs Şuşa şəhərimizdə baş verən tarixi hadisənin ildönümündə iki qardaş ölkənin – Azərbaycan və Türkiyənin müttəfiqliyini qürurla yada salırıq. Sözsüz ki, bu qürurverici anları bizə yaşadan Ümummilli Liderin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mühüm rolunu vurğulamağı özümüzə borc bilir, illər keçdikcə xüsusi önəm qazanan Milli Qurtuluşun xalqımız üçün daimi və əbədi olması arzusu ilə bir daha xilaskarımız ulu öndər Heydər Əliyevi ehtiramla anırıq!