YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İstiqlalımızın Heydər Əliyev mərhələsi

Emin Bağırov

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru

Ümummilli lider Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi bütün dönəmlərdə öz müdrikliyi, parlaq siyasi zəkası, idarəetmə istedadı ilə Azərbaycanın sürətli inkişafını gerçəkləşdirib,  müasir müstəqil ölkəmizi tarixin sərt təlatümlərindən çıxararaq, onun etibarlı təməlini yaradıb  və xoşbəxt sabahını müəyyənləşdirib. Dahi şəxsiyyət keçmiş Azərbaycan SSR MK-nın birinci katibi kimi fəaliyyət göstərdiyi illərdə imperiyanın təsir və təzyiqlərinə baxmayaraq, xalqımızda milli kimlik, dil, mədəniyyət, adət-ənənələrlə əlaqədar dolğun təsəvvürlər formalaşdırıb.

Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdışından sonra uzaqgörən siyasəti ilə ölkəmizin sosial-iqtisadi inkişafını və dünya təsərrüfat sisteminə inteqrasiyasını uğurla reallaşdırıb. Dahi şəxsiyyət həyata keçirdiyi mühüm tədbirlərlə bazar iqtisadiyyatına uyğun qanunvericilik formalaşdırıb, büdcə, vergi və bank sistemlərinin əsaslarını yaradıb, aqrar islahatların həyata keçirilməsi, dövlət əmlakının özəlləşdirilməsi, sahibkarlığın inkişafı üçün əlverişli biznes mühiti  məsələlərini diqqət mərkəzində saxlamaqla, bazar iqtisadiyyatına keçidin əsasını qoyub və sahibkarlıq sinfini formalaşdırıb. Bunlarla bərabər, neft-qaz sektorunda gerçəkləşdirilən genişmiqyaslı layihələrin icrasına mühüm əhəmiyyət verməklə iqtisadiyyatın digər sahələrinin inkişafını da şərtləndirib.

Yeri gəlmişkən, burada bir məsələni də qeyd etməyi zəruri bilirəm. Ulu öndərin müstəqil gənc respublikamıza rəhbərliyi dövründə gördüyü əvəzsiz işlər Azərbaycanı çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir ölkəyə çevirdi. O vaxt respublikamız dövlət müstəqilliyini yenicə bərpa etmişdi, Azərbaycan Ermənistanla müharibə şəraitində idi. Bu risk doğuran amillər böyük dövlətləri və şirkətləri Azərbaycana investisiya  yatırmaqda ehtiyatla davranmağa vadar edirdi. Ümummilli liderin beynəlxalq arenadakı şəxsi nüfuzu ilə tərəddüdlərə son qoyuldu: 1994-cü il sentyabrın 20-də Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft müqaviləsi imzalandı. “Əsrin müqaviləsi” adlandırılan bu saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, dünya xəritəsindəki mövqeyini daha da möhkəmləndirdi. Azərbaycan artıq bütün dünyada neft ölkəsi olaraq tanınmağa başladı. Bununla da ölkəyə investisiya axını sürətləndi və bütövlükdə iqtisadiyyatın yeniləşməsi reallaşdı. 

Beləliklə, “Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatına uğur qazandan ən böyük layihə kimi tarixə düşdü. Çünki Azərbaycan Respublikasının siyasi, iqtisadi və informasiya blokadası şəraitində olduğu bir vaxtda imzalanmış bu möhtəşəm sənəd ən azından ölkəmizin dünyaya tanıtmasını şərtləndirdi. 

Bu müqavilədən sonra xarici bazara çıxarılacaq neftin yeni daşınma kəmərlərinin çəkilməsi də qarşıya prioritet vəzifə kimi qoyuldu. Bu amil nəzərə alınaraq, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft kəmərləri inşa olundu.

Bütün bunlardan sonra isə neft gəlirləri qeyri-neft sektorunun inkişafına xərclənməyə başlandı. Azərbaycanda uzun durğunluqdan sonra kənd təsərrüfatı və sənaye dirçəldi. 1997-2002-ci illərdə sənaye məhsulu istehsalı 23,6 faiz, yaxud orta hesabla ildə 3,6 faiz, emal sənayesi sahələrində məhsul istehsalı 24 faiz, o cümlədən yeyinti sənayesində 22 faiz, taxta məmulatı istehsalında 3,5 dəfə, metallurgiya sənayesində 2,5 dəfə artdı.

Bu dövrdə dahi şəxsiyyət fəaliyyətində bazar iqtisadiyyatı prinsiplərini əsas tutaraq, özəl bölməni sürətlə inkişaf etdirmək, əlverişli investisiya mühiti yaratmaqla daxili və xarici investisiyaları cəlb etmək, qeyri-neft sektorunun inkişafına nail olmaq kimi vəzifələri uğurla gerçəkləşdirdi. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda sahibkarlar təbəqəsi formalaşdı, özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında rolu daha da artdı.

Kənd təsərrüfatının inkişafı üçün ulu öndər Heydər Əliyevin başçılığı altında respublikada 40-dan çox hüquqi-normativ sənəd qəbul edildi və onların əsasında aparılan islahatların yekunu olaraq 872 min kəndli ailəsinə 1372, 8 min hektar torpaq sahəsi, 63 mindən artıq maşın və traktor, 4 min mal-qara tövləsi, 2300 qoyun yatağı, 450 min baş qaramal, 1 milyon 900 başdan artıq davar düşürdü.

Ümummilli lider Heydər Əliyevin təkcə Azərbaycanın deyil, həm də dünyanın nadir və bənzərsiz şəxsiyyətlərindən biri olaraq əziz xatirəsi hər bir azərbaycanlının, hər bir soydaşımızın qəlbində əbədi yaşayır və yaşayacaq.