YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamran Bayramov: Şuşa Bəyannaməsi iki ölkə arasında olan münasibətlərin ən yüksək səviyyədə olduğunun göstəricisidir

“Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan birgə Bəyannamə Azərbaycan və Türkiyə müttəfiqliyini daha da möhkəmləndirdi. Bununla da, Qarabağın təhlükəsizliyi və qısa müddətdə yenidən qurulması üçün hər iki ölkənin imkanlarının səfərbər ediləcəyi rəsmən təsdiqləndi. İki qardaş ölkə başçısı tərəfindən imzalanmış Şuşa Bəyannaməsi bir çox vacib müddəalara aydınlıq gətirdi. Təsadüfi deyil ki, Şuşada Türkiyə lideri ilə Bəyannamə imzalayarkən Azərbaycanın dövlət başçısı Qars müqaviləsini xatırlatdı və bildirdi ki, yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir. Qars müqaviləsinə görə, Naxçıvanın təhlükəsizliyinin qarantı Türkiyədir. Şuşa Bəyannaməsinə görə isə Türkiyə, Qarabağ və Azərbaycanın digər bölgələrinin də təhlükəsizliyinin qarantına çevrilir.” Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, bu, tarixi nailiyyətdir və iki qardaş ölkənin hər zaman bir yerdə olacağını ehtiva edir. Bundan sonra da biz, bir-birimizin təhlükəsizliyini təmin edəcəyik. İlk növbədə, heç bir halda Azərbaycanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə qarşı üçüncü dövlətin müdaxiləsi mümkün olmayacaq. Bu sənədin imzalanması ilə Türkiyə-Azərbaycan hərbi alyansının qurulması rəsmiləşdi. Bu, Azərbaycan və Türkiyə ordularının bir kontingentdə birləşməsi və birgə addımlaması deməkdir. Ən əsası mühüm məqamlarda hər iki ölkənin Silahlı Qüvvələrinin hərəkəti koordinasiya ediləcək. Hər iki ölkənin ordusunda baş verəcək dəyişiklik mütləq şəkildə digərinə də təsir edəcək. Bu Bəyannamə Azərbaycan üçün böyük bir şansdır. Demək olar ki, bu sənəd bütün sahələrdə əməkdaşlığın və münasibətlərin ən yüksək zirvəyə daşınmasına imkan yaradır. Bəyannamədə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti və sair məqamlar əksini tapır. Həmçinin Bəyannamədə enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi göstərilir. Eyni zamanda, hərbi əməkdaşlıq amilinə də xüsusi yer verilib.

Deputat diqqətə çatdırıb ki, prioritet məsələlərdən biri də Zəngəzur dəhlizinin açılması istiqamətində görülən işlərdir. Ölkəmizin Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Zəngəzur dəhlizi vasitəsilə türkdilli dövlətlərin inteqrasiyasının sürətləndirilməsi, Qərblə Şərq, Şimalla Cənub arasındakı yükdaşımaların intensivliyinin artırılması, beynəlxalq ticarət əməliyyatlarının genişləndirilməsi, nəqliyyat və logistika sektorunun əhəmiyyətli səviyyədə inkişafı həyata keçiriləcəkdir.

K.Bayramov vurğulayıb ki, ölkə Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə, o cümlədən, Şuşa şəhərinə hər bir səfəri bu torpaqların tarixən Azərbaycan xalqına məxsus olduğu və bundan sonra da əbədi olaraq belə qalacağı barədə bütün dünyaya verdiyi bir mesajdır. Bu gün artıq işğaldan azad edilmiş torpaqlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük vüsətlə quruculuq işləri aparılır. 2022-ci ilin “Şuşa İli” elan edilməsi o deməkdir ki, il ərzində əsas diqqət və resurslar ölkəmizin mədəniyyət paytaxtı olan Şuşanın və ətraf ərazilərin bərpasına, yenidən qurulmasına yönəldiləcək. Hazırda biz tariximizin ən böyük və ən qürurlu bərpa və yenidənqurma işlərini aparırıq.  Bu işlərin miqyasını təsəvvür etmək üçün onu demək kifayətdir ki, artıq bir il ərzində Füzuli Beynəlxalq Hava Limanının tikintisi başa çatıb, Zəngilan və Laçın Beynəlxalq Hava limanlarının inşası davam edir. Xüsusilə qeyd etmək lazımdır ki, bu sırada  Laçın hava limanı çox çətin coğrafi relyefdə yerləşir. Bundan əlavə, Füzulidən Şuşaya Zəfər yolu çəkilib, Murovdağdan Kəlbəcərə salınan yeni yol üzərində tunellərin çəkilişi də büdcəmizin miqyası haqqında təsəvvürlər əldə etməyə kömək edir. Düşünürəm ki, bu, hələ son deyil. Biz 2022-ci ili sadəcə Qarabağa qayıdışın başlanğıc ili kimi qəbul edə bilərik.

Deputat sonda diqqətə çatdırıb ki, Şuşa Bəyannaməsi ölkədə fəaliyyət göstərən 48 siyasi partiya tərəfindən birgə bəyanatla təqdir edilmiş və Azərbaycandakı bütün siyasi qüvvələr tərəfindən dəstəklənmişdir.

DİGƏR Xəbərlər Arxiv