YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səfir Milan Ekert: Azərbaycan Çexiya üçün strateji tərəfdaş ölkədir

İyunun 9-da Milli Məclisin sədri Sahibə Qafarova Çexiya Respublikasının ölkəmizdə fəaliyyət müddəti başa çatan səfiri Milan Ekert ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Milli Məclisin sədri Milan Ekertin ölkəmizdə çalışdığı müddətdə Azərbaycan və Çexiya arasındakı münasibətlərin inkişafı sahəsində gördüyü işləri müsbət qiymətləndirib, səfirə bundan sonrakı diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Ölkəmizin Çexiya ilə münasibətlərin inkişafında maraqlı olduğunu deyən Sahibə Qafarova gələn il Azərbaycanla Çexiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin tamam olduğunu diqqətə çatdırıb. Bu illər ərzində ölkələrimiz arasında əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb. Onlardan ən önəmlisi isə, “Azərbaycan Respublikası ilə Çexiya Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”dir.

Milli Məclisin sədri iki ölkə arasındakı münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin böyük rolunu qeyd edərək, bu səfərlər zamanı imzalanmış sənədlərin əlaqələrimizin hüquqi bazasını formalaşdırdığını diqqətə çatdırıb.

Əlaqələrin inkişafında parlamentlərarası münasibətlərin önəmindən danışan Sahibə Qafarova hər iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyət göstərməsini xalqlarımızın və dövlətlərimizin mənafeyinə xidmət etdiyini vurğulayıb.

Görüşdə 44 günlük Vətən müharibəsi və regionda yaranmış yeni reallıqlardan bəhs edən Milli Məclisin sədri Azərbaycanın davamlı sülh və sabitliyin tərəfdarı olduğunu bildirib və tezliklə iki ölkə arasında sülh sazişinin imzalanacağına inamını ifadə edib.

Çexiya Respublikasının ölkəmizdəki səfiri Milan Ekert ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan Çexiya üçün strateji tərəfdaş ölkədir. Bu strateji tərəfdaşlıq özünü xüsusilə enerji sahəsində göstərir.

Söhbət zamanı qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin hər iki tərəfə faydasından danışan səfir, Azərbaycanda işlədiyi müddətdə parlamentlərarası, mədəniyyət, təhsil sahələrində əlaqələrin güclənməsinə töhfə verməyə çalışdığını deyib. O, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər etdiyini, orada gedən tikinti-quruculuq işlərini şəxsən gördüyünü diqqətə çatdırıb. Səfir xüsusilə Xudafərin körpüsü ilə tanışlığın onda böyük təəssürat yaratdığını qeyd edib. O, Çexiya şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası işlərində iştirak etməkdə maraqlı olduqlarını bildirib. Çexiyanın yaxın vaxtlarda Avropa İttifaqına sədrlik edəcəyini qeyd edən səfir, ölkəsinin Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafını dəstəkləyəcəyini və bu işə töhfə verməyə hazır olduğunu diqqətə çatdırıb.

Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi sahəsində yeni əməkdaşlıq imkanlarına da nəzər salınıb.

DİGƏR Xəbərlər Arxiv