YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Baləmir Məmmədovun xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılışı olub

Lerik rayonunun Küsəkəran kəndində Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış Məmmədov Baləmir Şirməmməd oğlunun xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılışı olub.

Açılış mərasimində Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra şəhidlərin xatirəsinə tikilmiş xatirə bulağının üzərindəki ağ örtük götürülüb.

Lerik RİH başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev 2020-ci il sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb. Bildirilib ki, Vətən müharibəsində Birinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəman övladlarımızın da qisası alındı.

Mərasimdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin rəisi Arif Həsənov, kənd ağsaqqalı Gülağa İsiyev və şəhidin adını daşıyan Küsəkəran kənd tam orta məktəbinin direktoru Ağayar Yəhyayev ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinin həmişə ehtiramla yad ediləcəyini bildiriblər.

Sonra məktəblilərin ifasında şəhidlərə və şanlı Qələbəyə həsr olunmuş şeirlər səsləndirilib.

Sonda şəhidin qardaşı Alməmməd Məmmədov və qohumu Akif Ağayev şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.