YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan bir çox dövlətlərin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır

Kamilə Əliyeva

Milli Məclisin deputatı

Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin ilk illərində  Azərbaycan dövlətinin gələcəkdə iqtisadi  inkişafını və Azərbaycanın güclü dövlətə çevrilməsini təmin edəcək beynəlxalq bir layihəni reallaşdırdı. Dünyanın nəhəng neft və qaz şirkətləri ilə Azərbaycan arasında "Əsrin müqaviləsi" ni imzaladı. Bununla da ulu öndər Azərbaycanın qapılarının dünya investorlarının üzünə açıq olduğunu bəyan etmiş oldu.

Bu gün Prezident cənab İlham Əliyev ulu öndər Heydər Əliyevin alternativi olmayan iqtisadi siyasətini uğurla davam etdirir. Azərbaycan mövcud olan bütün resurslarından istifadə edərək öz enerji təhlükəsizliyini təmin edib. Ölkəmiz bir çox dövlətlərin də enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Azərbaycan qonşu ölkələrlə yanaşı bir sıra Avropa dövlətlərinə də enerji ixrac edir.

İyunun 1-də Bakı Enerji Həftəsi çərçivəsində 27 ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində Prezident cənab İlham Əliyev Azərbaycan dövlətinin dünya ölkələrinin enerji təhlükəsizliyinə verdiyi töhfə haqqında ətraflı çıxış etdi.

XX əsrin sonunda Azərbaycanın Gürcüstanın Supsa limanına gedən birinci  neft boru kəmərinin açılışı oldu. Bununla da Azərbaycan neftinin dünya bazarına ixracı baş tutdu. Bununla bərabər ölkəmiz öz tərəfdaşları ilə birgə Xəzərin Azərbaycan sektoruna aid hissəsində qaz yataqlarının kəşfiyyat işlərinə də başladı. 2006-cı ildə Bakı -Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisi başa çatdırıldı. Ən önəmli məsələdir ki,  istər Bakı- Tbilisi-Ceyhan, istərsə də Azərbaycandan nəql olunan digər enerji borularında bu günə qədər hər hansı səbəbdən fasilə olmamışdır. 2007-ci ildən istismara verilən Bakı-Tbilisi-Ərzurum qaz kəməri vasitəsilə ilə ilk Azərbaycan qazı region bazarlarına nəql olunmağa başladı.

XXI əsrin ən böyük layihələrindən sayılan  Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan təbii qazı qonşu ölkələrlə yanaşı,  Avropa ölkələrinə də ixrac edilir.  2021-ci ilin ilk günündən ilin sonuna qədər Cənub Qaz Dəhlizi vasitəsilə 22 milyard kubmetr təbii qaz ixrac edilib. Texniki infrastrukturun yenilənməsi və Azərbaycan qazına olan tələbatı nəzərə alaraq bu il ixracın 24 milyard kubmetrə çatdırılacağı gözlənilir. Bu da ölkəmizin valyuta ehtiyatlarının artırılması ilə yanaşı bir sıra Avropa dövlətlərinin təbii qaza olan tələbatının xeyli yaxşılaşdırılmasına töhfə vermiş olacaq. Bu gün dünyada  Azərbaycan qazına olan tələbat artmaqdadır. Sözsüz ki, qısa müddət ərzində hasilatı artırmaq mümkün deyil. Cənab İlham Əliyev öz çıxışında qaz hasilatının artırılması üçün yeni müqavilələrin bağlanmasının vacib olduğunu, eləcə də tərəfdaşlar, sərmayədarlar, həmçinin enerji şirkətləri ilə birgə çalışmaların vacib olduğunu iştirakçıların diqqətinə çatdırdı.

Bu gün ABŞ və Böyük Britaniya kimi böyük dövlətlər Azərbaycanın enerji siyasətini dəstəkləyirlər. Dünya Bankı da daxil olmaqla dünyanın bir çox nəhəng bankları və maliyyə qurumları Cənub Qaz Dəhlizinin maliyyələşdirilməsində yaxından iştirak edirlər.  Avropa Komissiyası da Cənub Qaz Dəhlizi layihəsinin icrasında  mühüm rol oynayır.

Azərbaycanda  elektrik enerjisi, bərpaolunan enerjinin istehsal olunması istiqamətində böyük işlər aparılır. Azərbaycan özünün elektrik enerjisinə olan tələbatını 100 faiz ödəməklə yanaşı qonşu ölkələrə də elektrik enerjisi ixracını həyata keçirir. Elektrik enerjisi istehsalı sahəsində görülən böyük layihələrin həyata keçirilməsi nəticəsində yaxın vaxtlarda Avropa ölkələrinə də elektrik enerjisi ixracı həyata keçiriləcək.

Azərbaycan etibarlı tərəfdaş olduğunu bütün dünyaya sübut edib. 1994-cü ildə xarici şirkətlərlə imzalanmış müqavilə və sazişlər bu günə qədər bir söz dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan hər zaman öz öhdəliklərinə və imzasına hörmətlə yanaşır və qarşı tərəfdən də bu cür hörmət gözləyir.

Azərbaycan bu gün dünyanın ən böyük enerji şirkətlərindən olan "ACWA Power " və "Masdar " şirkətləri ilə əməkdaşlıq edir. Bu şirkətlər Azərbaycanda günəş və küləklə işləyən iki böyük elektrik stansiyası inşa edir. İşğaldan azad edilmiş Kəlbəcər və Laçın rayonlarında günəş və küləklə işləyən elektrik stansiyalarının tikilməsi nəzərdə tutulub. 

Azərbaycan digər ölkələr üçün vacib tranzit imkanlara malikdir. Cənab İlham Əliyev çıxışında bu istiqamətdə Azərbaycanın potensialının düzgün qiymətləndirilmədiyini və bu potensialdan bu günə qədər istifadə edilmədiyini tədbir iştirakçılarının nəzərinə çatdırdı.

Bu gün ölkəmiz dünyada iqtisadiyyatı ən sürətlə inkişaf edən ölkələrdən biridir. Bu il ümumidaxili  məhsul 7,2 faiz, qeyri neft sektorunda isə 11,5 faiz artım olmuşdur. Xarici borcumuz ümumidaxili məhsulun 12,5 faizini təşkil etməsi ölkəmizin iqtisadiyyatının inkişafı üçün münbit şərait yaradır. Çünki Azərbaycanın gələcəkdə daha sürətli inkişafını təmin edəcək İlham Əliyev kimi lideri var.