YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şaxələndirmə enerji təhlükəsizliyinin başlıca amillərindəndir

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri

Bakı Ekspo Mərkəzində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji sərgilərini və əvvəllər Xəzər Neft və Qaz Konfransı adı ilə tanınan Bakı Enerji Forumunu ehtiva edən, Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin dəstəyi ilə keçirilən Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları 30 müxtəlif ölkəni təmsil edən 249 şirkətin nümayəndələrinin qarşısında Azərbaycanın dövlət enerji siyasətini dünyaya bəyan edərək, keçiriləcək müzakirələrin enerji təhlükəsizliyi və enerji ehtiyatların şaxələndirilməsi kimi mühüm məsələlərlə bağlı dialoqu gücləndirəcəyini bildirdi.

Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatıraraq daxili bazarın tələbatını tam təmin edib, bir sıra ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışır. Gürcüstanın Qara dənizdəki Supsa limanına gedən birinci neft boru kəmərinin açılışı sayəsində Azərbaycan ixraca başlaya bildi. 2006-cı ildə Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisinə müvəffəq olan respublikamız 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərini istismara verdi.

Təbii ki, nəhəng qaz ehtiyatlarını istifadə etmək məqsədlə Azərbaycana yeni boru kəməri lazım idi. Bu baxımdan Cənub Qaz Dəhlizinin 2020-ci ilin sonuncu günündə uğurla tamamlanması Azərbaycan prezidentinin iradəsini, böyük uğurlar qazanmaq bacarığını dünyaya nümayiş etdirdi. Bununla belə, digər ölkələr üçün vacib tranzit imkanlarını təqdim edən Azərbaycanın mühüm tranzit ölkəsi qismində potensialı təchizatçılar tərəfindən düzgün qiymətləndirilməmişdir.

Bu gün artıq hər kəs anlayır ki, şaxələndirmə enerji təhlükəsizliyinin başlıca amillərindəndir. Enerji strategiyasının həyata keçirilməsinin ilk günündən etibarən şaxələndirmə üzərində çalışan Azərbaycanın bu gün şaxələndirilmiş – müxtəlif istiqamətə uzanan 3 neft boru kəməri və 4 qaz boru kəməri ixrac marşrutları var. Elektrik enerjisi xətlərinə gəldikdə isə 4 qonşu ölkəyə elektrik enerjisi ixrac edən Azərbaycan hazırda Avropaya elektrik enerjisi ixrac etməyi planlaşdırır.

Bu səbəbdən vaxtilə Azərbaycanın etibarlı tranzit ölkəsi kimi potensialını düzgün qiymətləndirməyənlər fikirlərini dəyişəcəklər. Bundan əlavə, Azərbaycan zəruri infrastruktura malikdir. Yeni dəniz limanı, bütün istiqamətlərlə respublikamızı birləşdirən dəmir yolu, avtomobil yolları və hava limanları bunu təsdiq edir. Azad olunmuş ərazilərdə biri artıq istifadəyə verilmiş üç yeni hava limanının tam istifadəyə verilməsindən sonra Azərbaycan 9 beynəlxalq hava limanına sahib olacaq.

Bütün bunlar respublikamızın beynəlxalq tərəfdaşları üçün də önəmlidir. Burada SOCAR və BP arasında strateji tərəfdaşlığı xüsusi vurğulamaq lazımdır. Bizim üçün neft və qaz sahəsində BP strateji tərəfdaş və aparıcı investordur. BP-nin bərpaolunan enerji sahəsinə maraq göstərməsi dövlətimiz tərəfindən məmnunluqla qarşılanır. Buna bariz nümunə hazırda SOCAR və BP-nin azad olunmuş Cəbrayıl rayonunda 200 meqavatdan artıq gücə malik elektrik enerjisi stansiyasının inşasını müzakirə etməsidir.

Əlbəttə bunun hamısı daxili inkişafımız üçün də çox əhəmiyyətlidir. Enerji amili, enerji diplomatiyası və bütün layihələr bizim iqtisadi potensialımızı gücləndirir, bizə imkan yaradır ki, cəsarətli islahatlarla yanaşı, neft-qaz sektorundan əldə etdiyimiz gəlirlər iqtisadiyyatımızın qeyri-neft sektoruna yönəldilsin. Təsadüfi deyil ki, bu il ümumi daxili məhsul 7.2 faiz, qeyri-neft sektoru 11.5 faiz, qeyri-neft sənayesi 15 faiz artıb. Bütün bunlar islahatların və topladığımız gəlirlərin hökumətimiz tərəfindən düzgün yönləndirilməsi sayəsində alınıb. Bu gün Azərbaycanda biznes mühiti tamamilə lazımi səviyyədədir və Azərbaycan xarici investisiya üçün olduqca cəlbedici ölkələrdəndir. Əvvəla neft-qaz sahəsində malik olduğumuz nəhəng təcrübə, ənənəvi şirkətlərlə tərəfdaşlığımıza böyük dəyər verməyimiz, xarici borcumuzun aşağı səviyyədə olması, yəni ümumi daxili məhsulun yalnız 12.5 faizini təşkil etməsi, həmçinin imza atdığımız müqavilənin bir sözünü belə dəyişməməyimiz respublikamızda münbit iqtisadi şərait yaratmış və bizi sürətlə inkişaf edən dövlətə çevirmişdir.