YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“TEKNOFEST”in beynəlxalq ictimaiyyət üçün cəlbediciliyin təməlində onun səmərəliliyi və gələcək yönümlü vədləri dayanır

Sevinc Qasımova

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini

Ötən həftə Azərbaycanda olduqca əhəmiyyətli və dünyaya səs salan “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalı keçirildi. Son dərəcə cəlbedici təqdimatlarla yadda qalan “TEKNOFEST” üçün məhz Azərbaycanın seçilməsi təbii ki, təsadüfi deyil. Bundan əvvəl bir çox beynəlxalq tədbirlərə, dünya səviyyəli idman yarışlarına, forumlara ev sahibliyi edən Azərbaycan milli təcrübəyə əsaslanaraq daha bir mötəbər tədbirə ən yüksək səviyyədə ev sahibliyi edə biləcək ölkə idi. Bu, deməyə əsas verirdi ki, “TEKNOFEST Azərbaycan”, sözün əsl mənasında, mavi səmanın fəthi olacaqdı!

Müasir elm və tərəqqinin ən son nümunələrinin nümayiş etdirildiyi platforma olan “TEKNOFEST”in beynəlxalq ictimaiyyət üçün cəlbediciliyin təməlində onun səmərəliliyi və gələcək yönümlü vədləri dayanır. “TEKNOFEST” müasir dünyada elmi, təhsili, tərəqqini və inkişafı məhz mavi səmadan təbliğ edən alternativsiz və çoxşaxəli platformadır. Azərbaycanın bu günü və gələcəyi olan gənclərin potensialını, bilik və bacarığını, hərbi sahə ilə yanaşı innovasiya sahəsində də azərbaycanlı gənclərin parlaq potensialını üzə çıxarmaq üçün meydandır. Gələcəkdə dünya miqyasında tanınacaq ixtiraçıların özünü təqdim və təsdiq etməsi üçün mərkəzdir. Bu gün bütün dünyanın həsəd apardığı dahilərlə gənclərin birlikdə çalışması, onların təcrübəsindən faydalanması və fikir mübadiləsi edə bilməsi üçün yaradılmış imkandır. Ən əsası isə iki ölkə arasında qardaşlıq və dostluğun bariz nümunəsidir.

Mayın 28-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan da festivalda iştirak ediblər.

28 May Azərbaycanın Müstəqillik Günü olduğuna görə, Prezident İlham Əliyev çıxışına yüz dörd il əvvəl qurulan Azərbaycan Xalq Cümhuriyyətininin tarixini xatırlatmaqla başladı. Cümhuriyyətin ömrünün uzun olmadığını xatırladan prezident qeyd etdi ki, yalnız 70 il sonra, 1990-cı illərin əvvəlində Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi və 30 ildir Azərbaycan xalqı azad yaşayır:

“30 il ərzində qardaş Türkiyə daim Azərbaycanın yanında olub. Biz 30 il ərzində bu dəstəyi, bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik və bu gün Türkiyə-Azərbaycan yenə də bir yerdədir” – deyə, ölkəmizin başçısı Azərbaycan-Türkiyə qardaşlığının bütün dünyaya nümunə olduğunu vurğuladı. Doğrudan da, xalqlarımızın birliyinin təməli olan qardaşlıq münasibətləri eyni zamanda bölgəmizdə sülh və barışın möhkəmliyinə də təminat verir.

Vətən müharibəsi zamanı Türkiyə xüsusilə Azərbaycanın yanında olduğunu, siyasi müstəvidə dəstəyini nümayiş etdirdi. Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc verdi, ordumuzun daha da ruhlanmasına, xalqımızın inamına təkan verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq. Tariximizin ən önəmli anlarında Azərbaycan və Türkiyə birlikdə olub və bundan sonra da bu birlik, həmrəylik davam edəcək. Prezident İlham Əliyevin də dediyi kimi, bundan sonra da Türkiyə və Azərbaycan yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcək. Azərbaycan və Türkiyə beynəlxalq güc mərkəzləridir. Türkiyənin və Azərbaycanın gücü günü gündən artır və hər iki ölkə bir-birinə güc qataraq dünya miqyasında daha təməl güc mərkəzinə çevrilir.