YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkəmiz Avropanın qlobal enerji təhlükəsizliyinin əsas təminatçılarındandır

Ramil Orucov

YAP Gəncə şəhər təşkilatının sədri

Azərbaycan bu gün dünyanın geosiyasi və iqtisadi gündəminin əsas mövzularından birini təşkil edən Avropanın enerji təhlükəsizliyinin təminatında olduqca mühüm rol oynayır. Bu realliqdır ki, enerji ehtiyatları ilə kifayət qədər zəngin olan ölkəmizin iştirakı olmadan bölgədə enerji təhlükəsizliyi məsələləri tam şəkildə həll oluna bilməz. Belə ki, Azərbaycan qlobal enerji təhlükəsizliyinin əsas təminatçılarındandır. Azərbaycanın qitədə enerji təhlükəsizliyinin təminatında mühüm rol oynaması dünya birliyində rəğbtələ qarşılanır və ölkəmizlə əməkdaşlığa xüsusi önəm verilir.

Xəzər regionunun neft-qaz və enerji sektorunda ən nüfuzlu tədbir hesab olunan ölkəmizin ev sahibliyi etdiyi "Bakı Enerji Həftəsi" çərçivəsində Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi ilə bağlı Prezident cənab İlham Əliyevə ABŞ dövlət başçısı Cozef Baydenin göndərdiyi məktubda da qeyd olunur ki, enerji təhlükəsizliyi ilə bağlı məqsədlərə çatmaq üçün şaxələndirmə heç vaxt olmadığı qədər əhəmiyyətlidir və Azərbaycan bu məqsədə nail olmaq üçün regional səylərdə əsas rol oynayıb: "Azərbaycan həm də regional və qlobal bazarların sabitləşdirilməsi baxımından trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında mühüm əhəmiyyətə malikdir".

Azərbaycan zəngin neft-qaz ölkəsi olsa da, gələcəyin enerji təminatını alternativ mənbələrdə görür. Ölkəmiz külək və günəş enerjisinin istehsalı üçün geniş mənbələrə malikdir. Bu da alternativ enerjidən daha geniş istifadə etmək imkanı yaradır.

Bu gün Xəzər dənizinin nəhəng potensialı, eyni zamanda İkinci Qarabağ müharibəsində zəfər nəticəsində işğaldan azad olunan ərazilərin, xüsusilə də Kəlbəcər və Laçının potensialı böyük investorların marağını cəlb etməkdədir. "Yaşıl enerji" zonası elan edilən bu ərazilərdə bir neçə su-elektrik stansiyası inşa edilib, günəş və külək stansiyalarının yaradılması ilə bağlı planlar mövcuddur.

Ölkə Prezidenti cənab İlham Əliyevin enerji diplomatiyası sayəsində Azərbaycan dünyanın aparıcı enerji şirkətləri olan “ACWA Power” və “Masdar” şirkətləri ilə əməkdaşlıq edir, beynəlxalq sferada mövqeyini və əlaqələrini əhəmiyyətli dərəcədə gücləndirən siyasət həyata keçirir.

Prezident cənab İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına məktubunda da işğaldan azad edilmiş tarixi ərazilərimizin böyük enerji potensialı uğurlu “yaşıl enerji” layihələrinin həyata keçirilməsi və regionda enerji təhlükəsizliyi üçün geniş perspektivlər vəd etdiyini qeyd edir, Qarabağ və Şərqi Zəngəzurda günəş, külək enerji növlərinin istehsalının təxminən 9‒10 min meqavata çatdığını vurğulayır: “Bu məqsədlər üçün aparıcı beynəlxalq şirkətlərlə birlikdə artıq Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” zonası üçün konseptual layihələr hazırlanıb, müasir bərpa olunan enerji mənbələrindən ibarət unikal “yaşıl enerji zonası” konsepsiyasının yaradılması davam etdirilir. Nəhəng təbii qaz ehtiyatları ilə yanaşı, bərpa olunan enerji potensialımız “yaşıl artım” ölkəsinə çevrilmək üçün mühüm imkanlar vəd edir”.

Regionun enerji təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verən Azərbaycan “yaşıl enerji” ölkəsinə çevrilməkdə inamla irəliləyir.