YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan dünyanın aparıcı enerji liderləri sırasındadır

Anastasiya Lavrina

YAP Gənclər Birliyinin üzvü

Prezident İlham Əliyev Ermənistanın işğalından azad edilmiş ərazilərin sürətlə inkişaf etdirilməsinin vacibliyindən danışarkən, bütün Cənubi Qafqazın gələcək inkişafı haqqında düşünür. Bu gün bir çox ölkələrdə dövlət başçısına münasibətdə praqmatik yanaşma müşahidə olunur, çünki onlar ölkəmizi, xüsusilə ererji sahəsində əməkdaşlıqdan söhbət gedərkən, etibarlı tərəfdaş kimi görürlər.  Cənubi Qafqazda sülh və sabitlik, alternativ enerji mənbələrinin inkişafı və Cənub Qaz Dəhlizinin potensialının genişləndirilməsi həm Avropa İttifaqı ölkələrinin, həm də digər lider dövlətlərin maraqlarına uyğundur.

1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasını Azərbaycan diplomatiyasının qələbəsi hesab etmək olar. Müqavilə Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin möhkəmləndirilməsində mühüm rol oynamışdır. Dünya siyasətinin ən mötəbər kürsülərində Azərbaycan haqqında danışılırdı. Müstəqillik illərində Azərbaycan fəal şəkildə inkişaf etmiş və öz enerji təhlükəsizliyinə sərmayələr yatırmışdır. Daxili bazarın tələbatını tam ödəyən ölkəmiz digər ölkələrin enerji təhlükəsizliyində getdikcə daha mühüm rol oynamağa çalışır.

Cənub Qaz Dəhlizinin işə salınması və fasiləsiz işləməsi Azərbaycanı dünyanın aparıcı qaz və neft ixrac edən ölkələri ilə bərabər səviyyəyə qaldırdı. Cənub Qaz Dəhlizi cəmi bir il beş aydır fəaliyyət göstərir, lakin bu, bizim fəxr edə biləcəyimiz layihədir. İyunun 1-dən 3-dək Bakı Enerji Həftəsinə dünyanın 20 ölkəsindən 400-dən çox nümayəndə səfər etmişdir. Bu mötəbər tədbirin açılışında çıxış edən Prezident İlham Əliyev demişdir: “Potensial istehlakçılar anlamalıdırlar ki, bir il ərzində qazı böyük həcmdə hasil etmək mümkün deyil. Bunun üçün bizə müqavilələr lazımdır. Biz danışıqlara başlamalı və onları sürətləndirməliyik. Biz ənənəvi tərəfdaşlar və sərmayədarla, eləcə də enerji şirkətləri ilə çalışmalıyıq ki, hasilat artsın. Həmçinin biz mövcud qurğuları genişləndirməliyik”.

Bu gün Azərbaycanın payına Aİ-nın tələbatının cəmi 5%-i düşür, lakin bir sıra Avropa ölkələrinin Azərbaycan qazının idxalından artan asılılığını nəzərə alaraq, Azərbaycan “Şahdəniz” qaz-kondensat yatağında hasilatı artırmağı hədəfləyir. Aprelin 27-də Rusiyanın çoxmillətli enerji şirkəti “Qazprom” Bolqarıstanın “Bulgargaz” şirkətinə rublla ödəniş edilmədiyinə görə qazın nəqlini tamamilə dayandırıb. 5 gün ərzində Rusiyanın enerji resurslarından 90% asılı olan ölkə mavi yanacağı yalnız Azərbaycandan alıb. Litva prezidenti Gitanas Nauseda bu yaxınlarda Azərbaycana səfəri zamanı bildirib ki, onun ölkəsi bir gün Azərbaycan qazının onun ölkəsinə axmağa başlayacağını gözləyir. Rumıniyanın energetika naziri Virgil Daniel Popeskunun sözlərinə görə, Rumıniya Azərbaycan qazının ixracında maraqlıdır və bu istiqamətdə danışıqlar aparılır.

Bundan başqa, Xəzər dənizi külək enerjisi potensialına görə dünyada ikinci yerdədir. Bu yaxınlarda Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov Xəzər dənizində elektrik enerjisi istehsalı üçün potensialın olduğunu və bu gün Azərbaycanla Aİ arasında yaşıl enerji üzrə dialoqun aparıldığını bildirib. Bundan əlavə, Cənub Qaz Dəhlizi hidrogeni nəql etmək potensialına malikdir ki, bu da enerji keçidi və tamam ekoloji təmiz yanacaqlardan istifadə istiqamətində gələcək addımlar üçün vacibdir.

Azərbaycan erməni işğalından azad edilmiş ərazilərində alternativ enerji mənbələrinin inkişafına xüsusi diqqət yetirir. İşğaldan azad edilmiş torpaqların, xüsusən də Kəlbəcər və Laçının potensialı 9-10 min meqavatdır. Burada diqqət külək və günəş enerjisinə yönəlib. Dünyanın aparıcı enerji şirkətləri “ACWA Power” və “Masdar” ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda ümumi istehsal gücü 470 meqavat olan günəş və külək enerjisi ilə işləyən iki elektrik stansiyası tikilir və gələn il istifadəyə veriləcək. Xəzər dənizinin Azərbaycan sektorunun potensialı 150 min meqavatdır. Beləliklə, böyük enerji potensialı yaşıl enerji layihələrinin uğurla həyata keçirilməsi və regionda enerji təhlükəsizliyi üçün geniş perspektivlər vəd edir.