YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu gün ölkəmizdə enerji təhlükəsizliyi Prezident İlham Əliyevin xarici siyasət konsepsiyasının təməl prinsiplərindən biridir

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri

Müasir dünyada iqtisadiyyatın və əhalinin davamlı olaraq yanacaq-enerji resursları ilə təchizatı və enerji effektliyi problemi ölkənin enerji təhlükəsizliyinin əsasını təşkil edərək, dövlətin inkişaf səviyyəsinin mühüm göstəricilərindən biri hesab olunur. Azərbaycanda enerji təhlükəsizliyi sisteminin arxitekturası 1970-ci illərin əvvəllərində Azərbaycan Respublikasına rəhbərlik edən ümummilli lider Heydər Əliyev tərəfindən yaradılmışdır.1993-cü ildə xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyevin ilk işlərindən biri vaxtilə bünövrəsini qoyduğu enerji təhlükəsizliyi sistemini düşdüyü ağır vəziyyətdən xilas etmək oldu. Seçilən düzgün yol, aparılan gərgin iş öz bəhrəsini verdi. 1994-cü ildə Ümummilli Liderin qətiyyəti, güclü daxili və xarici siyasəti nəticəsində “Əsrin müqaviləsi” imzalandı. Məhz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ilk dəfə olaraq Azərbaycanda neft emalı üçün xüsusi proqram hazırlanmış və həyata keçirilməyə başlanmışdır. Həmin proqrama əsasən, yeni texnika və texnologiyaya malik zavodlar yaradılmış, təzə qurğular inşa olunmuşdur. Eyni zamanda, neftayırma zavodlarının yenidən qurulmasına başlandı.

Ötən əsrin 90-cı illərinin ortalarında Azərbaycan öz neftini nəql etmək üçün cəmi bir marşruta-Şimal marşrutuna malik idi. Hər hansı bir ölkədə istehsal olunan neft, təbii qaz o zaman xalqa və dövlətə səmərə verər ki, bu sərvət dünya bazarına çıxarıla bilsin. Ona görə də ulu öndər Heydər Əliyevin neft strategiyasının əsas istiqamətlərindən biri də Azərbaycan neftinin dünya bazarına nəqli yollarının dəqiq müəyyənləşdirilməsi idi. Bütün bu işləri həyata keçirən Heydər Əliyev dühası sanki Azərbaycanın bu gününü görürdü. Bilirdi ki, vaxt gələcək bu işlər müstəqil Azərbaycan dövlətinə və xalqına xidmət edəcəkdir.

Bu gün ölkəmizdə enerji təhlükəsizliyi Prezident İlham Əliyevin xarici siyasət konsepsiyasının təməl prinsiplərindən biridir. Ölkəmiz öz enerji resurslarını dünya bazarına çıxarmaqla yanaşı bölgədə əsas tranzit ölkəsi kimi də çıxış edir. Xəzərin enerji ehtiyatlarının Avropa üçün əsas alternativ enerji mənbəyinə çevrilməsi Azərbaycanın mövqelərini və Qərblə əməkdaşlığını daha da möhkəmləndirib. Azərbaycan dövləti hazırda kənar təsirlərdən asılı olmayan milli enerji sektorunun yaradılması və davamlı iqtisadi inkişafının təmin edilməsi məqsədilə çevik enerji siyasəti həyata keçirir.

İyunun 1-də 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılış mərasimində çıxışı zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyev bir daha qeyd edib ki, energetik müstəqilliyi və energetik təhlükəsizliyi təmin etmək, davamlı qorumaq ölkəmiz üçün daim dominant aktual vəzifə olaraq qalacaqdır. Hazırda Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi və nəzarəti sayəsində ölkəmizdə çox böyük həcmli infrastruktur layihələri həyata keçirilir. Statistik araşdırmalar və müşahidələr sübut edir ki, Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub və s. iri layihələrdə iştirakı bölgədə təhlükəsizliyin və sülhün qarantı, davamlı iqtisadi inkişafın təmınatçısı kimi həyati əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, neft bizim üçün məqsəd deyil, ölkəmizin qarşıya qoyduğu məqsədlərə çatması üçün bir vasitə roludur. Bu gün ölkədə mühüm qlobal proqramlar, irimiqyaslı layihələr, müxtəlif sahələri əhatə edən çoxsaylı dövlət proqramları həyata keçirilməkdədir ki, bütün bunlar da ən ümdə məqsədə - Azərbaycan dövlətinin iqtisadi qüdrətinin, nüfuzunun artmasına, beynəlxalq aləmdə ədalətli mövqeyinin təmin olunmasına, eləcə də ölkədə davamlı iqtisadi inkişafın bərqərar edilməsinə xidmət edir.